Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

PMİ və müxtəlif elmi müəssiəsələrin alimlərinin birgə məqaləsi Q2 kvartilli jurnalda çapdan çıxıb
19.11.2026 10:54
  • A-
  • A
  • A+

PMİ və müxtəlif elmi müəssiəsələrin alimlərinin birgə məqaləsi Q2 kvartilli jurnalda çapdan çıxıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tabeliyində Polimer Materialları İnstitutunun (PMİ) Nanopolimer kompozitlər laboratoriyasının müdiri vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru, dosent Türkan Quliyeva, baş elmi işçi kimya elmləri doktoru, professor  Nüşabə Qurbanova, Molekulyar Biologiya İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu və Bakı Dövlət Universitetinin əməkdaşlarının birgə məqaləsi Q2 kvartilinə daxil olan “Polymer Engineering&Science”  jurnalında (2026, Vol. 66. – P. 8429 - 8411 DOI:https: //doi.org/10.1002/pen.70843) dərc edilib.

“Maleinləşdirilmiş polietilendə Cu₂O və ZnO nanohissəciklərinin reaktiv mexanokimyəvi üsulla in situ sintezi: struktur-xassə-funksiya əlaqələri” (Reactive Mechanochemical in Situ Synthesis of Cu₂O and ZnO Nanoparticles in Maleated Polyethylene: Structure-Property-Function Relationships) adlı məqalə metal oksid nanohissəciklərinin polimer matrisdə reaktiv mexanokimyəvi üsulla sintezinə, alınan nanokompozitlərin quruluşu, xassələri və funksional xüsusiyyətlərinin tədqiqinə həsr olunub. Tədqiqatda Cu₂O və ZnO nanohissəcikləri həlledicisiz reaktiv mexanokimyəvi üsulla maleinləşdirilmiş polietilen matrisində birbaşa (in situ) sintez edilib, xassələri kompleks şəkildə öyrənilib. Müəyyən edilib ki, nanohissəciklərin daxil edilməsi polimerin mexaniki göstəricilərini, termooksidləşdirici davamlılığını və göbələklərə qarşı müqavimətini artırır. Əldə olunan nanokompozitlərin quruluşu, fazalararası qarşılıqlı təsirləri, termiki davranışı, mexaniki və antifunqal xassələri rentgen-faza analizi (XRD), infraqırmızı spektroskopiya (FTIR), atom-qüvvə mikroskopiyası, termiki analiz və mexaniki sınaqlar vasitəsi ilə tədqiq edilib. XRD nəticələri 5 kütlə % nanodoldurucu miqdarında orta ölçüsü 25 ± 1 nm olan kristallik Cu₂O və ZnO nanohissəciklərinin əmələ gəldiyini təsdiqləyib. FTIR analizlərinə əsasən nanohissəciklərlə polimer matris arasında fərqli qarşılıqlı təsir mexanizmlərinin mövcudluğu müşahidə olunub. Əldə olunan nəticələr nanohissəciklərlə polimer matris arasında fazalararası kimyəvi qarşılıqlı təsirlərin kompozitlərin quruluş-xassə əlaqələrinin formalaşmasında mühüm rol oynadığını göstərib. Təklif olunan reaktiv ərintidə emal yanaşması çoxfunksiyalı polimer nanokompozitlərin alınması üçün perspektivli və miqyaslandırıla bilən texnologiya kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, impakt faktor göstəricisi 3.6, SJR reytinq göstəricisi 0.564, CiteScore göstəricisi isə 5.7 təşkil edən jurnal John Wiley and Sons (Wiley) nəşriyyat platformasında yayımlanır, Web of Science və Scopus kimi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxildir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: