Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.02.2020 18:42
  • A-
  • A
  • A+

Azərbaycanın iqtisadi rayonlarında həyat keyfiyyətinin qiymətləndirilməsinə dair kompleks tədqiqatlar aparılıb

Azərbaycanın iqtisadi rayonlarında həyat keyfiyyətinin qiymətləndirilməsinə dair kompleks tədqiqatlar aparılıb

Fevralın 27-də AMEA-nın Əsas binasında İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda həyat keyfiyyəti – 2018: iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların reytinqi” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə elmin inkişafı, prioritet sahələr üzrə akademiyanın institutlarında aparılan tədqiqatlar və həyata keçirilən layihələr barədə danışıb. Bildirib ki, müxtəlif sahələr üzrə aparılan tədqiqatların əksəriyyəti ölkəmizdə əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, regionların iqtisadi inkişafına xidmət edir. 

Alim qeyd edib ki, AMEA rəhbərliyi Prezident İham Əliyevin müvafiq tapşırıqlarına əsasən aparılan islahatlara dəstək vermək məqsədilə Humanitar və İctimai Elmlər Bölməsi qarşısında da vəzifələr qoyub.  Ölkə başçısının  “Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 8 noyabr 2016-cı il tarixli Sərəncamından irəli gələrək həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən sahibkarların müraciətləri əsasında rezidentlər müəyyən olunub: “Onlar iqtisadi proseslərə dəstək vermək məqsədilə ölkəmizin sosial-iqtisadi inkişafı üçün AMEA-da müxtəlif istiqamətlər üzrə aparılan tədqiqatlarda yaxından iştirak edirlər”.

AMEA-nın vitse-prezidenti “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa sahibkarlıq üçün geniş imkanların açılmasına dair xüsusi maddənin əlavə olunduğunu, eyni zamanda Azərbaycanda sosial-iqtisadi inkişafı istiqamətləndirən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə elmin bu sahəyə dəstəyi məsələlərinə yer ayrıldığını qeyd edərək, bu yöndə alimlərimizin üzərinə böyük vəzifələrin düşdüyünü vurğulayıb.

O, AMEA alimləri tərəfindən yerli xammal əsasında kimyəvi tərkibə malik olmayan gübrənin istehsal olunduğunu, daha keyfiyyətli və səmərəli işıq lampalarının hazırlandığını, dronların elektron sxeminin qurulduğunu, Naftalan yağının alındığını, nəqliyyatda istifadə olunan ekoloji təmiz məhsulların əldə edildiyini diqqətə çatdırıb.

İqtisadi sahədə də fundamental tədqiqatların nəticələrinin tətbiq olunmasının zəruriliyi məsələsinə toxunan alim bu sahədə fəaliyyət göstərən alimlərin praktiki işlərə daha çox üstünlük verdiyini qeyd edib. O, AMEA-nın İqtisadiyyat İnstitutunun ölkənin bank-maliyyə bazarının tənzimlənməsi ilə bağlı bank sektoru nümayəndələri ilə birgə layihələr həyata keçirdiyini vurğulayıb. Bundan başqa, akademik İ.Həbibbəyli AMEA-da əhalinin sosial müdafiəsinin daha səmərəli təşkili ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işlərin icra olunduğunu əlavə edib.

Alim həyat keyfiyyətini müəyyən etmək meyarları üzrə aparılan təhlillərin əhəmiyyətini vurğulayıb, müzakirələr zamanı bu işlərin daha da konkretləşdiriləcəyini, elmiləşdiriləcəyini və təkmilləşdiriləcəyini bildirib. 

Çıxışının sonunda İsa Həbibbəyli tədqiqatın nəticələrinin kitab şəklində nəşr olunduğunu diqqətə çatdırıb.

Sonra iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov “Azərbaycanda həyat keyfiyyəti – 2018: iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların reytinqi” mövzusunda təqdimatla çıxış edib. Məruzədə Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş kompleks tədqiqatın nəticələri təqdim olunub.

Qeyd edilib ki, qiymətləndirmələr institutun mütəxəssisləri tərəfindən hazırlanmış Həyat Keyfiyyəti İndeksi (HKİ) əsasında aparılıb. Araşdırma ölkənin 8 iqtisadi rayonunu, həmin regionlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonu əhatə edir.

Pərviz Həsənov bildirib ki, Azərbaycanın iqtisadi rayonlarının, respublika tabeli şəhərlərin və inzibati rayonlarının həyat keyfiyyəti üzrə reytinqi 7 sub-indeksdə qruplaşdırılıb və 36 göstərici əsasında tərtib edilib. Həmin sub-indekslərə maddi rifah, sağlamlıq, təhsil, təhlükəsizlik, ailə möhkəmliyi, ekologiya və asudə vaxt imkanları daxildir.

Məruzəçi əlavə edib ki, təhlillərə görə Azərbaycanda həyat keyfiyyətinin ən yüksək olduğu bölgə Naxçıvan Muxtar Respublikasıdır. Şəhər və rayonların sıralamasında birinci yeri sub-indekslərin əksəriyyəti üzrə Naxçıvan şəhəri tutur. Muxtar respublikanın digər 6 rayonu (Ordubad, Sədərək, Babək, Şərur, Şahbuz və Kəngərli) 2-7-ci yerlərdədir. Üçüncü yerdə qərarlaşmış Sədərək rayonunun sub-indekslər üzrə mövqeləri isə nisbətən az balanslıdır.

“Ölkənin iqtisadi rayonlarına gəlincə, onların həyat keyfiyyəti üzrə sıralamasında da birinci yeri Naxçıvan Muxtar Respublikası tutur. Lənkəran rayonu isə ailə möhkəmliyi sub-indeksinə görə Dağlıq Şirvan iqtisadi rayonu ilə 1-2-ci yerləri bölüşür.” – deyə P.Həsənov bildirib.

Diqqətə çatdırılıb ki, bu tipli bölgələrarası müqayisəli tədqiqatlar mühüm elmi məsələlərin həllinə kömək etməklə yanaşı, ciddi praktik əhəmiyyət daşıyır. Alim onların nəticələrinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı qərarların qəbulunda, sosial-iqtisadi proqramların tərtibində, o cümlədən rayonlara əlavə dövlət vəsaitlərinin verilməsində faydalı olacağını bildirib. P.Həsənov Azərbaycanın iqtisadi rayonlarının, respublika tabeli şəhərlərin və inzibati rayonların həyat keyfiyyəti üzrə reytinqinin geniş ictimai müzakirələrə səbəb olacağına əminliyini ifadə edib.

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, i.e.d. Vüsal Qasımlı, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, millət vəkili Əli Məsimli, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovİdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov və digər çıxış edənlər Azərbaycanda həyat səviyyəsinin iqtisadi-sosial cəhətdən regional qiymətləndirilməsinin vacibliyini vurğulayıb, yerinə yetirilmiş tədqiqat işini yüksək dəyərləndiriblər. Çıxış edənlər ölkəmizdə iqtisadi inkişaf və sosial həyatla bağlı vacib amilləri diqqətə çatdırıb, təhsil və səhiyyənin insan kapitalının inkişafında rolunu xüsusi qeyd ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: