AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Naxçıvan araşdırmaları: Dil, Ədəbiyyat (birinci kitab)” adlı yeni kitabı işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 20 may 2026-cı il tarixli qərarı ilə çapa tövsiyə olunan 455 səhifəlik nəşrin elmi redaktoru professor Nadir Məmmədli, rəyçiləri isə filologiya elmləri doktoru Nuray Əliyeva, filologiya üzrə fəlsəfə doktorları Rəşad Zülfüqarov və Zülfiyyə İsmayıldır.
İki əsas bölmədən ibarət olan kitabda müəllifin naxçıvanşünaslığa aid dil və ədəbiyyat mövzusunda araşdırmaları toplanıb.
“Naxçıvanlı elm adamları və dil məsələləri”, “Dialektologiya və ümumi dil məsələləri” və “Yazıçı və dil məsələləri” adlı üç hissədən ibarət olan “Dil” bölməsində Hinduşah Naxçıvani, Məhəmməd ağa Şahtaxtlı, Məmməd Cəfər, Yusif Seyidov kimi alimlərin dilçilik irsi, Naxçıvan dialekt və şivələrinin leksik xüsusiyyətləri, “Naxçıvan” toponiminin mənşəyi, Gəmiqaya təsvirlərində yazı elementləri, eləcə də Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Məmməd Araz və Hüseyn İbrahimovun yaradıcılığında dil-üslub məsələləri araşdırılıb.
“Naxçıvanlı elm adamları və ədəbi mühit” və “Ədəbiyyat və Naxçıvan” hissələrindən ibarət “Ədəbiyyat” bölməsində isə Əkmələddin Naxçıvani, Nemətullah Naxçıvani, İsa Həbibbəyli, Lətif Hüseynzadə, Məhəmmədhüseyn Təhmasib kimi görkəmli şəxsiyyətlərin elmi-ədəbi fəaliyyəti, “Şərqi-Rus” qəzetində Naxçıvan ziyalılarının rolu, Ərtoğrol Cavid, Adil Babayev, Hüseyn Razi, Asim Yadigar kimi ədəbiyyat nümayəndələrinin yaradıcılığı və ədəbiyyatımızda Duzdağ motivi təhlil olunub.
Yeni nəşr naxçıvanşünaslıqla maraqlanan elm adamları, ziyalılar, filoloq müəllimlər, həmçinin magistr və bakalavr tələbələri üçün dəyərli elmi mənbədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.