Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tabeliyində Polimer Materialları İnstitutu (PMİ) ilə SOCAR “Azərikimya” İstehsalat Birliyi arasında elmi-texniki əməkdaşlığın inkişafı istiqamətində görüşlər keçirilib.
Öncə “Azərikimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli və müəssisənin nümayəndələri ilə onlayn görüş təşkil olunub. Görüşdə tərəflər arasında institutda aparılan tədqiqatların istehsalatın ehtiyaclarına uyğunlaşdırılması və birgə fəaliyyət imkanları müzakirə olunub. Daha sonra “Azərikimya” İstehsalat Birliyində müzakirələr davam edib. Görüşdə institutun Heterotsiklik monomerlər və innovativ makromolekulyar birləşmələr laboratoriyasının müdiri vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru, dosent Məhruzə Şatirova və “Azərikimya” İstehsalat Birliyinin baş direktorunun müavini, baş mühəndis Nadir Alıyev, istehsalat üzrə menecerlər – İlqar Qurbanov, Erhan Şahan, Eldar Hüseynli və Firudin Nəcəfov, İnsan resursları və biznes tərəfdaşlıq üzrə supervayzer Sevda Nemətli, Modernizasiya və yenidənqurma işlərinin təşkili şöbəsinin rəisi Fəzail Yusifov, laboratoriya üzrə menecer Adəm Özdoğan və istehsalat üzrə aparıcı mühəndis Əliyar Babayev iştirak ediblər. Görüş zamanı kimya sənayesinin aktual texnoloji ehtiyacları, elmi tədqiqatların bu ehtiyacların həllinə yönəldilməsi, yeni funksional birləşmələrin və polimer materialların sənayedə tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər arasında əməkdaşlıq istiqamətləri və gələcək birgə fəaliyyətin təşkili məsələləri müzakirə edilib. Keçirilən görüşlərin elmi-tədqiqat müəssisəsi ilə sənaye arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, elmi potensialın istehsalatın tələblərinə uyğun istiqamətləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Sonda tərəflər elm və sənaye arasında əlaqələrin möhkəmlənməsinin vacibliyini qeyd edərək birgə fəaliyyət planının hazırlanması və davamlı olaraq görüşlərin keçirilməsi barədə razılığa gəliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.