Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.11.2026 12:02
  • A-
  • A
  • A+

Sovet rejiminin 1946–1953-cü illər deportasiya siyasəti mövzusunda dəyirmi masa keçirilib

Sovet rejiminin 1946–1953-cü illər deportasiya siyasəti mövzusunda dəyirmi masa keçirilib

AMEA-nın Tarix və Etnologiya İnstitutunda “II Dünya müharibəsindən sonra ermənilərin xaricdən Ermənistan SSR-ə (Qərbi Azərbaycana) köçürülməsi və azərbaycanlıların tarixi torpaqlarından deportasiyası (1946–1953-cü illər)” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Tarix və Etnologiya İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev bildirib ki, müharibənin sonunda beynəlxalq nüfuzu artan SSRİ rəhbərliyi Türkiyənin şərq vilayətlərinə ərazi iddiaları qaldırmışdı. SSRİ Xalq Komissarları Sovetinin xarici ölkələrdəki ermənilərin Sovet Ermənistanına köçürülməsi haqqında 21 noyabr 1945-ci il tarixli  qərarına əsasən  Suriya, Livan, Yunanıstan, İran, Bolqarıstan, Rumıniya, Misir, Fransa və ABŞ kimi ölkələrdən erməni ailələri Ermənistan SSRİ-yə, Qərbi Azərbaycan ərazisinə  gətirilmişdi. Məhz həmin dövrdə, yəni 1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Soveti 100 min azərbaycanlının  Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülməsi haqqında, 10 mart 1948-ci ildə isə azərbaycanlıların köçürülməsinin icra mexanizmini sürətləndirən əlavə tədbirlər barədə qərar vermişdir.

Dəyirmi masada Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “II Dünya müharibəsindən sonra xarici ölkələrdən ermənilərin SSRİ-yə köçürülməsi və Ermənistan SSR-in Azərbaycan SSR-ə ərazi iddiaları” mövzusunda çıxış edərək müharibədən sonrakı dövrdə ermənilərin xaricdən SSRİ-yə köçürülməsi prosesi və bununla əlaqəli ərazi iddiaları məsələləri diqqətə çatdırıldı. Rəsmi məlumatlara görə, sovet hakimiyyətinin köçürülmə siyasəti nəticəsində təkcə 1946–1949-cu illərdə 100 min nəfər erməni Ermənistan SSR ərazisində məskunlaşdırılmışdır. Cəbi Bəhramov dedi ki, sovet tarixşünaslığında “repatriasiya” adlandırılan bu proses Cənubi Qafqazdakı etnik-demoqrafik mənzərəni dəyişmək və azərbaycanlıların tarixi torpaqlarından deportasiyasına zəmin yaratmaq məqsədi daşıyırdı.

Qərbi Azərbaycan tarixi şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafayev “1946-cı ildə SSRİ rəhbərliyinin xarici ölkələrdən ermənilərin Ermənistan SSR-ə (Qərbi Azərbaycan) köçürülməsi qərarı və onun ağır nəticələri” mövzusunda çıxış edərək bildirdi ki, bu proseslə paralel olaraq azərbaycanlıların Kür-Araz ovalığına köçürülməsi nəticəsində Ermənistan SSR-də monoetnik mühitin formalaşdırılması istiqamətində ciddi addım atıldı, 200-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirildi, məktəblər, milli mədəniyyət ocaqları bağlandı. İqlim şəraitinə uyğunlaşa bilməyən, dağlıq ərazilərdən isti və susuz Kür-Araz ovalığına köçürülən minlərlə azərbaycanlı ağır sosial-məişət şəraiti və xəstəliklər səbəbindən dünyasını dəyişdi. Azərbaycanlıların deportasiyası nəticəsində Ermənistan rəhbərləri Əştərək, Aşağı Qaranlıq, Qarabağlar, Ellər, Eçmiədzin və Hoktenmberyan rayonlarından azərbaycanlıların izinin silinməsinə nail oldular.

Şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov isə “Xarici ölkələrdən ermənilərin SSRİ-yə köçürülməsi qərarı və Ermənistan SSR-dən azərbaycanlı əhalinin deportasiyası (1948–1953-cü illər)” mövzusunda məruzəsində azərbaycanlı əhalinin tarixi torpaqlarından deportasiyası məsələsinə geniş izah edərək bu prosesin tarixi aspektlərini diqqətə çatdırdı. Bildirdi ki, 1948-1953-cü illərdə ümumilikdə 150 min nəfərdən çox azərbaycanlı zorla Kür-Araz ovalığına köçürülmüş, onların boşalmış evlərinə xaricdən gələn ermənilər yerləşdirilmişdir. Bəxtiyar Həsənov dedi ki, bu prosesə yalnız yarım əsr sonra, xalqımızın Ümummilli lideri Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli fərmanı ilə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdi.

Dəyirmi masada İkinci dünya müharibəsindən sonrakı dövrdə baş verən köçürülmə və deportasiya proseslərinin tarixi, siyasi və demoqrafik nəticələri müzakirə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: