Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.11.2026 14:02
  • A-
  • A
  • A+

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı olub

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı olub

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, həkim və yazıçı Zərifə Quliyevanın şəhid və qazilərimizin qəhrəmanlığına həsr etdiyi “Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, elm, mədəniyyət və ictimaiyyət nümayəndələri, ziyalılar və qonaqlar iştirak ediblər.

Mərasim Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Vətənimizin qəhrəmanlıq tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Prezident Kitabxanasının direktorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, Milli Məclisin deputatları Vüqar İskəndərov və Ülviyyə Həmzəyeva, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, modelyer-rəssam Fəxriyyə Xələfova, eləcə də YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış ediblər.

Natiqlər “Qəhrəmanlıq Zirvəsi” kitabının tarixi və mənəvi dəyərindən söz açaraq, Vətən uğrunda fədakarlıq göstərən qəhrəmanların həyat və döyüş yoluna göstərilən həssas münasibəti yüksək qiymətləndiriblər. Vurğulanıb ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və qazilərimizin döyüş salnaməsinin gələcək nəsillərə çatdırılması milli yaddaşın qorunması, eləcə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm rol oynayır.

Kitabın müəllifi Zərifə Quliyeva çıxışında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin milli birlik, qəhrəmanlıq və Vətənə sədaqət salnaməsi olduğunu bildirib. O, şəhidlərin müqəddəs xatirəsinin yaşadılmasını və qazilərin şərəfli döyüş yolunun qələmə alınmasını hər bir yaradıcı insanın mənəvi borcu kimi dəyərləndirib. Müəllif qeyd edib ki, “Qəhrəmanlıq Zirvəsi” qəhrəmanlarımıza sonsuz ehtiram və minnətdarlığın ifadəsidir.

Tədbir iştirakçıları belə nəşrlərin milli-mənəvi dəyərlərin qorunması və qəhrəmanlıq ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: