Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda VI Beynəlxalq Elmi Konfransın təntənəli açılış mərasimi keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində və ADPU-nun Quba filialının 35 illik yubileyinə həsr olunan beynəlxalq elmi tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun nümayəndələri də iştirak ediblər.
Azərbaycanla yanaşı, Özbəkistan, Türkiyə, Qazaxıstan, Rusiya, Pakistan və digər ölkələrdən alimlərin, ali təhsil müəssisələrinin rəhbər və nümayəndələrinin, eləcə də gənc tədqiqatçıların qatıldığı konfransın əsas məqsədi regionlarda ali təhsilin inkişaf perspektivlərini müzakirə etmək, müasir elmi-pedaqoji yanaşmaların tətbiqini təşviq etmək və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinə töhfə verməkdir.
Konfransın rəsmi açılış mərasimində Coğrafiya İnstitutunun Elmi kadrların hazırlığı sektorunun müdiri c.ü.f.d., dosent Müseyib Yunusov çıxış edib.
Müseyib Yunusov çıxışında regionlarda ali təhsilin inkişafının, elmi tədqiqatların tədris prosesi ilə inteqrasiyasının və ali təhsil müəssisələri ilə elmi-tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunub. O, müasir dövrdə elmin və təhsilin qarşılıqlı əlaqəsinin gücləndirilməsinin yüksəkixtisaslı kadrların hazırlanması, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və regionların intellektual potensialının inkişafı baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.
İnstitutun əməkdaşları da konfransın elmi proqramında iştirak edərək müxtəlif istiqamətlər üzrə aparılan müzakirələrə qatılıblar. Tədbir iştirakçılar arasında elmi fikir mübadiləsinin aparılması, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və gələcək birgə tədqiqat təşəbbüslərinin müzakirəsi baxımından əhəmiyyətli platforma olub.
Konfrans çərçivəsində regionlarda ali təhsilin mövcud vəziyyəti və inkişaf perspektivləri, rəqəmsal transformasiya, süni intellektin təhsildə tətbiqi, innovativ pedaqoji yanaşmalar, dayanıqlı regional inkişaf, yaşıl təhsil və universitet–cəmiyyət əməkdaşlığı kimi aktual məsələlər diqqət mərkəzində olub.
Üç gün davam edən beynəlxalq elmi tədbirin proqramına əyani və onlayn bölmə iclasları, elmi məruzələr, müzakirələr və mədəni tədbirlər daxildir.
Coğrafiya İnstitutunun bu kimi beynəlxalq elmi tədbirlərdə iştirakı elmi əlaqələrin genişləndirilməsi, tədqiqat nəticələrinin akademik mühitdə müzakirəsi, regionlarda elmi fəaliyyətin təşviqi və elm–təhsil inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.