Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2026 15:58
  • A-
  • A
  • A+

“Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda yaz məktəbi keçirilib

“Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda yaz məktəbi keçirilib

AR ETN Botanika İnstitutunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda yaz məktəbi elmi simpoziumu keçirilib.

Simpoziumun əsas məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycanın təbiətinin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyətin təbliği və elmi müstəvidə təhlili olub.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Botanika İnstitutunun gənc alim və doktorantları, Botanika Cəmiyyəti İctimai Birliyinin üzvləri, ADPU-nin Kimya və biologiya fakültəsinin rəhbərliyi və tələbələri, həmçinin “Bir Könüllü” Tələbələrin Əməkdaşlıq İctimai Birliyinin üzvləri, alimlər, doktorantlar, magistrlər, bakalavrlar və şagirdlər iştirak ediblər.

Tədbirin açılış mərasimində Botanika İnstitutunun direktoru v.i.e. biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva çıxış edərək yaz məktəbinin əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin ölkədə ekoloji siyasətin formalaşdırılmasında və təbiətin mühafizəsində oynadığı roldan bəhs edib. Professor qeyd edib ki, H.Əliyevin təşəbbüsləri nəticəsində Azərbaycanda biomüxtəlifliyin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və ekoloji tarazlığın təmin olunması istiqamətində mühüm və davamlı addımlar atılıb.

2 gün davam edən yaz məktəbi çərçivəsində gənc tədqiqatçılar biomüxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf, ekoloji problemlərin həlli və təbii ehtiyatlardan səmərəli istifadə istiqamətlərində aktual mövzularla çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ekologiyanın mühafizəsinə yönəlmiş fəaliyyətindən bəhs ediblər. Tədbir zamanı iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, səsləndirilən suallar ətraflı cavablandırılıb.

Simpoziumun sonunda məruzəçilərə sertifikatlar təqdim olunub. Tədbir Botanika İnstitutunun gənc mütəxəssisləri tərəfindən hazırlanmış sərginin nümayişi ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: