Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.11.2026 12:20
  • A-
  • A
  • A+

Folklor İnstitutunda rəqəmsal folklor sahəsində aparılan tədqiqatların nəticələri müzakirə edilib

Folklor İnstitutunda rəqəmsal folklor sahəsində aparılan tədqiqatların nəticələri müzakirə edilib

AMEA Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsi 2026-cı ildə rəqəmsal folklorun nəzəri-metodoloji problemlərinin araşdırılması, ənənəvi folklor irsinin rəqəmsal mühitdə transformasiyasının öyrənilməsi, türkoloji folklorşünaslığın yeni istiqamətlərinin işlənilməsi və süni intellekt texnologiyalarının humanitar tədqiqatlarda tətbiqi sahəsində fəaliyyətini davam etdirib.

Şöbənin elmi fəaliyyətində sosial-antropoloji folklorşünaslıq yanaşmaları əsasında texnokulturoloji çağırışların öyrənilməsinə, sosio-texnoloji platformalarda meydana çıxan folklorik yaradıcılıq proseslərinin semantik təhlilinə xüsusi diqqət yetirilib. Rəqəmsal kommunikasiya texnologiyalarının folklor yaradıcılığının məzmununa, məna yaratma mexanizmlərinə və sosial funksiyalarına təsiri araşdırılıb. Rəqəmsal folklor ənənəvi mətnlərin elektron mühitə keçidi kimi deyil, yeni kommunikasiya şəraitində məna və funksiyalar qazanan dinamik yaradıcılıq prosesi kimi nəzərdən keçirilib.

Hesabat ilində rəqəmsal türkoloji folklorşünaslığın konseptual əsaslarının və nəzəri-metodoloji prinsiplərinin işlənilməsi istiqamətində araşdırma aparılıb. Bu yanaşma türk xalqlarının folklor irsinin böyük verilənlər, süni intellekt, semantik modelləşdirmə və şəbəkə analizi əsasında müqayisəli öyrənilməsini, ortaq rəqəmsal folklor korpuslarının və açıq verilənlər bazalarının yaradılmasının elmi-nəzəri əsaslarının araşdırılmasını nəzərdə tutur. Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində AMEA-da keçirilən “Rəqəmsal Türkologiya” panelində bu konseptual yanaşmanın əsas müddəaları və inkişaf perspektivləri elmi ictimaiyyətə təqdim olunub.

Cari ildə rəqəmsal folklorun kollektiv yaddaş, milli kimlik və mədəniyyətlərarası kommunikasiya kontekstində öyrənilməsi də şöbənin əsas tədqiqat istiqamətlərindən biri olub. Qloballaşma və rəqəmsal texnologiyaların yaratdığı çevik kommunikasiya şəraitində mədəniyyətlərarası anlaşmanın nəzəri problemləri, fərqli kollektiv yaddaş və kimlik təcrübələrinin virtual mühitdə qarşılıqlı münasibətləri, folklorik məzmunların rəqəmsal platformalarda yayılması və yeni mənalar qazanması araşdırılıb. Rəqəmsal əlaqələrin genişlənməsinin özlüyündə mədəniyyətlərarası anlaşmanı təmin etmədiyi, bu prosesdə tarixi yaddaşın, mədəni fərqlərin və sosial təcrübələrin rolunun nəzərə alınmasının vacibliyi vurğulanıb. Bu elmi problemlər VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən UNESCO-UNITWIN Akademik Forumunda müzakirəyə çıxarılıb.

2026-cı il ərzində şöbənin elmi tədqiqat planında yer alan ənənəvi folklorun rəqəmsal mühitdə transformasiyası və mərasim mədəniyyətinin yeni kommunikasiya şəraitində dəyişən funksiyaları mövzusu üzrə də araşdırmalar aparılıb. Unudulmuş bəzi mərasimlərin rəqəmsal platformalarda yenidən aktuallaşması, ənənəvi mərasim elementlərinin virtual mühitdə yeni məna qazanması məsələləri elmi-nəzəri baxımdan araşdırılıb.

Şöbənin fəaliyyətində doktorant və magistrantların elmi tədqiqatlarına rəhbərlik, yeni elmi kadrların hazırlanması da mühüm yer tutub. Bu istiqamətdə “İnternet mühitində ritualların yenidən mənalandırılması: ənənəvi davranışdan virtual icraya” mövzusu üzrə fəlsəfə doktoru dissertasiyası və  “Ənənəvi və rəqəmsal folklorda demonoloji təsəvvürlər: inanc, qorxu və təhkiyə” mövzusu üzrə isə magistr dissertasiyası çərçivəsində tədqiqat aparılıb. 2026-cı ildə fəlsəfə doktoru hazırlığı üzrə doktorantura proqramı çərçivəsində isə “Ənənəvi və rəqəmsal folklorda yalan diskursu” mövzusunda araşdırmalara başlanılıb.

Eyni zamanda cari ildə şöbənin tədqiqat planına müvafiq olaraq “süni intellekt və folklor” problemi çərçivəsində araşdırma aparılmış, nəticələr ADA Universitetində keçirilən elmi seminarda “Süni intellekt çağında folklor: ənənələr necə dəyişir?” mövzusunun təqdimatı ilə müzakirəyə çıxarılıb.

Hesabat ilində AMEA Folklor İnstitutu və ETN İnformasiya Texnologiyaları İnstitutu ilə birgə “Smart Novruz tonqalı” layihəsinin konseptual və texnoloji əsasları hazırlanıb. Layihə ənənəvi Novruz mərasiminin rəqəmsal texnologiyalar vasitəsilə müasir təqdimat imkanlarının işlənilməsini nəzərdə tutur.

Hesabat ilində şöbə əməkdaşlarının elmi nəticələri Türkiyə, Qırğızıstan və Qazaxıstanda, eləcə də ölkə daxilində keçirilən beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumlarda təqdim olunub. Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunda rəqəmsal folklor və türkoloji folklorşünaslığın aktual problemləri müzakirə edilib. Türkiyə, Qazaxıstan və Özbəkistanın müvafiq elmi qurumları ilə əməkdaşlıq əlaqələri də davam etdirilib.

İl ərzində şöbə əməkdaşlarının 12 elmi məqaləsi çap olunub, 5 məqalə isə nəşrə təqdim edilib. Cari ildə həmçinin bir kitab və bir kitabın fəsli işıq üzü görüb.

Şöbənin institusional fəaliyyətində texnoloji infrastrukturun inkişafı da mühüm yer tutub. Rəqəmsal folklor materiallarının toplanması, arxivləşdirilməsi, sistemləşdirilməsi və gələcək tədqiqatlar üçün əlçatanlığının təmin edilməsi baxımından elektron resursların və informasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılıb. Bu yanaşma folklor irsinin rəqəmsal mühafizəsi ilə yanaşı, onun elmi dövriyyəyə daha geniş şəkildə daxil edilməsi üçün texnoloji imkanların formalaşdırılmasına xidmət edir.

Bu çərçivədə folklor.az saytının texniki infrastrukturu yenilənib, informasiya təhlükəsizliyinin təmin olunması və elektron resursların əlçatanlığının artırılması istiqamətində tədbirlər görülüb. 2026-cı ilin son rübünə olan məlumata əsasən folklor.az saytı 144 ölkədən ziyarət edilib, 32 mindən çox istifadəçi tərəfindən izlənilib və 107 mindən artıq səhifə baxışı qeydə alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: