AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsində elmi seminar keçirilib.
Seminarda şöbə əməkdaşları ilə yanaşı, Nəşriyyat şöbəsinin əməkdaşları da iştirak ediblər. Elmi seminarda şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Qurbanov “Aşıq Qənbər – mühitin fərqli sənətkarı” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Ağbaba-Şürəyel aşıq mühitinin özünəməxsus nümayəndələrindən olan Aşıq Qənbərin həyat və yaradıcılığı, sənətkarlıq xüsusiyyətləri, ictimai mövqeyi və dini dünyagörüşü haqqında məlumat verilib. Bildirilib ki, bölgədə ona “Aşıq Qənbər”dən daha çox “Əbə” deyə müraciət edilməsi sənətkarın cəmiyyətdəki nüfuzunu, yaşlılara xas hörmət və ehtiramla qarşılandığını göstərir. Onun mərsiyə oxuması, imam ehsanı verməsi, namaz qılıb oruc tutması da dini-mənəvi dəyərlərə bağlılığının göstəricisi kimi diqqətə çatdırılıb.
Seminarda Aşıq Qənbərin sənətə gəlişi ilə bağlı rəvayətlərə də toxunulub. Qeyd edilib ki, sənətkarın öz söylədiklərinə əsasən, 1923–1924-cü illərdə Gümrü yaxınlığındakı Beş Müqəddəslər ziyarətgahında olduğu zaman yuxusunda ona aşıqlıq vergisi verilib. Bundan sonra şeir söyləməyə başlayan Qənbərə qardaşı Bayram saz alıb. O, əvvəlcə saz çalmağı müstəqil şəkildə öyrənib, sonralar isə Ağbabayi, Diyarbəkiri, Konyalı, Çıldır zinharısı, Ağbaba qaytarması və Ağbaba zarınçısı kimi havaları ifa edib.
Məruzədə sənətkarın şifahi söz yaradıcılığı, xüsusilə Ağbaba mühitində unudulmaqda olan “döşəmə” ənənəsinin yaşadılmasındakı rolu geniş təhlil olunub. Bildirilib ki, Aşıq Qənbər döşəmələrində yalnız poetik ifadə və improvizasiya bacarığını nümayiş etdirmir, eyni zamanda cəmiyyətdəki narazılıqları, münaqişələri və insanlar arasındakı münasibətləri də əks etdirirdi. Bu nümunələrdə şəxslərin adları çəkilmədən, dolayı və yumoristik ifadələrlə tənqid aparılır, tərəflərin barışmasına şərait yaradılırdı. Sənətkarın döşəməni təkrar söyləməmək qarşılığında verilən nəməri küskünlərin barışması şərtinə bağlaması onun yaradıcılığının ictimai funksiyasını aydın göstərir.
Tacir Qurbanov Aşıq Qənbərin qaravəlli söyləmək məharətindən də bəhs edib. Qeyd olunub ki, sənətkarın yaratdığı qaravəllilər yalan, mübaliğə və gözlənilməz hadisələr üzərində qurulur, dinləyicidə yumoristik təsir yaradırdı. Bu nümunələrdə bir hadisədən digərinə məntiqi baxımdan gözlənilməz keçidlər edilməsi aşıqdan xüsusi improvizasiya qabiliyyəti və söz ustalığı tələb edirdi.
Seminarda Aşıq Qənbərin “Qırx yolux qaz” döşəməsi də təhlil edilib. Real bir hadisə əsasında qurulan bu nümunədə qazların şərab içərək sərxoş olması, ölü hesab edilərək tüklərinin yolunması və soyuqda yenidən hərəkətə gəlməsi yumoristik təsvirlərlə təqdim olunur. Bu nümunə sənətkarın gündəlik həyatda baş verən hadisələri bədii sözə çevirmək, müşahidələrini hazırcavablıq və mübaliğə ilə zənginləşdirmək bacarığını nümayiş etdirir.
Məruzənin sonunda Aşıq Qənbərin yaradıcılığının Ağbaba aşıq mühitinin şifahi ənənələrinin öyrənilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.