Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alimin “Türkman dili: ibtidai siniflər üçün qaydalar (I-IV siniflər)” kitabı işıq üzü görüb
19.11.2026 16:22
  • A-
  • A
  • A+

Şərqşünas alimin “Türkman dili: ibtidai siniflər üçün qaydalar (I-IV siniflər)” kitabı işıq üzü görüb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevin “Türkman dili: ibtidai siniflər üçün qaydalar (I-IV siniflər)” kitabı çapdan çıxıb.

Kitab ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri, təlim ehtiyacları və müasir təhsil standartları nəzərə alınmaqla hazırlanmışdır. Kitabın əsas məqsədi İraqda yaşayan türkmanların dil qaydalarını sadə, anlaşıqlı və sistemli şəkildə təqdim etmək, şagirdlərdə möhkəm nəzəri bilik formalaşdırmaqla yanaşı, həmin bilikləri praktik nümunələr vasitəsilə tətbiq etməyə kömək etməkdir.

Kitab Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşəbbüsü və təşkilatçılığı ilə nəşr edilib. Kitabın elmi redaktoru və ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, elmi məsləhətçiləri isə Bağdad Universitetinin professoru Mahmud Çayırlı və “Türkman mədəniyyəti” jurnalının baş redaktoru doktor Sabah Kərküklüdür.

Kitabda mövzular sadədən mürəkkəbə doğru ardıcıllıq prinsipi əsasında qurulmuşdur. Hər bir qayda gündəlik həyatdan götürülmüş nümunələr və ətraflı izahlarla müşayiət olunur. Bu yanaşma şagirdlərin mövzuları daha asan mənimsəməsinə, müstəqil düşünmə bacarıqlarının inkişafına və ana dilinə marağının artmasına xidmət edir.

Bununla yanaşı, kitab yalnız qrammatik qaydaların izahı ilə məhdudlaşmır. Burada uşaqların ümumi dünyagörüşünü zənginləşdirən, onların nitq mədəniyyətini, məntiqi təfəkkürünü və mütaliə vərdişlərini inkişaf etdirən maraqlı və faydalı məlumatlara da yer verilmişdir. Beləliklə, kitab həm öyrədici, həm də maarifləndirici vəsait kimi nəzərdə tutulmuşdur.

Kitab türkman dili sahəsində əksər qrammatik qaydaları və dillə bağlı mövzuları əhatə edən ibtidai siniflər üçün nəzərdə tutulmuş ilk kitabdır. Kitabın səciyyəvi cəhəti onun yeni üslubda, müasir meyarlara uyğun və müxtəlif mövzuları əhatə edən rəngli illüstrasiyalarla hazırlanmasıdır.

Qeyd etmək lazımdır ki, təqdim olunan kitab müəllif tərəfindən əski əlifba ilə yazılmışdır. Bu təşəbbüs, dilin təsir dairəsini genişləndirmək və inkişaf etdirmək üçün böyük imkanlar yaradır. Belə ki, ərsəyə gəlmiş kitabı təkcə İraq türkmanları arasında deyil, həmçinin Suriya və Livanda yaşayan türkmanların yaşadıqları ərazilərdəki orta təhsil məktəblərində də tətbiq etmək mümkündür.

Məlumat üçün qeyd edək ki, bu, müəllifin türkman dili istiqamətində yazdığı ikinci kitabıdır. Müəllifin bu istiqamətdə ilk kitabı 2025-ci ildə Bakı və Bağdad şəhərlərində Azərbaycan və ərəb dillərində nəşr olunmuş “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” monoqrafiyasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: