Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.11.2026 11:08
  • A-
  • A
  • A+

Alim: İrəvandakı Göy məscid Azərbaycan xalqının dini-mədəni irsinin ayrılmaz parçasıdır

Alim: İrəvandakı Göy məscid Azərbaycan xalqının dini-mədəni irsinin ayrılmaz parçasıdır

İndiki Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Göy məscid Azərbaycan xalqının zəngin dini-mədəni irsinin mühüm nümunələrindən biridir. XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın təşəbbüsü ilə inşa edilən bu tarixi abidənin ilkin kimliyinin və Azərbaycan xalqının tarixi-mədəni irsi ilə bağlılığının qorunması xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri açıqlamasında AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib.

O qeyd edib ki, 1766-cı ildə tikildiyi göstərilən Göy məscid İrəvanın ən böyük məscidi olmaqla yanaşı, şəhərin çoxəsrlik müsəlman-türk mədəni mühitinin mühüm göstəricilərindən biridir. Məscidin inşa tarixi ilə bağlı müxtəlif tədqiqatçıların fərqli fikirləri olsa da, onun XVIII əsrin ikinci yarısına aid olduğu mübahisə doğurmur. Corc Burnutyan məscidin 1762-1783-cü illərdə, Vladimir Arutunyan isə 1764-1768-ci illərdə inşa edildiyini qeyd edir. İrəvanın ən böyük məscidi hesab olunan Göy məscid öz memarlıq üslubu, geniş həyəti, ibadət zalı, kitabxanası və 28 hücrəsi ilə seçilirdi. Çar Rusiyası dövründə şəhərdə azərbaycanlı müsəlmanların dini ehtiyaclarını qarşılayan səkkiz məsciddən biri olan bu abidə İrəvanın mərkəzi cümə məscidi funksiyasını daşıyırdı. Lakin sonrakı dövrlərdə məscid ağır sınaqlarla üzləşdi. Sovet hakimiyyətinin dinə qarşı apardığı siyasət nəticəsində onun minarələrinin bir hissəsi söküldü, binasının bəzi bölmələri başqa məqsədlər üçün istifadə edildi. İbadət məkanı əvvəlcə planetariyə, daha sonra isə müxtəlif mədəni-maarif məqsədlərinə uyğunlaşdırıldı. 1995-2006-cı illərdə İran şirkətlərinin iştirakı ilə bərpa edilən məscid bu gün də İrəvandakı nadir tarixi islam abidələrindən biridir.

O vurğulayıb ki, Göy məscidin tarixi əhəmiyyəti yalnız onun memarlıq xüsusiyyətləri ilə məhdudlaşmır. Bu abidə İrəvan şəhərinin çoxəsrlik müsəlman-türk mədəni mühitinin mühüm göstəricisidir. XX əsrdə bölgədə baş verən siyasi və demoqrafik dəyişikliklər, azərbaycanlı əhalinin doğma yurdlarından kütləvi şəkildə deportasiyası və məscidlərin taleyi bu tarixi irsin qorunması məsələsini daha da aktuallaşdırır. İngilis tədqiqatçısı Tom de Vaalın da diqqət çəkdiyi məqamlardan biri məhz tarixi terminologiya məsələsidir. XX əsrə qədər bölgədə yaşayan azərbaycanlıların müxtəlif mənbələrdə “tatar”, “türk” və ya “müsəlman” adlandırılması onların müasir Azərbaycan xalqı ilə tarixi bağlılığının bəzən kölgədə qalmasına səbəb olub. Bu səbəbdən İrəvanın müsəlman abidələrinin tarixi araşdırılarkən həmin dövrün etnik və dini terminologiyasına obyektiv yanaşmaq xüsusi əhəmiyyət daşıyır. Bu gün isə Göy məscidin ətrafında yenidən ciddi müzakirələrə səbəb olan hadisə baş verib. Məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi və bununla bağlı lövhənin açılış mərasiminin keçirilməsi tarixi abidənin kimliyi və təyinatı məsələsini gündəmə gətirib. Tədbirdə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin iştirak etməsi də məsələnin diqqətdən kənarda qalmamasını zəruri edir. Növbəti mərhələdə həmin zalda şairin büstünün yerləşdirilməsinin nəzərdə tutulması isə narahatlığı daha da artırır. Əlbəttə, hər hansı tarixi məkanda ədəbiyyat və mədəniyyət xadimlərinin xatirəsinin yad edilməsinə prinsip etibarilə qarşı çıxmaq olmaz. Lakin söhbət XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilmiş, tarixi-memarlıq və dini kimliyi olan Göy məsciddən gedirsə, burada əsas məsələ abidənin ilkin mahiyyətinin, tarixi mənsubiyyətinin və dini funksiyasının qorunmasıdır. Məscidin xarici qonaqlara “Fars məscidi” kimi təqdim edilməsi, onun Azərbaycan xalqının tarixi-mədəni irsi ilə bağlılığının arxa plana keçirilməsi ciddi narahatlıq doğurur. İranın bərpa prosesində iştirak etməsi də bu tarixi abidənin Azərbaycan xalqının tarixindəki yerini dəyişmir. Abidənin inşa edildiyi dövrün siyasi, tarixi və mədəni reallıqları obyektiv şəkildə təqdim olunmalıdır.

Əpoş Vəliyev, həmçinin vurğulayıb ki, Göy məscidə erməni şairinin adının verilməsi təşəbbüsünü də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Tarixi abidənin mərasim zalına başqa bir şəxsin adının verilməsi onun ilkin kimliyini dəyişdirməməlidir. Lakin belə addımların məscidin Azərbaycan-türk tarixi ilə bağlılığını kölgədə qoymaq və onun tarixi mahiyyətini ikinci plana keçirmək məqsədi daşıması ehtimalı ciddi suallar yaradır. Tarixi abidələr xalqların siyasi maraqlarına uyğun şəkildə yenidən adlandırılmalı və təqdim edilməməlidir. Onların qorunması, tarixi həqiqətlərin obyektiv şəkildə araşdırılması və gələcək nəsillərə olduğu kimi çatdırılması beynəlxalq mədəni irs prinsiplərinin tələbidir.

O əlavə edib ki, İrəvanın Göy məscidi Azərbaycan xalqının tarixi yaddaşının, dini-mədəni irsinin və memarlıq ənənələrinin ayrılmaz bir parçasıdır: “Bu abidənin tarixi kimliyinin arxa plana keçirilməsini, Azərbaycan irsinin başqa ad və mənsubiyyət altında təqdim olunmasını, eləcə də mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsini qətiyyətlə pisləyirik. Tarixi məscidin adı, mahiyyəti və keçmişi siyasi və ideoloji məqsədlərə qurban verilməməlidir. Heç bir ad lövhəsi, siyasi qərar və təbliğat cəhdi bu abidənin tarixini və Azərbaycan xalqının İrəvanın mədəni irsindəki izlərini silə bilməz”.

AzərTac

  • Paylaş: