Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.11.2026 17:08
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda ərəb leksikoqrafiyasının inkişafında Azərbaycan alimlərinin roluna həsr olunmuş elmi seminar keçirilib

Şərqşünaslıq İnstitutunda ərəb leksikoqrafiyasının inkişafında Azərbaycan alimlərinin roluna həsr olunmuş elmi seminar keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Ərəb leksikoqrafiyasının inkişaf mərhələləri və bu prosesdə orta əsr Azərbaycan alimlərinin rolu” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan seminarın sədri, institutun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mehdi Kazmov Azərbaycan şərqşünaslığında ərəb dilçiliyi sahəsində institutun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Laura Orucovanın əvəzsiz xidmətləri olduğunu deyərək, onun seminarda ərəb leksikoqrafiyasının inkişafında Azərbaycan alimlərinin roluna dair məruzəsinin gənc şərqşünaslara böyük faydası olacağına əminliyini bildirib.

Laura Orucova seminarda “Ərəb leksikoqrafiyasının inkişaf mərhələləri və bu prosesdə orta əsr Azərbaycan alimlərinin rolu” adlı məruzə ilə çıxış edib.

Təqdim olunan məruzədə ərəb leksikoqrafiyasının inkişaf mərhələləri və bu sahədə orta əsr Azərbaycan alimlərinin misilsiz rolu ön plana çəkilib. Çıxışda lüğətçilik elminin yaranmasına Quran leksikasının təkan verdiyi, Xəlil ibn Əhməd əl-Fərahidinin fonetik-fonoloji və İsmayıl əl-Cövhərinin qafiyə metodlarının sonrakı lüğətlərin formalaşmasına həlledici təsir göstərdiyi vurğulanıb. Həmçinin Mahmud Kaşğarinin ilk ikidilli lüğətinin əhəmiyyəti və Şərq dillərinin qarşılıqlı əlaqəsi nəticəsində yaranan çoxdilli, qafiyəli və mənzum lüğətlərin yaranma zərurəti barədə bəhs edilib. Məruzə boyu Xətib Təbrizi, İzzəddin və Mahmud əz-Zəncanilər, Hübeyş Tiflisi, Hinduşah Naxçıvani, Hüsaməddin Xoyi və Əbdüllətif Firiştə oğlunun leksikoqrafik irsi xüsusi qeyd olunub. Yekunda isə orta əsr Azərbaycan alimlərinin tərtib etdiyi əsərlərin həm ərəb leksikoqrafiyasının zənginləşməsində, həm də milli dilçilik tariximizdə əhəmiyyətli yer tutduğu diqqətə çatdırılıb.

Sonda məruzə ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: