Noyabrın 20-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xalq şairi, yazıçı, kinossenarist, tərcüməçi Ramiz Rövşənin 80 illik yubileyinə həsr olunmuş “Uşaqdan-böyüyə hamının Ramiz Rövşəni” mövzusunda ədəbi-musiqili tədbir keçirilib.
Tədbiri açan muzeyin direktoru akademik Rafael Hüseynov Xalq şairi Ramiz Rövşəni müasir Azərbaycan poeziyasının böyük söz ustalarından biri və xalqın mənəviyyat aləmini, həqiqətlərini görən mütəfəkkir şair kimi dəyərləndirib.
Alim qeyd edib ki, Ramiz Rövşənin uşaq poeziyası sadə, səmimi və obrazlı dili ilə seçilir. Şair uşaq dünyasına böyüklərin nəsihəti ilə deyil, uşağın öz təxəyyülü və maraqları ilə yanaşır.
Akademik Rafael Hüseynov Azərbaycan tədrisi və ədəbiyyatı tarixində, yetişən nəslin maariflənməsində böyük şairlərin yaratdığı şeir nümunələrinin xüsusi rol oynadığını vurğulayıb. Qədim dövrdə Sədi Şirazinin “Gülüstan”ı, sonrakı dövrlərdə Mirzə Ələkbər Sabirin, Seyid Əzim Şirvaninin, Abdulla Şaiq və digər ədiblərin uşaqlara həsr olunmuş əsərlərinin balacaların zehnən və mənən formalaşmasındakı əhəmiyyətini qeyd edib. Akademik söyləyib ki, bu gün Ramiz Rövşənin şeirlərini əzbər deyən uşaqlar o misraları heç vaxt unutmayacaqlar. Onillər keçdikdən sonra həmin şeirləri yada salacaq və oradakı hikmətli mənalara varacaqlar.
Rafael Hüseynov məktəblilərə elm və bilik qazanmaq yolunda da tövsiyələrini verib, onların da sıralarından Ramiz Rövşən kimi, dahi Nizami, Füzuli, Sabir, Cavid kimi ədiblərin yetişməsini arzulayıb.
Daha sonra tədbirdə Bakı şəhərinin müxtəlif məktəblərindən olan şagirdlər şairin uşaqlar və yeniyetmələr üçün qələmə aldığı şeirlərini söyləyib, sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.
Tədbirdə 160 nömrəli Klassik Gimnaziyanın, Texniki və təbiət fənləri təmayüllü 3 nömrəli məktəb-liseyin, Ruslan Çerneqa adına 245 nömrəli, Məhəmmədhüseyn Şəhriyar adına 193 nömrəli, Elçin Şəmiyev adına 149, Bakı-Türk orta məktəbinin, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksinin, Elçin Mansurov adına 88 nömrəli, həmçinin 70 nömrəli məktəb-liseyin, Etibar Əliyev adına 162 nömrəli, Həzi Aslanov adına 175 nömrəli tam orta məktəblərin və digər təhsil ocaqlarının balaca istedadları çıxış ediblər.
Sonda məktəblilər muzeyin fəxri fərmanları ilə təltif olunublar.