AMEA Naxçıvan Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın müəllifi olduğu “Naxçıvanın dialekt və şivələrində derivatologiya problemləri” adlı monoqrafiya nəşr olunub.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə ithaf edilən kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dilinin dialekt və şivələrinin yayılması ilə bağlı fikirləri yer alıb.
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 20 may 2026-cı il tarixli qərarı ilə çapa tövsiyə olunan, 325 səhifədən ibarət olan nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor, filologiya elmləri doktoru Əbülfəz Quliyev, rəyçiləri filologiya elmləri doktoru Firudin Rzayev və filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur.
“Giriş”, “Derivatologiya probleminin nəzəri aspektləri”, “Naxçıvanın dialekt və şivələrində derivatologiyanın leksik-semantik üsulu”, “Naxçıvanın dialekt və şivələrində derivatologiyanın morfoloji-sintaktik üsulu”, “Ədəbi-bədii mətnlərdə Naxçıvan dialekt və şivələrinə məxsus derivatoloji proseslərin təzahürü” adlı dörd əsas fəsildən və “Nəticə”, “Mündəricat” bölmələrindən ibarət monoqrafiya Naxçıvanın dialekt və şivələrində derivatoloji proseslərin leksik-semantik və morfoloji-sintaktik xüsusiyyətlərinin tədqiqinə həsr olunub.
Kitabda derivatologiyanın nəzəri əsasları, Naxçıvan dialekt və şivələrinin derivativ imkanları, söz yaradıcılığının müxtəlif üsulları, derivativ vahidlərin yaranma mexanizmləri, eləcə də dialektal leksikanın tarixi və etnolinqvistik xüsusiyyətləri araşdırılır. Həmçinin Naxçıvan dialekt və şivələrində fonosemantik, leksik-semantik, morfoloji və sintaktik derivasiya, konversiya, dubletlik, çoxmənalılıq, hibrid sözlər, frazeoloji və paremioloji vahidlərin derivatoloji proseslərdə rolu müəyyənləşdirilir, dialektal derivativ vahidlərin Azərbaycan ədəbi dili və bədii mətnlərlə qarşılıqlı əlaqəsi təhlil olunur.
Nəşr Azərbaycan dialektologiyası və derivatologiyası ilə maraqlanan tədqiqatçılar, filoloqlar, müəllimlər və tələbələr üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.