Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.11.2026 16:20
  • A-
  • A
  • A+

AMEA-da “Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər” mövzusunda V beynəlxalq elmi konfrans keçirilib

AMEA-da “Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər” mövzusunda V beynəlxalq elmi konfrans keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər” mövzusunda V beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunmasının Türk dünyası üçün tarixi və elmi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, ölkə Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində il ərzində müxtəlif səviyyəli tədbirlərin təşkil olunduğunu bildirib. AMEA prezidenti bu yubiley münasibətilə altı müstəqil türk dövlətinin rəhbərinin təbrik məktubları ünvanlamasını Türk dünyasında həmrəyliyin, birliyin və ortaq hədəflər ətrafında dövlət səviyyəsində əməkdaşlığın güclənməsinin mühüm göstəricisi kimi dəyərləndirib.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən Birinci Türkoloji Qurultayda dünyanın 26 ölkəsindən 131 nümayəndə iştirak edib, 80-dən çox məruzə dinlənilib. Qurultay türk xalqlarının dilini, ədəbiyyatını, tarixini, folklorunu, fəlsəfəsini, etnoqrafiyasını və incəsənətini öyrənən humanitar elmləri vahid türkoloji sistem çərçivəsində birləşdirən mühüm elmi platforma rolunu oynayıb. Qurultayın əsas tarixi xidmətlərindən biri türkologiyanın elmi istiqamətlərini və gələcək inkişaf hədəflərini müəyyənləşdirmək olub.

AMEA rəhbəri sovet hakimiyyəti dövründə türkoloji elmlərin əhatə dairəsinin məqsədyönlü şəkildə məhdudlaşdırıldığını, türk xalqlarının elmi-mədəni yaxınlaşmasına mane olan siyasi repressiyaların isə türkoloji fikrin inkişafına ağır zərbə vurduğunu qeyd edib. Bildirib ki, 1930-cu illərin repressiyaları nəticəsində çoxsaylı görkəmli türkoloq alimlərin, ziyalıların və mütəfəkkirlərin təqiblərə məruz qalması bu sahənin inkişafında ciddi fasilə yaradıb. Buna baxmayaraq, sonrakı dövrlərdə türkologiyanın ayrı-ayrı istiqamətlərində elmi fəaliyyət tədricən bərpa olunub.

“Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunmasında əsas məqsədlərdən biri türkoloji elmlər sisteminin ilkin mahiyyətinin bərpası, müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsidir”, – deyən akademik İsa Həbibbəyli bu istiqamətdə AMEA-da son illərdə mühüm addımların atıldığını, türk xalqlarının tarixi, mədəniyyəti, fəlsəfəsi və ədəbi irsinin öyrənilməsi üzrə müxtəlif elmi mərkəz və strukturların fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

O, ortaq türk əlifbası ideyasının da Birinci Türkoloji Qurultayın mühüm müzakirə istiqamətlərindən biri olduğunu xatırladıb. Vurğulayıb ki, Qurultayda türk xalqlarının vahid latın qrafikalı əlifbaya keçidi məsələsi geniş müzakirə olunub və bu istiqamətdə qəbul edilən qərarlar sonrakı dövrdə əlifba islahatları üçün mühüm zəmin yaradıb. Lakin sovet hakimiyyətinin sonrakı mərhələdə kiril əlifbasına keçidi təmin etməsi türk xalqlarının yazılı ünsiyyət və mədəni inteqrasiya imkanlarını məhdudlaşdırıb.

Akademik İsa Həbibbəyli “Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər” mövzusunda keçirilən konfransın əhəmiyyətinə toxunaraq bildirib ki, bu elmi platforma Birinci Türkoloji Qurultayın müəyyən etdiyi geniş elmi yanaşmanın müasir şəraitdə bərpasına və inkişafına xidmət edir. Türkoloji sənətşünaslıq yalnız sənət sahəsindəki ortaq problemlərin araşdırılması deyil, həm də türk xalqlarının mədəni birliyinin, qarşılıqlı anlaşmasının və inteqrasiyasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AMEA rəhbəri vurğulayıb ki, türkoloji sənətşünaslıq ayrıca elmi istiqamət kimi formalaşmaqla yanaşı, türkoloji teatrşünaslıq, musiqişünaslıq, ədəbiyyatşünaslıq və tarixşünaslıq kimi sahələrin də konseptual inkişafına yeni imkanlar açır. O, bu baxımdan artıq beşinci dəfə keçirilən beynəlxalq konfransın mövzunun elmi-nəzəri əsaslarının dərinləşdirilməsinə, yeni tədqiqat yanaşmalarının formalaşmasına və türkoloji elmlər sisteminin zənginləşdirilməsinə mühüm töhfə verdiyini bildirib.

Daha sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun türkoloji tədqiqatları” mövzusunda məruzə ilə çıxış edib.

Ərtegin Salamzadə türkoloji sənətşünaslıq istiqamətində aparılan tədqiqatların əhəmiyyətindən danışaraq, bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, türk sənəti, tarixi və folklorunun araşdırılması sahəsində uzun illərdir fəaliyyət göstərən türkiyəli tədqiqatçı, Aydın Adnan Menderes Universitetinin professoru Ahmet Aytaçın xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, Ahmet Aytaçın təşəbbüsü və iştirakı ilə müxtəlif ölkələrdə təşkil olunan beynəlxalq konfranslar Türk dünyasının sənət və mədəniyyət irsinin öyrənilməsinə, Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib.

Daha sonra professor Ahmet Aytaç Türk dünyasının sənət və mədəniyyətinin tədqiqi, eləcə də Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafı sahəsində xidmətlərinə görə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun fəxri professoru adına layiq görülüb.

İnstitutun inkişaf tarixi və elmi fəaliyyət istiqamətlərindən bəhs edən professor Ərtegin Salamzadə qeyd edib ki, 85 ildən artıq inkişaf yolu keçmiş bu elmi müəssisədə Azərbaycan elminin və mədəniyyətinin görkəmli nümayəndələri çalışıb, müxtəlif istiqamətlərdə fundamental tədqiqatlar aparılıb, çoxsaylı monoqrafiyalar və elmi məqalələr nəşr etdirilib. O, institutun fəaliyyətində türkoloji tədqiqatların formalaşması və inkişafına xüsusi diqqət çəkərək, bu sahədə müxtəlif illərdə ərsəyə gəlmiş elmi nəşrləri və araşdırmaları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

İnstitut direktoru türkoloji sənətşünaslıq istiqamətində kitabların, elmi topluların və digər nəşrlərin hazırlanmasının Türk dünyasının ortaq mədəni irsinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bu nəşrlərin müxtəlif türk xalqlarının sənət ənənələrinin müqayisəli şəkildə araşdırılmasına, ortaq və fərqli xüsusiyyətlərin müəyyənləşdirilməsinə imkan yaratdığını vurğulayıb. O, Azərbaycan və Özbəkistan alimlərinin birgə hazırladıqları nəşrləri bu sahədə əməkdaşlığın uğurlu nümunəsi kimi təqdim edib.

Türk xalqlarının qədim məskunlaşma areallarına da toxunan professor Ərtegin Salamzadə bu istiqamətdə hazırlanmış xəritəni təqdim edərək tarixi-coğrafi tədqiqatların türkoloji sənətşünaslıq üçün əhəmiyyətini diqqətə çatdırıb. Alim türk xalqlarının incəsənətində müşahidə olunan ortaq bədii xüsusiyyətlərdən, xüsusilə heyvani üslubdan, balballar heykəltəraşlığından və müxtəlif sənət nümunələrindəki oxşarlıqlardan bəhs edib.

Professor Ərtegin Salamzadə qeyd edib ki, türk xalqlarının sənət irsində rast gəlinən bu ortaq elementlərin müqayisəli və kompleks şəkildə araşdırılması onların vahid mədəni köklərinin, estetik dünyagörüşünün və bədii ənənələrinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyətə malikdir. Bu baxımdan ayrı-ayrı ölkələrin alimləri arasında əlaqələrin gücləndirilməsi, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi və birgə elmi nəşrlərin hazırlanması türkoloji sənətşünaslığın inkişafının əsas istiqamətlərindən biridir.

Tədbirdə, həmçinin professor Ahmet Aytaç “Türk dünyası ortaq yaradış və tamğalarının modern sənətin anlam dünyasındakı yeri: bir yontəm önərisi”, özbəkistanlı akademik Kamola Akilova “Türk xalqlarının ənənəvi zərgərlik sənətində arxetipik obrazların probleminə dair”, sənətşünaslıq doktoru, professor Rəna Abdullayeva “İncəsənət və mədəniyyət problemləri" jurnalında türk sənəti”, sənətşünaslıq üzrө fəlsəfə doktoru, dosent Xəzər Zeynalov “Azərbaycan incəsənətində Atatürk obrazı”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev “Türk təsviri sənətində Dədə Qorqud obrazı”, türkmənistanlı professor Ogulceren Hacıyeva “Koroğlu obrazı şəhər mühiti abidələrində və təsviri sənətdə” mövzularında məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: