Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mahmud Xəlil Cəfər Cayırlı: İraq türkmanlarının ana dilinin qorunması üçün dərsliklərin hazırlanması vacibdir
20.11.2026 13:07
  • A-
  • A
  • A+

Mahmud Xəlil Cəfər Cayırlı: İraq türkmanlarının ana dilinin qorunması üçün dərsliklərin hazırlanması vacibdir

İraq türkmanlarının qarşılaşdığı əsas problemlərdən biri ana dilinin qorunması və gələcək nəsillərə ötürülməsidir. Ərəb dilinin təhsil sistemində üstünlük təşkil etməsi türkman dilinin tədrisi və inkişafı qarşısında müəyyən çətinliklər yaradır.

Bunu Bağdad Universitetinin professoru Mahmud Xəlil Cəfər Cayırlı “Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib. O bildirib ki, İraqda Mosuldan Məndəliyədək uzanan ərazidə Kərkük, Mosul, Təlafər, Tuzxurmatu və digər yaşayış məntəqələrində türkmanlar yaşayırlar. Bu bölgələrdə müxtəlif etnik və dil mühitlərinin mövcudluğu ana dilinin qorunmasını daha da çətinləşdirir.

Professor qeyd edib ki, İraqda təhsil əsasən ərəb dilində aparılır. Son 10-15 ildə türkman dilində təhsil verən məktəblərin açılması istiqamətində müəyyən addımlar atılsa da, bu sahədə problemlər qalmaqdadır. Türkman uşaqlarının ana dilində təhsil alması üçün müvafiq dərsliklərin və tədris materiallarının hazırlanması zəruridir.

Mahmud Xəlil Cəfər Cayırlı vurğulayıb ki, türkman dilinin qrammatik quruluşunun öyrənilməsi və tədrisinə dair nəşrlər üzərində iş aparılıb. Hazırlanan qrammatika kitabında türkman dili ilə Azərbaycan dili arasında böyük yaxınlığın olduğu müəyyənləşdirilib. O, bu yaxınlığın dilin qrammatik quruluşunda və söz ehtiyatında özünü göstərdiyini bildirib.

Professorun sözlərinə görə, növbəti mərhələdə İraq türkman məktəbləri üçün birinci sinifdən dördüncü sinfədək dərsliklərin hazırlanması istiqamətində işlər görülüb. Bu nəşrlər uşaqların ana dilində təhsil almasına, dilin qrammatik qaydalarını mənimsəməsinə və milli kimliklərini qorumasına xidmət edəcək.

O, kitabların hazırlanması ilə yanaşı, onların məktəblərdə tətbiqinin, müəllimlər və şagirdlər üçün əlçatan olmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, türkman dilində təhsilin genişləndirilməsi və uşaqların ana dilində oxuyub-yazma bacarıqlarının inkişafı üçün əlavə tədris imkanlarına ehtiyac var.

Mahmud Xəlil Cəfər Cayırlı Azərbaycanın bu istiqamətdə göstərə biləcəyi dəstəyin əhəmiyyətini vurğulayaraq, hazırlanmış dərslik və tədris materiallarının İraqdakı türkman məktəblərində tətbiqinə kömək göstərilməsinin vacibliyini qeyd edib. Professor bildirib ki, ana dilinin qorunması xalqın tarixi yaddaşının və milli kimliyinin yaşadılması deməkdir. Dilini itirən xalqın öz tarixi və mədəni irsini gələcək nəsillərə ötürməsi də çətinləşir.

AzərTac

  • Paylaş: