AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Tarixin yaddaşında Zəfər və Bayraq” adlı mədəni-maarifləndirici tədbir keçirilib.
Tədbir AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Elmi Ekspozisiyanın təşkili” şöbəsi nəzdində fəaliyyət göstərən Arxeoloji Dərnəyin təşkilatçılığı ilə baş tutub. Tədbirin təşkilati işləri Arxeoloji Dərnəyin Tədbirlər qrupunun rəhbəri Leyla Abdullayeva, qrupun üzvləri Aygün Yusifova, Saray Balakişiyeva və Kərim Kərimov tərəfindən həyata keçirilib. Media istiqamətində isə Arxeoloji Dərnəyin Media və İctimaiyyətlə Əlaqələr qrupunun üzvü Fatimə Əliyeva məsul olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış mərasimindən sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Elmi Ekspozisiyanın təşkili” şöbəsinin müdiri, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanov və Arxeoloji Dərnəyin idarə heyətinin nümayəndəsi Nəzrin İbayeva çıxış edərək tədbirin əhəmiyyətindən, Zəfər tarixinin milli yaddaşda qorunmasının və gənc nəslə çatdırılmasının vacibliyindən bəhs ediblər.
Tədbirin elmi-maarifləndirici hissəsində siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin baş müəllimi Dr. Ziya Səmədli “Azərbaycanın 44 günlük müharibədə zəfərinin regionun geosiyasi reallıqlarına təsiri”, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov "İşğaldan azad olunmuş ərazilərdə arxeoloji tədqiqatlar", AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr. Yaqub Məmmədov isə “Tağlar mağarasında yenidən başlanılan arxeoloji tədqiqatlar və ilkin nəticələr” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışlarda Vətən müharibəsinin regionun siyasi və geosiyasi mənzərəsində yaratdığı dəyişikliklər, işğaldan azad edilmiş ərazilərdə arxeoloji tədqiqatların bərpası, Azərbaycanın zəngin maddi-mədəni irsinin öyrənilməsi və qorunması məsələləri diqqətə çatdırılıb.
Tədbirin davamında Arxeoloji Dərnəyin YouTube kanalında həyata keçirilməsi nəzərdə tutulan “ERALİNE TALKS” layihəsi təqdim olunub. Layihəni Arxeoloji Dərnəyin üzvü, “Tehsil365” İnformasiya Agentliyinin direktoru Əli Ələkbərov təqdim edərək onun məqsədi, əsas fəaliyyət istiqamətləri və gələcək planları haqqında məlumat verib.
Həmçinin Arxeoloji Dərnəyin bülleten layihəsi və rəsmi saytının təqdimatı keçirilib. Bülleten və saytın yaradılma məqsədi, fəaliyyət istiqamətləri, redaksiya heyəti və gələcək fəaliyyət planları iştirakçıların diqqətinə çatdırılıb. Təqdimatları Arxeoloji Dərnəyin Texniki qrupunun üzvü Tunar Əlizadə həyata keçirib.
Tədbir iştirakçılara təşəkkür edilməsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.