Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli qazax yazıçısı Kemel Tokayevə həsr olunmuş monoqrafiya nəşr edilib
23.11.2026 11:58
  • A-
  • A
  • A+

Görkəmli qazax yazıçısı Kemel Tokayevə həsr olunmuş monoqrafiya nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi çərçivəsində görkəmli qazax yazıçısı, qazax detektiv ədəbiyyatının banisi Kemel Tokayevin (1923–1986) həyat və yaradıcılığına həsr olunmuş “Kemel Tokayev: Həyatı, mühiti və yaradıcılığı” adlı kollektiv monoqrafiya nəşr olunub.

Kitab Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanıb.

Monoqrafiyanın layihə rəhbərləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova, elmi redaktorları professor Məmməd Əliyev və professor Nizami Məmmədov, məsul redaktoru filologiya elmləri doktoru Mehman Həsənli, məsul katibi isə filologiya üzrə fəlsəfə doktoru Seyidnisə Lətiflidir.

Kitabda Kemel Tokayevin həyat yolu, ictimai fəaliyyəti və yaradıcılığının əsas istiqamətləri geniş elmi-nəzəri kontekstdə araşdırılıb. Yazıçının detektiv ədəbiyyatın inkişafına verdiyi töhfələr, yaradıcılığının ideya-bədii xüsusiyyətləri, sənətkarlıq məziyyətləri və qazax ədəbiyyatındakı mövqeyi elmi təhlilə cəlb olunub.

Dörd fəsildən ibarət olan monoqrafiyanın birinci fəslində Kemel Tokayevin həyat yolu və sənət idealı, ikinci fəslində detektiv yaradıcılığının məzmunu, problematikası və bədii axtarışları, üçüncü fəslində yazıçının sənət dünyası, dördüncü fəslində isə onun irsinin Azərbaycan ədəbi-mədəni mühitində yeri və əhəmiyyəti araşdırılıb.

Nəşrdə yazıçının “Sirli iz”, “Damğalı qızıl”, “Gecə açılan atəş”, “Xüsusi tapşırıq”, “Sui-qəsd” və “Dağdan gələn səda” kimi əsərləri ayrıca tədqiq olunub. Bu əsərlərin mövzu və problematikası, ideya-bədii məzmunu, süjet-kompozisiya quruluşu, obrazlar sistemi və janr xüsusiyyətləri elmi baxımdan təhlil edilib. Araşdırmalarda yazıçının detektiv janrına gətirdiyi yeniliklərə, bədii üslubunun səciyyəvi cəhətlərinə, tarixi gerçəkliklə bədii təxəyyülün əlaqəsinə, müharibə və insan taleyi, milli xarakter və psixoloji məqamların təsvirinə xüsusi diqqət yetirilib.

Kollektiv monoqrafiya Kemel Tokayevin ədəbi irsinin sistemli şəkildə öyrənilməsi, qazax və Azərbaycan ədəbiyyatları arasında elmi-mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli nəşrdir. Kitab, eyni zamanda, türk xalqları ədəbiyyatının qarşılıqlı tədqiqi və tanıdılması istiqamətində mühüm elmi töhfə kimi dəyərləndirilə bilər.

AzərTac

  • Paylaş: