Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.11.2026 15:18
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun əməkdaşları “Azərboru” İstehsalat sahəsində olublar

Polimer Materialları İnstitutunun əməkdaşları “Azərboru” İstehsalat sahəsində olublar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tabeliyində Polimer Materialları İnstitutunun (PMİ) əməkdaşları və “Azərboru” İstehsalat Sahəsinin nümayəndələri arasında elmi-texniki əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə görüş keçirilib.

Görüşdə PMİ-nin Odadavamlı polimer kompozitlər laboratoriyasının müdiri vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru, dosent Fatimə Mustafayeva, böyük elmi işçilər – Leyla Abbasova və Vüsalə Dostuyeva, elmi işçi Vüsalə Vahabova və “Azərboru” İstehsalat Sahəsinin Əməliyyatlar üzrə direktor müavini Nəsimi Bayramlı iştirak ediblər.

Görüşün əsas məqsədi “Azərboru” İstehsalat Sahəsinin istehsalat prosesləri ilə tanış olmaq, müəssisənin polimer materiallarla bağlı mövcud texniki ehtiyaclarını öyrənmək, mümkün əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək olub. Görüş zamanı Nəsimi Bayramlı “Azərboru”nun fəaliyyəti, müəssisənin inkişaf istiqamətləri, istehsalat prosesləri və texnoloji imkanları barədə ətraflı məlumat verib. Daha sonra institutun əməkdaşları istehsalat sahəsi və laboratoriyaya baxış keçirərək istehsalatın mərhələləri, laboratoriyada istifadə olunan cihaz və avadanlıqlar, məhsulun keyfiyyətinə nəzarət üsulları ilə tanış olublar. Görüşdə polimer materialların sənaye sahəsində tətbiqi imkanları, metal boruların korroziyadan mühafizəsi üçün polimer örtüklərin hazırlanması, istilik və aqressiv mühitlərə davamlı qoruyucu materialların tətbiqi, həmçinin elastomer və polimer-kompozit materialların istehsalata uyğunlaşdırılması məsələləri müzakirə edilib. Tərəflər institutun elmi-tədqiqat potensialı ilə müəssisənin istehsalat təcrübəsinin əlaqələndirilməsi, mövcud texniki problemlərin elmi əsaslarla həlli və yeni materialların sənayedə tətbiq imkanlarının araşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Səfərin gələcəkdə PMİ ilə “Azərboru” arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat layihələrinin hazırlanması və innovativ polimer-kompozit materialların sənayedə tətbiqinə zəmin yaradacağı qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: