Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

21.05.2019 15:53
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə: “AMEA ilə REA arasında imzalanan müqavilə Azərbaycan elmi üçün yeni və uğurlu prioritet istiqamətlər açır”

Akademik Akif Əlizadə: “AMEA ilə REA arasında imzalanan müqavilə Azərbaycan elmi üçün yeni və uğurlu prioritet istiqamətlər açır”

AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətində Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyev ilə keçirilən görüş çərçivəsində jurnalistlərə müsahibə verib. Bu görüşü əlamətdar hadisə kimi qiymətləndirən alim rəhbərlik etdiyi qurumla REA arasında imzalanan müqavilədən və əməkdaşlıq perspektivlərindən söz açıb. Bildirib ki, bu gün imzalanan elmi-texniki əməkdaşlıq haqqında saziş gələcəkdə REA ilə texniki və humanitar istiqamətlərdə əlaqələri genişləndirmək və gücləndirmək məqsədini daşıyır: “REA prezidentinin AMEA-ya gəlişi bizim bu elm ocağı ilə 20 il öncə imzaladığımız müqaviləni təkmilləşdirərək, dünya elminin tələblərini əks etdirən yeni sazişə çevirməyə imkan verdi”.

AMEA ilə REA arasında imzalanan müqavilənin Azərbaycan elmi üçün yeni və uğurlu prioritet istiqamətlər açdığını vurğulayan akademik A.Əlizadə birinci istiqamətin Xəzər dənizi ilə bağlı problemlərin öyrənilməsi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, buraya Xəzərin bioloji müxtəlifliyi, geologiyası, geodinamikası, dib çöküntülərinin öyrənilməsi, eləcə də rusiyalı alimlərlə birgə Xəzər dənizində arxeoloji axtarışlarla əlaqədar kompleks multidissiplinar tədqiqatların aparılması daxildir.

AMEA prezidentinin sözlərinə görə, saziş çərçivəsində, həmçinin Qafqazın tarixi, burada insanların məskunlaşması, miqrasiyası və digər istiqamətlərdə ortaq tədqiqatların aparılması nəzərdə tutulur.

Akademik A.Əlizadə dənizaltı arxeoloji, sahil arxeoloji, eləcə də arxeogenetik tədqiqatların müasir dövrdə böyük aktuallıq təşkil etdiyini bildirərək bu kimi elmi problemlərin də birgə araşdırılmasının qarşıda duran əsas hədəflərdən olduğunu deyib.

AMEA ilə REA arasında qurulan elmi əlaqələrin hər iki ölkənin rəhbərliyi tərəfindən dəstəkləndiyini qeyd edən alim gələcəkdə daha uğurlu elmi nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: