Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.05.2026 17:14
  • A-
  • A
  • A+

Müasirlik və arxaika arasında: Folklor İnstitutunda Elmir Mirzəyevin elmi məruzəsi müzakirə olunub

Müasirlik və arxaika arasında: Folklor İnstitutunda Elmir Mirzəyevin elmi məruzəsi müzakirə olunub

AMEA Folklor İnstitutunda tanınmış musiqişünas, bəstəkar və publisist Elmir Mirzəyevin müəllifi olduğu “Zwischen Moderne und Archaik”: Transregionale Spannungen in der Musikkultur Aserbaidschans im 20. Jahrhundert (“Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər”) adlı kitabın təqdimatı və eyni mövzuda elmi seminar keçirilib.

Hibrid formatda təşkil edilən seminarda institut əməkdaşları, doktorant və dissertantlarla yanaşı, Xəzər Universiteti və Bakı Slavyan Universitetindən tədqiqatçılar iştirak edib.

Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev tanınmış musiqişünas, bəstəkar və publisist Elmir Mirzəyevin Folklor İnstitutunda keçirilən elmi seminarda iştirakını yüksək qiymətləndirərək belə görüşlərin humanitar elmlər sahəsində fikir mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.

Hikmət Quliyev folklorşünaslıqda müasir qlobal paradiqma dəyişikliklərindən bəhs edib. O qeyd edib ki, çağdaş folklor tədqiqatlarında sosial antropoloji və sosial-mədəni yanaşmalar mühüm yer tutur. Bildirilib ki, klassik filoloji ənənədə folklor əsasən şifahi mətnlərlə əlaqələndirilsə də, müasir folklorşünaslıqda musiqi, ritm, performativlik və etnoqrafik kontekst də araşdırmaların əsas komponentləri hesab olunur.

Direktor çıxışında elmi-texnoloji tərəqqi, şəhərləşmə və sənayeləşmə proseslərinin, ümumilikdə informasiya və sənaye inqilablarının sosial-mədəni mühitə, eləcə də  folklor yaradıcılığına təsirindən danışıb. Alim qeyd edib ki, ənənəvi folklor, şərti şəkildə desək, kənd mühitini, üz-üzə ünsiyyətdə yaranan xalq biliyini ehtiva edir və uzun müddət Azərbaycan folklorşünaslığı həmin mühiti tədqiq edib. Lakin beynəlxalq təcrübə onu deyir ki, kənd mühiti sosial-demoqrafik proseslərin, urbaniasiya, sənayeləşmənin təsiri ilə şəhər mühitinə transformasiya olunur və hər bir mühitin xalq yaradıcılığı özünəməxsus spesifika daşıyır. Şübhəsiz ki, son illərdə virtual folklor və şəhər folkloru istiqamətində aparılan tədqiqatlar yeni elmi yanaşmalar formalaşdırıb. Azərbaycanda folklor yaradıcılığı prosesinin kənddən şəhərə doğru transformasiyasında Bakı şəhərinin sənaye mərkəzi kimi roluna toxunan Hikmət Quliyev bu mühitin multikultural və müultietnik xarakterindən bəhs edib. Alim xüsusilə də neft bumundan sonra paytaxtın sənaye və mədəni mərkəz kimi formalaşması kontekstində şəhərin subkultural təbiətinə diqqəti cəlb edib. Direktor elmi-texnoloji tərəqqi, sənayeləşmə, şəhərləşmə prosesləri zəminində şəhər mühitinin spesifik mahiyyət kəsb etdiyini və Azərbaycan mədəniyyətində folklor, ədəbiyyat və musiqinin qarşılıqlı əlaqəsini qeyd edib.

Daha sonra məruzə ilə çıxış edən Elmir Mirzəyev əvəlcə özünün Almaniyada nəşr olunan “Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər” adlı kitabından bəhs edib. Məruzəçi Azərbaycan mədəniyyətinin tarixi transformasiya proseslərini, xüsusilə XIX–XX əsrlərdə musiqi və ümumi mədəniyyət sahəsində baş verən dəyişiklikləri geniş elmi kontekstdə şərh edib. O qeyd edib ki, Alman dilində yazdığı kitab yalnız musiqişünaslıq çərçivəsi ilə məhdudlaşmır, daha çox Azərbaycanın tarixi, mədəniyyəti və milli identikliyi ilə bağlı prosesləri xarici elmi auditoriyaya təqdim edən kompleks tədqiqatdır. Məruzəçi vurğulayıb ki, bu yanaşma milli mədəniyyətin beynəlxalq elmi diskursda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Elmir Mirzəyev çıxışında “Azərbaycan” anlayışının tarixi-coğrafi köklərinə toxunaraq XII əsrdə ərəb coğrafiyaşünası Əl-İdrisinin Siciliya kralı II Rocer üçün hazırladığı “Karta Rogeriana” xəritəsində “Azərbaycan” adının əks olunduğunu diqqətə çatdırıb. O bildirib ki, həmin xəritədə Xəzər dənizi, Dərbənd, Muğan, Ərdəbil, Təbriz və Şamaxı kimi şəhərlərin göstərilməsi Azərbaycanın tarixi-coğrafi baxımdan daha geniş bir məkana aid olduğunu sübut edir. Məruzədə bu faktın Azərbaycanın müasir dövlət sərhədlərindən kənara çıxan qədim mədəni-coğrafi məna daşıdığı vurğulanıb.

Daha sonra məruzəçi XIX əsrdə Rusiya imperiyasının regiona daxil olması ilə başlayan kolonial dövrün yaratdığı sosial-mədəni dəyişikliklərdən bəhs edib. O qeyd edib ki, Azərbaycan İran və Osmanlı imperiyaları arasında periferik bir məkana çevrilərək siyasi və mədəni təzyiq mühitinə daxil olub, Bakı isə neft sənayesinin inkişafı ilə imperiya iqtisadiyyatının əsas mərkəzlərindən birinə çevrilib. Bu proses yerli əhali üçün ciddi identiklik və mədəni transformasiya stressi yaradıb.

Elmir Mirzəyev çıxışında bu dövrdə formalaşan intellektual reaksiyalardan da danışıb. O, Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadə kimi maarifçi-satirik ənənənin cəmiyyətdə tənqidi düşüncənin formalaşmasında mühüm rol oynadığını bildirib. “Molla Nəsrəddin” məktəbinin xalq dilinə dönüş və sosial tənqid baxımından yeni bir mərhələ açdığı qeyd olunub.

Məruzədə həmçinin Üzeyir Hacıbəylinin yaradıcılığı xüsusi vurğulanıb. Bildirilib ki, “Leyli və Məcnun” operası Şərq muğam ənənəsi ilə Qərb opera musiqisinin sintezində unikal bir hadisədir və Azərbaycan musiqisinin dünya mədəniyyətində yeni estetik model kimi formalaşmasına şərait yaradıb. Məruzənin sonunda urbanizasiya, elmi-texnoloji tərəqqi, səsyazma texnologiyalarının yaranması və şəhər mədəniyyətinin inkişafı nəticəsində Azərbaycan musiqisinin modernləşmə prosesinin sürətləndiyi qeyd olunub və bu prosesin imperiya təzyiqləri fonunda milli mədəniyyətin özünü yenidən qurma strategiyası kimi dəyərləndirildiyi bildirilib.

Seminar iştirakçıları mövzu ilə bağlı fikir mübadiləsi aparıb, müəllif tərəfindən səsləndirilən elmi yanaşmalar ətrafında müzakirələr keçiriblər.

Müzakirələrdə filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova, filologiya elmləri doktoru, dosent Şakir Albalıyev, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu, eləcə də filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər çıxış edərək məruzə ətrafında elmi qeydlərini, əlavə mülahizələrini və mövzuya dair rəylərini bildiriblər.

Çıxış edənlər kitabın Azərbaycan musiqi mədəniyyətinin nəzəri və müqayisəli aspektlərinin araşdırılması baxımından mühüm elmi əhəmiyyət daşıdığını qeyd ediblər. Bildirilib ki, nəşrdə XX əsr Azərbaycan musiqi mühitində baş verən transformasiya prosesləri, ənənə və modernləşmə arasındakı münasibətlər geniş elmi kontekstdə təhlil olunur.

Seminarın sonunda Folklor İnstitunun direktoru Hikmət Quliyev qonağa institutda nəşr olunan kitabları və simvolik hədiyyəni təqdim edib və xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: