Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.11.2026 17:50
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Şərqşünaslıq İnstitutunda “Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Noyabrın 20-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Kofransa sədrlik edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan və İraq türkmanları arasında tarixi və mədəni əlaqələrin çox zəngin və çoxşaxəli olduğunu deyərək, bu əlaqələrin köklərinin qədim dövrlərə gedib çıxdığını, əsasən orta əsrlərdən başlayaraq siyasi, etnik və mədəni istiqamətlərdə inkişaf ediyini bildirib.

Bu əlaqələrin əsas mənbəyinin ortaq Oğuz türklüyü, birgə dövlətçilik tarixi və müasir dövrdəki mədəni əməkdaşlıq olduğunu söyləyən akademik Azərbaycan və İraq-türkman əlaqələrinin inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə qeyd edib və Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar olaraq dövlət dəstəyi sayəsində İraqda həyata keçirilən tədbirlərin bu istiqamətdə böyük hadisə olduğunu nəzərə çatdırıb. G.Baxşəliyeva bildirib ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və səyləri nəticəsində Azərbaycanın türk dövlətləri ilə əlaqələri genişlənib və ölkəmizin qarşılıqlı əməkdaşlığının hədəfləndiyi türk xalqlarından biri də heç şübhəsiz ki, İraq türkmanlarıdır. İraqda yaşayan türkmanlarla elmi əlaqələrin qurulmasının yaxın perspektivdə qarşıda duran əsas hədəflərdən olduğunu deyən akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutu da elmi müəssisə kimi İraq türkmanlarının  tarixi, dili və ədəbiyyatı sahəsində aparılan tədqiqatlarda, o cümlədən iki qardaş xalq arasında əlaqələrin inkişaf etdirilməsində fəal iştirak etdiyini diqqətə çatdırıb.

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) sədri, fəlsəfə doktoru Elçin Əsgərov azərbaycanlılarla İraq türkmanlarının eyni kökə, eyni dilə sahib olmasını deyərək, türkmanların dilinin qorunması üçün  mühüm addımların atılmasının labüdlüyünü qeyd edib və bu istiqamətdə ABİA-nın Şərqşünaslıq İnstitutu ilə birgə gördüyü işlərdən bəhs edib.

Daha sonra məruzələrə başlanılıb. Bağdad Universitetinin professoru Mahmud Xəlil Cəfər Çayırlı konfransda “İraq türkmanlarının dil problemləri: İraq orta təhsil  müəssisələrində türkman dilinin tədrisi vəziyyəti” mövzusunda məruzə edib. “O millət ki, dilini itirər, tarixini itirər” deyən M.Çayırlı türkman dilinin qorunması üçün görülən işlər sırasında Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevin müəllifi olduğu "İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)" və “Türkman dili: ibtidai siniflər üçün qaydalar (I-IV siniflər)” kitablarının əhəmiyyətini qeyd edib.

Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev “Milli kimliyin qorunmasında dil amilinin rolu və İraq türkmanlarının dil problemləri: reallıqlar və perspektivlər” mövzusunda məruzə edib.

Müxtəlif siyasi, sosial və mədəni şəraitlərdə yaşayan xalqların milli varlığının qorunmasında ana dilinin mühüm rol oynadığını, xüsusilə, müxtəlif dövlətlərin tərkibində yaşayan, coğrafi baxımdan öz tarixi vətənindən ayrı düşən və çoxmədəniyyətli mühitdə mövcudluğunu davam etdirən etnik icmalar üçün ana dilinin qorunmasının strateji əhəmiyyət daşıdığını deyən E.Mustafayev bu baxımdan İraq türkmanlarının dil məsələsinin xüsusi aktuallıq kəsb etdiyini bildirib: “İraq türkmanları əsrlər boyu İraqın şimal və mərkəzi bölgələrində, xüsusilə Kərkük, Ərbil, Mosul, Tuzxurmatu, Telafer və digər yaşayış məntəqələrində məskunlaşaraq özünəməxsus dil, ədəbiyyat, folklor və mədəniyyət mühiti formalaşdırmışlar. Onların dili Azərbaycan dili ilə ortaq oğuz-türk dil sisteminə və zəngin tarixi-mədəni əlaqələrə malikdir. Bununla yanaşı, İraq türkmanlarının yaşadıqları coğrafi, siyasi və sosial şərait onların dilinin inkişafına, qorunmasına və gələcək nəsillərə ötürülməsinə müəyyən təsirlər göstərmişdir”.

Müasir dövrdə qloballaşma, urbanizasiya, informasiya texnologiyalarının sürətli inkişafı və müxtəlif dillərin dominantlığının kiçik və regional dil icmaları qarşısında yeni çağırışlar yaratdığını deyən məruzəçi bu çağırışların İraq türkmanlarının dil mühitində də özünü göstərdiyini, İraq türkmanlarının dil problemlərinin araşdırılmasının yalnız dilçilik baxımından deyil, həm də milli kimlik, mədəni təhlükəsizlik, tarixi irsin qorunması və ümumtürk mədəni inteqrasiyası kontekstində əhəmiyyətli olduğunu nəzərə çatdırıb. E.Mustafayev bu günlərdə çap etdirdiyi “Türkman dili: ibtidai siniflər üçün qaydalar (I-IV siniflər)” dərsliyi və yeni istifadəyə verilən turkoman.org saytı barədə məlumat verib.

“Türkman mədəniyyəti” jurnalının baş redaktoru Sabah Kərküklü konfransda “Azərbaycan və İraq türkmanları arasında ədəbi əlaqələrin formalaşması və inkişaf dinamikası” mövzusunda məruzə edib. Məruzəçi xalqlarımız arasında əlaqələrin tarixindən bəhs edərək, bu sahədə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin xüsusi xidmətlərinin olduğunu qeyd edib.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü “Məhəmməd Füzuli: Azərbaycan və İraq türkmanlarının ortaq mənəvi dəyəri” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, Məhəmməd Füzuli yalnız Azərbaycan ədəbiyyatının deyil, eyni zamanda İraq türkmanlarının da ədəbi yaddaşının, dil və mədəniyyət tarixinin mühüm simalarından biridir: “Onun İraq mühiti ilə bağlılığı bu ortaq irsin tarixi əsaslarını təşkil edir. İraq türkman ədəbiyyatının tarixi inkişafında Füzulinin öz yeri var. Tədqiqatlarda İraq türkman ədəbiyyatının klassik mərhələsi Nəsimi və Füzuli kimi sənətkarlarla əlaqələndilirilir. Bu mənada Füzuli Azərbaycan və İraq türkmanları arasında ortaq mənəvi körpü, ümumi ədəbi yaddaşın və mənəvi varisliyin nümunəsidir. Əta Tərzibaşı, Əbdüllətif Bəndəroğlu, Məhəmməd Mehdi Bayat və digər İraq türkman alimlərinin yaradıcılığını araşdırdığı Məhəmməd Füzuli irsi yalnız ədəbi keçmişimizin deyil, həm də ortaq mənəvi gələcəyimizin dayaqlarından biridir”.

Konfransda həmçinin müstəqil araşdırmaçı, yazar Mehdi Saadunun “Azərbaycan-İraq türkmanlarının mənşəyi və müştərək dövlətçilik ənənələri" və Körpü - Türkman İrsi Araşdırmalar Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevin “Türkman etnoittifaqdan etnik kimliyə” mövzusunda məruzələri dinlənib. Sonda məruzələr ətrafında müzakirələrin iştirakçıları, o cümlədən İraqdan olan qonaqlar – İraq Gənclər və İdman Nazirliyinin baş direktorunun müavini doktor Muhəmməd Macul Şəkur əl-Bayati, Telafer şəhərinin meri Xəlil Möhsin əl-Həbiş və İraq Parlamentinin 4-cü çağırış deputatı Ləyal Muhəmməd Əli Yunis İraq türkmanlarının dilinin qorunması üçün atılan addımların əhəmiyyətini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: