AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, Almaniya Arxeologiya İnstitutunun müxbir-üzvü dosent Fərhad Quliyev İtaliya Respublikasında fəaliyyət göstərən Romualdo Del Bianko Fondunun (Fondazione Romualdo Del Bianco) Baş katibi Simone Comettini (Simone Giometti) və Fondun nümayəndəsi Kozimo Çivita del Biankonu (Cosimo Civita del Bianco) qəbul edib.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin son illərdə apardığı tədqiqatlardan və əldə etdiyi nailiyyətlərdən söz açıb. F.Quliyev müxtəlif ölkələri təmsil edən arxeoloqlarla birgə layihələrin gerçəkləşdirilməsi fonunda beynəlxalq əməkdaşlıq sahəsində əldə edilmiş uğurlardan söz açaraq, xüsusilə, İtaliya elmi-tədqiqat mərkəzlərinin nümayəndələrinin təmsil olunduğu arxeoloji ekspedisiyaların elmi nəticələrinin dünya elmi çevrələrində diqqətlə qarşılandığını qeyd edib.
Simone Cometti rəhbərlik etdiyi fondun məramı, fəaliyyət istiqamətləri, xalqların və mədəniyyətlərin tanıdılması istiqamətində gerçəkləşdirilmiş layihələrdən danışıb. Aparılmış fikir mübadiləsi əsasında yaxın gələcəkdə Azərbaycan arxeoloji irsinin populyarlaşdırılması üçün qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə edilib.
Görüşdə, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq konstitusiyalar və abidələrin bərpası kafedrasının əməkdaşları, memarlar Aygün İmanova və Aygün Əliyeva, AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf üzrə direktor müavini, t.ü.f.d., dosent Pərviz Qasımov, institutun Elmi katibi t.ü.f.d., dosent Ellada Bəkirova və institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Həsən Əlizadə iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.