Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan dilinin farsdilli poeziyaya təsiri
11.11.2026 14:28
  • A-
  • A
  • A+

Azərbaycan dilinin farsdilli poeziyaya təsiri

Azərbaycan dilinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi yalnız dilçilik elminin deyil, bütövlükdə milli-mədəni siyasətin və ictimai düşüncənin aktual məsələlərindəndir. Bu baxımdan Azərbaycan dilinin tarixi inkişaf arealında, xüsusilə İranda yaşayan soydaşlarımızın dil və ədəbi mühitindəki mövqeyinin elmi şəkildə araşdırılması xüsusi əhəmiyyət daşıyır.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nazim Mənsimov AZƏRTAC-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunmasının hər bir vətəndaşın, xüsusilə alimlərin, dilçilərin, yazıçıların, şairlərin və jurnalistlərin məsuliyyəti olduğunu dəfələrlə vurğulayıb. Dövlət başçısının bu çağırışı dilimizin milli kimliyin və tarixi yaddaşın fundamental komponenti kimi qorunmasının vacibliyini bir daha ön plana çıxarır.

Nazim Mənsimov qeyd edib ki, onun “Cənubi Azərbaycan şairlərinin farsdilli yaradıcılığına Azərbaycan dilinin təsiri” mövzusunda dissertasiya tədqiqatı məhz bu elmi istiqamətə həsr olunub. Tədqiqatın əsas məqsədi Azərbaycan və fars dilləri arasındakı qarşılıqlı əlaqələri ənənəvi yanaşmadan fərqli istiqamətdə araşdırmaq, Azərbaycan dilinin farsdilli poeziyada buraxdığı izləri üzə çıxarmaqdır. Onun sözlərinə görə, Azərbaycan və fars dillərinin qarşılıqlı təsiri uzun əsrləri əhatə edən mürəkkəb tarixi prosesdir. Bu əlaqələr indiyədək əsasən fars dilinin Azərbaycan dilinə təsiri kontekstində öyrənilib. Dissertasiyada isə məsələyə əks istiqamətdən yanaşılaraq Azərbaycan dilinin Cənubi Azərbaycan şairlərinin farsdilli əsərlərinə təsiri sistemli şəkildə tədqiq edilib. Araşdırma çərçivəsində farsdilli poetik mətnlərdə Azərbaycan mənşəli leksik vahidlər, frazeoloji ifadələr, sintaktik xüsusiyyətlər, folklor motivləri, onomastik vahidlər öyrənilib. Müəyyən edilib ki, bu elementlər yalnız dil faktları deyil, həm də şairlərin poetik təfəkkürünü, fərdi üslubunu və milli-mədəni mənsubiyyətini ifadə edən vasitələrdir.

O bildirib ki, ana dilinin qorunması yalnız fərdi və akademik deyil, həm də mühüm ictimai və humanitar əhəmiyyət daşıyan məsələdir. Belə bir şəraitdə Cənubi Azərbaycan şairlərinin farsdilli yaradıcılığında Azərbaycan dilinin izlərinin araşdırılması xüsusi elmi və mədəni aktuallıq kəsb edir. Çünki ədəbi irs xalqın dil yaddaşını, dünyagörüşünü, tarixi təcrübəsini və milli-mədəni kimliyini yaşadan əsas mənbələrdəndir. Azərbaycan dilinin farsdilli poetik mətnlərdə qorunub saxlanılan elementlərinin üzə çıxarılması və sistemləşdirilməsi də bu yaddaşın elmi baxımdan sənədləşdirilməsinə xidmət edir. Onun qənaətinə görə, ana dilinin qorunması yalnız onun gündəlik ünsiyyətdə istifadəsinin təmin olunması ilə məhdudlaşmamalıdır. Dilin müxtəlif tarixi dövrlərdə yaratdığı ədəbi irsin, başqa dillərdə qələmə alınmış əsərlərdəki izlərinin və milli-mədəni təsir imkanlarının öyrənilməsi də bu prosesin ayrılmaz hissəsidir. O qeyd edib ki, dissertasiya işinin əsas elmi və ictimai əhəmiyyəti Azərbaycan dilinin farsdilli ədəbi mühitdəki rolunu elmi faktlar əsasında üzə çıxarmaq, Azərbaycan-fars dil və ədəbi əlaqələrinin öyrənilməsinə yeni istiqamət vermək, eyni zamanda, İranda yaşayan soydaşlarımızın dil və mədəni irsinin tədqiqinə töhfə verməkdən ibarətdir. Azərbaycan dilinin tarixini, təsir imkanlarını və ədəbi irsdəki izlərini öyrənmək, əslində, onun milli-mədəni gücünü və yaşamaq potensialını elmi əsaslarla nümayiş etdirmək deməkdir.

AzərTac

  • Paylaş: