Noyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Konfransın əsas məqsədi Azərbaycan və İraq türkmanları arasında tarixən formalaşmış əlaqələrin araşdırılması, ortaq tarixi-mədəni irsin öyrənilməsi, habelə iki xalq arasında elmi, mədəni və ictimai əməkdaşlığın inkişafına töhfə verməkdir.
Tədbirin açılışında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının sədri Elçin Əsgərov çıxış ediblər.
Beynəlxalq konfransda Azərbaycan və İraq türkmanlarının tarixi kökləri, etnik və milli kimlik məsələləri, ortaq dövlətçilik ənənələri, ana dilinin qorunması, ədəbi əlaqələrin inkişafı və mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi məsələlərinə diqqət yetirilir.
Tədbir çərçivəsində türkman dilinin tədrisi vəziyyəti, milli kimliyin qorunmasında dil amilinin rolu, Azərbaycan və İraq türkmanları arasında ədəbi əlaqələrin formalaşması, Məhəmməd Füzulinin hər iki xalq üçün ortaq mənəvi dəyər kimi əhəmiyyəti, habelə türkmanların mənşəyi və müştərək dövlətçilik ənənələri ilə bağlı məsələlər nəzərdən keçirilir.
Konfrans Azərbaycan və İraq türkmanları arasında ortaq tarixi yaddaşın qorunması, mədəni irsin tədqiqi, elmi əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.