AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayeva 19-22 noyabr 2026-ci il tarixlərində Türkiyənin Antalya şəhərində təşkil edilən Türk Dünyasının 6-cı Beynəlxalq Təhsil və Sosial Elmlər Konqresində iştirak dib.
Alim konqresdə “Siyasi mədəniyyət, ideologiya və mentalitet kontekstində Türk Dünyası” adlı məruzə ilə çıxış edib, eyni zamanda konqres iclaslarından birinə sədrlik edib.
Roida Rzayeva məruzəsində siyasi mədəniyyətin, ideologiyanın və mentalitetin müəyyən mədəni arealın formalaşmasında və inkişafında oynadığı roldan bəhs edib. Cəmiyyətin zehni məkan kimi fəaliyyət göstərdiyi, öz mədəniyyəti vasitəsilə saysız-hesabsız zehni münasibət və ideyaların sintezini yaratdığı və bu kontekstdə reallığın birtərəfli qavrayışına və xüsusi dünya görüşünə malik olduğu vurğulanıb. Məruzədə bu vəziyyətin Türk dünyası daxil olmaqla müəyyən bir mədəni bölgəyə xas olduğu, buna görə də bu özünəməxsusluğun siyasi mədəniyyət, ideologiya və düşüncə tərzi baxımından araşdırılmasının məqsədəuyğunluğu qeyd olunub.
Professor məruzəsində qeyd edir ki, siyasi mədəniyyətin intellektual və mənəvi müstəvisi ideologiyanın ruh, elm, dil və digər komponentlərlə birbaşa qarşılıqlı təsirdə müstəqil bir varlıq kimi meydana çıxmasına imkan verir. Məruzədə həmçinin bildirilir ki, mədəni və əxlaqi çərçivə daxilində ideologiya insanları bir araya gətirən dünya görüşü kimi funksionallaşır. Vurğulanır ki, bu yanaşma onun müasir “siyasi texnologiya” kimi siyasi-elmi interpretasiyasından tamamilə fərqlənir.
Alim qeyd edib ki, siyasi mədəniyyət və ideologiya arasındakı qarşılıqlı əlaqəni araşdıran təhlil bu qarşılıqlı təsirin xüsusiyyətlərini və kollektiv düşüncə tərzinin özünəməxsus təbiətini ortaya qoyur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.