Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2026 10:34
  • A-
  • A
  • A+

“Qorxunun arxeologiyası: keçmişdən müasir art-terapiyaya” adlı seminar-layihə keçirilib

“Qorxunun arxeologiyası: keçmişdən müasir art-terapiyaya” adlı seminar-layihə keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında Xəzər Universitetinin Tarix müəllimliyi ixtisası üzrə II kurs tələbəsi, Arxeoloji Dərnəyin üzvü və AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında könüllü fəaliyyət göstərən Fidan İlyasovanın müəllifi olduğu “Qorxunun arxeologiyası: keçmişdən müasir art-terapiyaya” adlı seminar-layihə həyata keçirilib.

Tədbirə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri Orxan Zamanov giriş nitqi ilə başlayaraq iştirakçıları salamlayıb və seminarın mövzusunun aktuallığına diqqət çəkib.

Seminarın elmi-maarifləndirici hissəsində qorxu fenomeninə arxeoloji, antropoloji və psixoloji aspektlərdən yanaşılaraq qədim cəmiyyətlərin ölüm, naməlumluq və fövqəltəbii qüvvələrlə bağlı inancları, bu inancların maddi mədəniyyətdə əks olunma formaları və qorxu hissinin tarixi kökləri müzakirə edilib.

Məruzə zamanı Polşanın Drawsko nekropolunda aşkar edilmiş və elmi ədəbiyyatda “vampir dəfnləri” kimi tanınan arxeoloji nümunələrə toxunulub. Dəfn zamanı ölülərin geri qayıtmasının qarşısını almaq məqsədilə tətbiq edilən ritual müdaxilələr, o cümlədən boyun nahiyəsinə oraq yerləşdirilməsi və cəsədin üzərinə daş qoyulması kimi praktikalar qədim insanların ölüm və fövqəltəbii qüvvələrlə bağlı qorxularının maddi ifadəsi kimi təqdim olunub.

Bununla yanaşı, Qədim Misir sivilizasiyasında ölüm və axirət həyatı ilə bağlı inanclar, misirlilərin ruh anlayışında Ka, Ba və Akh komponentlərinin yeri, mumiyalama prosesi və ürəyin çəkilməsi mərasimi haqqında məlumat verilib. İnsanın ürəyinin həqiqət və ədalət ilahəsi Maatın lələyi ilə müqayisə edilməsi, günahların ağırlığını simvolizə edən bu mərasimin mifoloji və dini əhəmiyyəti izah olunub.

Seminarda qorxunun psixoloji tərəflərinə də xüsusi yer ayrılıb. Karl Qustav Yunqun kollektiv şüuraltı və arxetiplər nəzəriyyəsi, eləcə də Ziqmund Freydin psixoanalitik yanaşması əsasında qorxuların insan psixikasında formalaşması və onların simvollar vasitəsilə ifadəsi araşdırılıb. Arxeoloji qazıntılarda keçmişə aid maddi izlərin üzə çıxarılması ilə psixoanalizdə şüuraltı təcrübələrin araşdırılması arasında paralellər aparılıb.

Seminarın növbəti hissəsində tarixi və psixoloji biliklər müasir art-terapiya yanaşması ilə əlaqələndirilib. Qorxunun yalnız nəzəri və şifahi şəkildə müzakirə olunması ilə kifayətlənməyərək onun yaradıcı fəaliyyət vasitəsilə ifadə edilməsi, xüsusilə rəsm ilə işləməyin insanın daxili emosiyalarını maddiləşdirməsi və xaricə yönəltməsi – eksternalizasiya prosesi haqqında danışılıb.

Tədbirin sonunda iştirakçıların seminarda əldə etdikləri bilikləri praktik şəkildə tətbiq etmələrinə imkan yaradan yaradıcı fəaliyyət həyata keçirilib. Bu mərhələ seminarın yalnız mühazirə formatında qalmamasına, nəzəri biliklərin praktiki təcrübə ilə tamamlanmasına şərait yaradıb.

Seminar iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: