AMEA Folklor İnstitutunun Elmi .urasının genişləndirilmiş, hibrid formatlı iclasında Qərbi Azərbaycan folkloru və Aşıq yaradıcılığı şöbələrinin 2026-cı il üzrə elmi-tədqiqat fəaliyyətinin nəticələri müzakirə olunub.
İlk olaraq Qərbi Azərbaycan folkloru şöbəsinin hesabatı dinlənilib. Hesabatı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli təqdim edib.
Bildirilib ki, hesabat ilində şöbədə Qərbi Azərbaycan folklorunun tarixi-mədəni irs, kollektiv yaddaş, milli kimlik və ənənəvi düşüncə kontekstində araşdırılması, regional folklor mühitlərinin öyrənilməsi, deportasiya proseslərinin folklor yaddaşında təzahürləri, mərasim ənənələri, toponimlərin sakral-mifoloji semantikası və xalq yaradıcılığının janr xüsusiyyətlərinin tədqiqi istiqamətində elmi işlər aparılıb.
Şöbə əməkdaşlarının tədqiqatlarında mövsüm mərasimləri, Çillə bayramı, yallı irsi, Göyçə aşıq məktəbi, türk xalqlarının folklor ənənələri, deportasiyanın folklor yaddaşında əks olunması, Qərbi Azərbaycan mərasim mətbəxi, toponimlərin sakral-mifoloji semantikası, bayatılar, uşaq nağılları və toy nəğmələri kimi mövzular əhatə olunub.
Şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli il ərzində Qərbi Azərbaycan tarixi, mədəni irsi, milli kimlik və ictimai-siyasi məsələlərə həsr olunmuş 191 məqalə dərc etdirib. Şöbənin fəaliyyət planından əlavə istiqamətlər üzrə işləri çərçivəsində il ərzində tədbirlərdə iştirak və çıxışların sayı 99-a çatıb, 22 elektron resursda müsahibələr yayımlanıb, 15 beynəlxalq və respublika konfransında məruzələr təqdim edilib, 8 beynəlxalq konfransda iştirak təmin olunub. Həmçinin 14 televiziya müsahibəsi və verilişində çıxış edilib, 10 elmi-tərtibat kitabı hazırlanıb. Hesabatda şöbənin elmmetrik göstəriciləri üzrə 12 istinad və 2 h-indeks qeydə alınıb.
Hesabat dövründə şöbədə folklor irsinin tədqiqinə dair bir sıra nəşrlər işıq üzü görüb. “Batı Azerbaycan Aşık edebiyyatı (analizler, araştırmalar)” və “Türk xalqlarında «Tahir və Zöhrə» dastanı” adlı monoqrafiyalar çap olunaraq elmi ictimaiyyətə təqdim edilib.
Şöbə əməkdaşları il ərzində respublika və beynəlxalq elmi konfranslarda, simpoziumlarda və seminarlarda iştirak edərək məruzələrlə çıxış ediblər. Həmçinin Qərbi Azərbaycan Novruz mərasim mətbəxi, toponimlərdə sakral məkan anlayışları və Qərbi Azərbaycan folklorunun tədqiqinin elmi-nəzəri əsaslarına dair elmi seminarlar keçirilib. Folklor irsinin və tarixi yaddaşın təbliği istiqamətində media çıxışları və maarifləndirici tədbirlər də təşkil olunub.
Daha sonra Aşıq yaradıcılığı şöbəsinin hesabatı dinlənilib. Hesabatı şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Qurbanov təqdim edib.
Bildirilib ki, şöbədə Azərbaycan aşıq sənətinin regional xüsusiyyətləri, dastan söyləyiciliyi ənənələri, aşıq poeziyası və sənətkarların yaradıcılıq irsi istiqamətində tədqiqatlar aparılıb. Tacir Qurbanovun “Ağbaba aşıq mühitində Aşıq Qənbərin yaradıcılığı” adlı araşdırmasında sənətkarın yaradıcılığı, eləcə də döşəmə və qaravəlli ənənələri təhlil olunub.
Hesabat dövründə Tacir Qurbanovun müəllifi olduğu “Sözüm-söhbətin Ağbaba” və “İşıqlı adamlar – Cəfərzadələr” kitabları çap olunub. Əzizə Cəfərzadənin elmi əsərlərinin VI və VII cildləri Turan İbrahimovla birgə tərtib edilib, bir sıra digər kitabların redaktə və nəşrə hazırlanması işləri həyata keçirilib. “Çivinli” və “Aşıq Qənbər” kitablarının da nəşrə hazırlandığı bildirilib.
Şöbənin digər əməkdaşları tərəfindən dastanlarda zaman və məkan, aşıq yaradıcılığı, mifoloji əsaslar, dastan söyləyiciliyində qəhrəmanlıq və kimlik məsələlərinə dair tədqiqatlar aparılıb. Əməkdaşların elmi məqalələri dərc olunub və bir qismi isə nəşrə təqdim edilib, Türkiyə və Özbəkistanda keçirilən beynəlxalq elmi tədbirlərdə məruzələri dinlənilib.
Bununla yanaşı, toplanmış folklor nümunələrinin audioyazıları elektron formata keçirilərək rəqəmsal mühafizə üçün hazırlanıb.
Hər iki şöbənin hesabatı dinlənildikdən sonra İnstitutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev şöbələrdə elmi-tədqiqat planlarına uyğun aparılan araşdırmaların daha da dərinləşdirilməsi, əldə olunan elmi nəticələrin nüfuzlu beynəlxalq elmi bazalarda indekslənən jurnallarda nəşrinin vacibliyini vurğulayıb. O, Aşıq yaradıcılığı şöbəsinin 2027-ci il üzrə elmi-tədqiqat mövzularında nəzəri-metodoloji problemlərlə yanaşı, Dirili Qurbaninin yaradıcılığı, Azərbaycan aşıq sənətinin tarixi və regional xüsusiyyətləri, aşıq yaradıcılığına ifaçılıq və söyləyicilik ənənələri, eləcə də performans nəzəriyyəsi çərçivəsində yanaşma kimi istiqamətlərin əhatə olunmasını məqsədəuyğun hesab edib.
Hesabatlar müzakirə edildikdən sonra Elmi .uranın səsverməsinə çıxarılıb və şöbələrin 2026-cı il üzrə elmi-tədqiqat fəaliyyətləri məqbul hesab edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.