Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qarabağın təbii sərvətləri: 2 mindən çox yaşı olan ağaclar təbiət abidəsi kimi qeydə alınıb
18.08.2026 11:05
  • A-
  • A
  • A+

Qarabağın təbii sərvətləri: 2 mindən çox yaşı olan ağaclar təbiət abidəsi kimi qeydə alınıb

Müasir araşdırmalar Azərbaycanda 5000-dən çox sporlu və toxumlu bitkilərin olduğunu göstərir.

Bu barədə müsahibəsində Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva bildirib.

Onun sözlərinə görə, hazırda bitki sistematikası və coğrafiyasında mühüm dəyişikliklərdən biri də endemik bitkilərin statusunun yenidən qiymətləndirilməsi ilə bağlıdır. Əvvəlki flora əsərlərinin hazırlandığı dövrdə endemik hesab edilən bəzi bitkilərin sonrakı floristik tədqiqatlar nəticəsində qonşu ölkələrin təbii florasında da yayıldığı müəyyən edilib. Bu isə həmin taksonların yalnız Azərbaycan florasına məxsus olmadığını göstərir və onların endemik statusunun yenidən nəzərdən keçirilməsini zəruri edir. Bununla yanaşı, aparılan sonrakı araşdırmalar zamanı əvvəllər endemik hesab edilən bəzi taksonların müstəqil və etibarlı növ statusuna malik olmadığı, digər növlərlə taksonomik baxımdan eynilik təşkil etdiyi və onların sinonimi kimi qəbul edilməsinin daha məqsədəuyğun olduğu müəyyənləşdirilib. Müasir sistematik və nomenklatur yanaşmaların tətbiqi nəticəsində Azərbaycan florasında endemik hesab edilən bitkilərin sayı əvvəlki göstəricilərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Alim vurğulayıb ki, floristik tədqiqatların müasir metodlarla davam etdirilməsi Azərbaycan florasının növ tərkibinin, taksonomik strukturunun, areallarının və endemizm səviyyəsinin daha dəqiq müəyyənləşdirilməsinə imkan verir. Bu baxımdan yeni məlumatların “Azərbaycan florası”nın növbəti nəşrlərində və ayrı-ayrı regionların flora konspektlərində öz əksini tapması mühüm elmi əhəmiyyət kəsb edir. Ölkədə biomüxtəlifliyin genetik ehtiyatlarını daim qorumaq və müasir vəziyyətini təyin etmək üçün floristik və sistematik araşdırmalara ehtiyac var. Əsas forma müxtəlifliyinin mərkəzləri, irsi müxtəlifliyin paylanma təbiəti, növlərin formalaşma intensivliyi sistemli tədqiqatlarla müəyyən edilməlidir. İşğala məruz qalan botaniki-coğrafi rayonlarda yayılan bitki növləri, onların populyasiya göstəriciləri, arealları barədə son məlumatlar yalnız 2020-ci ildə torpaqlarımız işğaldan azad edildikdən sonra aparılan (2021-2025) tədqiqatlar nəticəsində əldə edilib.

“Tədqiqatlar yalnız minalardan təmizlənmiş ərazilərdə aparılıb. Qarabağın təbiətinə göstərilən antropogen təsirlər nəticəsində bir sıra qiymətli bitki növlərinin fərdlərinin sayı kəskin azalıb, bəzi növlər isə tamamilə məhv olmaq təhlükəsi ilə üzləşib. Lakin bütün bu çətinliklərə baxmayaraq, fəaliyyətimizi davamlı şəkildə həyata keçirmişik. Görülən işlərin nəticəsi olaraq respublikada nadir və məhvolma təhlükəsi qarşısında olan bitki növlərinin qorunub saxlanılması məqsədilə bir sıra praktiki tədbirlərdən ibarət fəaliyyət planı hazırlanıb və həyata keçirilib. Bu istiqamətdə görülən mühüm işlər sırasında “Qarabağın nadir və nəslikəsilməkdə olan bitkiləri” haqqında məlumat kitabının, Böyük Qayıdışa töhfə olaraq Qarabağ ərazisinin rayonları üzrə dərman bitkilərinə dair 5 broşürün, həmçinin baytarlıq, quşçuluq və arıçılığın inkişafına dəstək məqsədilə 6 bukletin hazırlanmasını xüsusi qeyd etmək olar. Ən mühüm nailiyyətlərimizdən biri isə 2024-cü ildə 90 ildən sonra ilk dəfə “Qarabağ florası” adlı fundamental əsərin işıq üzü görməsidir. Bu əsər Qarabağın zəngin bitki örtüyünün öyrənilməsi, nadir və təhlükə qarşısında olan bitki növlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm elmi əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.

Professor əlavə edib ki, respublika ərazisində Qarabağa xas tipik landşaftlar yaxşı qorunub saxlanılıb, xüsusi gözəlliyi ilə seçilən təbiət guşələri, endemik və relikt bitki növləri, çoxyaşlı ağaclar, bağ-park sənəti nümunələri, şəlalələr, mağaralar, nadir göllər, yeraltı su çuxurları, kəhrizlər və digər diqqətəlayiq təbii obyektlər təbiət abidələri kimi qeydə alınıb. Qarabağ ərazisində 2000-dən çox yaşı olan çoxillik ağaclar da təbiət abidələri sırasına daxil edilib. Bu ağaclar arasında Şərq çinarı, şam, şabalıd, armud, fıstıq, palıd, tut, cökə, şümşad və digər ağac növləri xüsusi əhəmiyyət daşıyır. Bu nadir və uzunömürlü ağaclar Qarabağın təbii irsinin mühüm tərkib hissəsi olmaqla yanaşı, regionun biomüxtəlifliyinin və tarixi-landşaft xüsusiyyətlərinin qorunub saxlanılmasında böyük rol oynayır.

AzərTac

  • Paylaş: