Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2018-ci il 14 mart tarixli 94 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyrihökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetası, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında” 2008-ci il 1 iyul tarixli 149 nömrəli və “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” 2017-ci il 16 noyabr tarixli 494 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1260 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 604, № 5, maddə 1115; 2019, № 2, maddə 365; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 325 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu Qərarın 1-7-ci və 9-18-ci əlavələrdə göstərilən vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 8-ci və 19-cu əlavələrində göstərilən vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 40 manat məbləğində əlavələr ödənilsin.”;
1.2. həmin Qərarla təsdiq edilmiş 1-19 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyrihökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetası, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 1 iyul tarixli 149 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 671; 2009, № 2, maddə 147; 2013, № 6, maddə 754) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adından “və aylıq vəzifə maaşları” sözləri çıxarılsın;
2.2. 1-ci hissəsindən “və işçilərinin aylıq vəzifə maaşlarının sxemi” sözləri çıxarılsın və həmin hissədə “müvafiq olaraq 1 və 2 nömrəli əlavələrinə” sözləri “1 nömrəli əlavəsinə” sözləri ilə əvəz edilsin.
3. “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 noyabr tarixli 494 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2158; 2018, № 3,maddə 618; 2019, № 4, maddə 749) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adından “və aylıq vəzifə maaşlarının təsdiq edilməsi” sözləri çıxarılsın;
3.2. 2-ci hissəsi ləğv edilsin.
4. Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1 nömrəli əlavə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşlarının CƏDVƏLİ
Yeni cədvələ əsasən AMEA-nın prezidentinin aylıq vəzifə maaşı 2570 manat, AMEA-nın 1-ci vitse-prezidentinin maaşı 1780 manat, AMEA-nın vitse-prezidenti, akademik katibinin maaşı 1645 manat, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik – katibinin maaşı 1230 manat, idarə rəisinin maaşı 1190 manat, AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavininin maaşı 1150 manat, idarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisinin maaşı 980 manat, qeyri-əsas şöbənin rəisinin maaşı 715 manat, qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisinin maaşı 675 manat, baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdirinin maaşı 630 manat, aparıcı mütəxəssisin maaşı 570 manat, mütəxəssisin maaşı 520 manat, arxiv müdiri, təsərrüfat müdirinin maaşı 385 manat, avtomobil sürücüsünün maaşı 320 manat, böyük arxivçi, böyük inspektorun maaşı 310 manat, arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar, kadrlar üzrə inspektorun maaşı 295 manat, texnik, komendant, laborantın maaşı 270 manat, bağban, gözətçi, dülgər, rəngsaz, təmirçi-çilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşı 260 manat müəyyən olunub.