Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.11.2026 11:26
  • A-
  • A
  • A+

“Azərbaycanın orta əsr şəhər mədəniyyəti” mövzusunda elmi seminar keçirilib

“Azərbaycanın orta əsr şəhər mədəniyyəti” mövzusunda elmi seminar keçirilib

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Azərbaycanın orta əsr şəhər mədəniyyəti” mövzusunda elmi seminar keçirilib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma İli” elan edilməsi çərçivəsində təşkil olunub. Seminarın keçirilməsində əsas məqsəd Azərbaycanın zəngin şəhərsalma ənənələrinin, orta əsr şəhər mədəniyyətinin tarixi inkişaf xüsusiyyətlərinin və bu sahədə aparılan arxeoloji tədqiqatların elmi müstəvidə müzakirə olunması olub.

Seminarda Azərbaycanın orta əsrlər dövründə şəhər mədəniyyətinin formalaşması və inkişafı, şəhərsalma ənənələri, arxeoloji abidələrin tədqiqi, eləcə də şəhərlərin sosial-iqtisadi və mədəni həyatının əsas xüsusiyyətləri ətrafında elmi müzakirələr aparılıb.

Tədbirdə məruzəçilər Mircavid Ağalarov və Vüsalə Beydullazadə çıxış edərək Azərbaycanın orta əsr şəhər mədəniyyətinin müxtəlif aspektlərinə toxunublar. Məruzələrdə orta əsrlərdə Azərbaycan ərazisində şəhərlərin yaranması və inkişafı, şəhər məskənlərinin struktur xüsusiyyətləri, sənətkarlıq və ticarət münasibətlərinin şəhər həyatındakı rolu, həmçinin maddi mədəniyyət nümunələrinin tarixi əhəmiyyəti diqqət mərkəzində olub.

Çıxışlar zamanı şəhərsalma ənənələrinin tarixi inkişaf dinamikası, müdafiə qurğuları, yaşayış məhəllələri və ictimai tikililərin orta əsr şəhərlərinin quruluşundakı yeri kimi məsələlərə də diqqət yetirilib. Bu istiqamətdə aparılan arxeoloji tədqiqatların yazılı mənbələrlə müqayisəli şəkildə öyrənilməsinin əhəmiyyəti önə çəkilib.

Seminar çərçivəsində iştirakçılar arasında mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, səsləndirilən elmi yanaşmalar ətrafında müzakirələr keçirilib.

Tədbir Azərbaycanın çoxəsrlik şəhərsalma irsinin öyrənilməsi və təbliği, orta əsr şəhər mədəniyyətinin elmi əsaslarla araşdırılması, eləcə də ölkəmizin zəngin tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: