Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, mənəvi və ideoloji əhəmiyyətini, xalqımızın milli iradəsini və dövlətçilik qətiyyətini bir daha nümayiş etdirir. Dövlət başçısının müraciətini məhz Xankəndidən səsləndirməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının, tarixi ədalətin təmin olunmasının rəmzi ifadəsidir.
Bu fikirləri açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib.
Direktor bildirib ki, Prezident İlham Əliyevin Xankəndidən xalqa müraciətində Azərbaycanın hərbi-siyasi Qələbəsinin nəticələri ilə yanaşı, milli ruh, birlik və tarixi yaddaş məsələlərinə də xüsusi diqqət yetirilməsi mühüm əhəmiyyət daşıyır. Xankəndinin bu gün suverenliyimizin və Zəfərimizin rəmzinə çevrilməsi, burada Zəfər tağının ucaldılması xalqımızın tarixi yaddaşında xüsusi yer tutur. Dövlət başçısının müraciəti bir daha göstərir ki, Zəfər yalnız hərbi qələbə deyil, həm də milli qürurun, dövlətçilik düşüncəsinin və tarixi ədalətin təntənəsidir.
H.Hüseynov vurğulayıb ki, qazanılan Qələbənin arxasında Vətən uğrunda həyatını fəda edən şəhidlərin, sağlamlığını itirən qazilərin və döyüşlərdə iştirak edən minlərlə hərbçinin misilsiz fədakarlığı dayanır. Onların göstərdiyi şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün cəsarət, sədaqət və Vətən sevgisi nümunəsi olacaq.
Şəhid ailəsinin üzvü, şəhid qardaşı və işğaldan azad edilmiş torpaqlara qayıdan keçmiş məcburi köçkün kimi bu tarixi günün mənəvi əhəmiyyətini xüsusi həssaslıqla hiss etdiyini deyən Hüseyn Hüseynov bildirib ki, şəhidlərimizin əziz xatirəsinin uca tutulması, onların uğrunda mübarizə apardıqları dəyərlərin qorunması həm qürur, həm də böyük məsuliyyətdir. Torpaqlarımızın azadlığı naminə verilən qurbanların unudulmaması, şəhidlərin həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Zəfər Gününün sevinci şəhid ailələri üçün həm böyük qürur, həm də doğmalarının yoxluğundan doğan dərin kədəri özündə birləşdirir.
O diqqətə çatdırıb ki, Prezidentin Xankəndidən ünvanladığı müraciətdə milli yaddaşın, azərbaycançılıq məfkurəsinin və mənəvi dəyərlərin qorunması ilə bağlı səsləndirilən fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki tarixi Qələbənin gələcək nəsillərə düzgün və dolğun şəkildə çatdırılması yalnız hərbi hadisələrin öyrənilməsi deyil, həm də xalqın qəhrəmanlıq salnaməsinin, milli birliyinin və dövlətçilik iradəsinin yaşadılması deməkdir. Hüseyn Hüseynov bildirib ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası da milli yaddaşın qorunması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi istiqamətində üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir. Kitabxanada fəaliyyət göstərən Qarabağ müharibəsi qəhrəmanları fondunda Azərbaycanın müharibə tarixinə, Qarabağ münaqişəsinə, Birinci Qarabağ müharibəsinə, Aprel döyüşlərinə, Tovuz hadisələrinə və 44 günlük Vətən müharibəsinə həsr olunmuş müxtəlif nəşrlər toplanıb. Bu əsərlər şəhidlərin ömür yolunun, hərbçilərin döyüş şücaətinin, qazilərin həyat hekayələrinin və xalqımızın mübarizə tarixinin öyrənilməsi baxımından mühüm mənbələrdir.
Onun sözlərinə görə, həmin nəşrlərin qorunması, sistemləşdirilməsi və oxuculara təqdim edilməsi tarixi faktların gələcək nəsillərə çatdırılmasına, tədqiqatçıların etibarlı mənbələrdən istifadəsinə geniş imkan yaradır.