AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında növbəti nömrəsi çapdan çıxıb.
Qəzetin ön səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsi yer alıb.
Nəşrin səhifələrində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin müəllifi olduğu “Azərbaycançılıq məfkurəsinin formalaşması mərhələləri və müasir dövr” başlıqlı məqalə, AMEA-nın elmi müəssisə və təşkilatlarında cari il doktoranturaya qəbulun nəticələrinə, dissertasiya mövzularının müasir dövrün çağırışları əsasında müəyyənləşdirilməsinə və rəqəmsal hesabatlılıq sisteminə keçid məsələlərinə həsr olunmuş müşavirə və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfransa dair yazılar təqdim edilib.
Bu sayda AMEA rəhbərinin Gürcü Ədəbiyyatı İnstitutunun nümayəndə heyəti ilə görüşü və beynəlxalq elmi layihənin müzakirəsinə dair müşavirə, professor İsmayıl Məmmədlinin 80 illik yubiley tədbiri və Yer Elmləri Bölməsinin iclası haqqında məlumatlar dərc edilib.
Həmçinin “Ədəbiyyat İnstitutu akkreditasiyadan müvəffəqiyyətlə keçib” və “Akademik İsa Həbibbəylinin videomüraciəti beynəlxalq folklorşünaslıq konfransının açılış mərasimində təqdim olunub” sərlövhəli xəbərlər oxucuların diqqətinə çatdırılıb.
Bundan əlavə, nəşrdə akademik İradə Hüseynovanın “Milli dirçəlişin əsas dayaqlarından biri elmin və təhsilin inkişafıdır” başlıqlı açıqlama, “Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər” adlı məqalə, eləcə də Akademiyanın ictimai həyatını əks etdirən xəbərlər təqdim olunub.
Qəzetin rus və ingilis dilli bölmələrində AMEA-da ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.