Bakı Dövlət Universitetində (BDU) Elm Gününə həsr olunmuş müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, f.-r.ü.f.d. Elçin Babayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda təsis edilmiş “Elm günü”nün əhəmiyyətindən, ölkədə elmin inkişafına göstərilən dövlət qayğısından danışıb.
BDU-nun “Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəliyi ilə birgə keçirdiyi müsabiqə barədə məlumat verən rektor seçimlərdə “Web of Science” bazasından istifadə edilməklə yanaşı, yeni yanaşmanın tətbiq edildiyini, təbiət və humanitar elmlər sahəsində çalışan alimlərin elmi nailiyyətlərinə görə qalib olduğunu diqqətə çatdırıb. E.Babayev növbəti illərdə daha fərqli yanaşmaların tətbiq ediləcəyini, alimlərin fəaliyyətlərində fərqlənmə prinsipinə üstünlük veriləcəyini qeyd edərək, BDU-nun tədqiqat universitetinə çevrilməsi istiqamətindəki hədəflərini açıqlayıb.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan elminə göstərilən diqqət və qayğıdan, 100 yaşlı Bakı Dövlət Universitetinin intellektual nəslin formalaşmasındakı rolundan bəhs edib. Akademik elm və təhsilin inteqrasiyası barədə fikirlərini bölüşüb.
Sonra qaliblərin adları açıqlanıb. Humanitar elmlər üzrə Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının professoru Aidə Qasımova, Təbiət elmləri üzrə Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov, Fizika problemləri ETİ-in aparıcı elmi işçisi, dosent Şahin Ağayev, Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi ETL-in aparıcı elmi işçisi, dosent Kamran Mahmudov, Kimya fakültəsinin Zərif üzvi sintez ETL nəzdində olan rentgen quruluş analiz laboratoriyasının böyük elmi işçisi Günay Məmmədova və Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva 35 yaşı tamam olmamış elmi-tədqiqatçılar arasında fərqlənərək müsabiqənin qalibi olublar.
Qaliblərə sertifikatlar təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.