Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

05.11.2026 14:02
  • A-
  • A
  • A+

Bakı Beynəlxalq Təhsil Kompleksinin kollektivi İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti ilə tanış olub

Bakı Beynəlxalq Təhsil Kompleksinin kollektivi İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti ilə tanış olub

Bakı Beynəlxalq Təhsil Kompleksinin (BBTK) direktoru,Əməkdar müəllim Sevda Quliyeva, məktəbin ingilis dili müəllimi, doktor Manto, eləcə də bir qrup şagirdi Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda olub.

Qonaqlar institutun AzScienceNet şəbəkəsi, Tədris-İnnovasiya Mərkəzi, Multimedia Texnologiyaları Mərkəzi və Elektron Kitabxana Mərkəzinin fəaliyyəti, texniki imkanları və iş şəraiti ilə tanış olublar.

Görüşdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev qonaqlara institutun yaranma və inkişaf tarixi, funksional strukturu, əsas fəaliyyət istiqamətləri, həyata keçirilən innovativ layihələr və prioritet sahələr üzrə aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verib. İnstitutda dövlətin strateji maraqlarına xidmət edən süni intellekt, data analitikası, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik və dərin təlim kimi istiqamətlərdə elmi araşdırmaların aparıldığını bildirib.

İnformasiya Texnologiyaları İnstitutunun ölkənin müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini vurğulayan akademik bu əlaqələrin elmi tədqiqatların inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə və yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət etdiyini diqqətə çatdırıb.

Görüş zamanı institut ilə ümumi təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, orta məktəb şagirdlərinin elmi fəaliyyətə marağının artırılması və onların müasir informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Akademik Rasim Əliquliyev şagirdlərin elmi mühitlə daha yaxından tanış olmasının, onların müasir texnologiyaların imkanları barədə məlumatlandırılmasının və tədqiqat bacarıqlarının formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Həmçinin şagirdlərə müasir informasiya texnologiyalarının inkişafı, süni intellekt, rəqəmsallaşma və yeni texnoloji həllərin müxtəlif sahələrdə tətbiqi barədə məlumat verilib, elmi biliklərin praktiki əhəmiyyəti diqqətə çatdırılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Görüş çərçivəsində elm və təhsilin inteqrasiyası, elmi qurumlar və təhsil müəssisələrinin iştirakı ilə birgə təşəbbüslərin həyata keçirilməsi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

AzərTac

  • Paylaş: