AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşlarının İtaliyaya elmi ezamiyyəti zamanı Azərbaycan ədəbiyyatı və tarixinə dair mühüm əlyazma nümunələri aşkarlanıb. Səfərin əsas məqsədi Azərbaycanın zəngin ədəbi-mədəni irsinin Avropa kitabxanalarında qorunan izlərini araşdırmaq, Azərbaycanla bağlı orta əsr əlyazmalarını üzə çıxarmaq, Şərq əlyazma kolleksiyalarında Azərbaycan ədəbiyyatının və şərqşünaslığının görkəmli nümayəndələrinin əsərlərini müəyyənləşdirmək olub. Vatikan, Venesiya və Florensiya kitabxanalarında aparılan araşdırmaların nəticələri, əlyazmaların elmi əhəmiyyəti barədə AzərTac-ın suallarını institutun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü cavablandırıb.
-Ruhəngiz xanım, İtaliyanın nüfuzlu elmi-mədəni müəssisələrində apardığınız araşdırmaların əsas məqsədi nə idi və bu səfər çərçivəsində qarşınıza hansı elmi vəzifələr qoymuşdunuz?
-Biz tədqiqata Şərqşünaslıq İnstitutunun Rəqəmsal Şərqşünaslıq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əliyeva birgə getmişdik. Tədqiqatın məqsədi haqqında Azərbaycan Respublikasının İtaliyadakı səfiri Elçin Hüseynli və səfirliyin diplomatı, mədəniyyət məsələləri üzrə məsul şəxs Nigar Qurbanova Ramazanlıya məlumat verdik. Görüş zamanı Şərqşünaslıq İnstitutunun nəşrlərini və AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın “Ethnic Identity of Nizami Ganjavi”, professor Mehdi Kazımovun “Khamse of Nizami Ganjavi and Literature in Persian” monoqrafiyaları, eləcə də Şuşa və Xocalı haqqında ərəb, fars, türk, ingilis, rus və çin dillərində hazırlanmış kitabları da təqdim edildi.
– Araşdırmalarınız üç nüfuzlu kitabxanada aparılıb. Bu müəssisələrin Azərbaycan elmi və mədəni irsinin öyrənilməsi baxımından əhəmiyyəti nədən ibarətdir?
-Bu kitabxanalar yalnız Avropanın deyil, bütövlükdə dünya sivilizasiyasının yazılı yaddaşını qoruyub saxlayan nadir elm və mədəniyyət mərkəzlərindəndir. Onların Şərq əlyazmaları kolleksiyaları Azərbaycan ədəbiyyatının, tarixinin və mədəni əlaqələrinin öyrənilməsi üçün mühüm mənbələr təqdim edir. Araşdırmalarımız zamanı Azərbaycanla bağlı orta əsr əlyazma irsinin üzə çıxarılmasına, müxtəlif dillərdə qorunan mənbələrin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirdik.
Vatikan Apostol Kitabxanasında qorunub saxlanan Şərq əlyazmaları İslam dünyasının elmi və ədəbi tarixinin, eləcə də Şərq xalqları arasında mövcud olmuş mədəni münasibətlərin araşdırılması baxımından böyük elmi əhəmiyyətə malikdir. Kitabxananın şöbə müdiri dosent Federika Orlando ilə fikir mübadiləsi zamanı Azərbaycana dair əlyazma materiallarının aşkarlanması və araşdırılmasının Azərbaycan elmi və mədəniyyətinin beynəlxalq əlyazma məkanında mövcudluğunu öyrənmək baxımından əhəmiyyətini vurğuladıq. Görüşdə, həmçinin əlyazmaların rəqəmsallaşdırılması və rəqəmsal şərqşünaslıq məkanının əhəmiyyəti barədə maraqlı dialoq oldu.
– Venesiyanın Marçiana Milli Kitabxanasında hansı maraqlı əlyazma nümunələri ilə qarşılaşdınız?
-Marçiana Kitabxanası XVI əsrdən etibarən zəngin kitab və əlyazma kolleksiyaları ilə tanınır. Burada 233 Şərq əlyazmasından ibarət kataloqların sırasında Jacopo Nani, Codici Orientali və Piemantece kolleksiyaları mövcuddur. Bu kolleksiyaları araşdırarkən ərəb, fars və türk dillərində əsərlər aşkarladıq. Onların arasında XV əsrə aid Əhmədinin “İsgəndərnamə” əsəri, eləcə də “Lettera da San Ciorcia”da Nizaminin “Xəmsə” ənənəsi haqqında maraqlı məlumatlar xüsusi əhəmiyyət kəsb edir. Aşkarlanan əsərlər əlavə və xüsusi tədqiqat tələb edir. Venesiya coğrafi mövqeyi və tarixən Şərq, xüsusilə Səfəvilər dövləti ilə qurduğu diplomatik və mədəni münasibətləri baxımından mühüm mərkəzlərdən birinə çevrilib. Bu səbəbdən Marçiana Kitabxanasının Şərq əlyazmaları kolleksiyası Azərbaycan elmi üçün də maraqlı tədqiqat imkanları yaradır. Həmin əlyazmaların elmi baxımdan öyrənilməsi yalnız mətn tarixinin deyil, həm də onların yayılma coğrafiyasının, xalqlar arasında ədəbi əlaqələrin araşdırılmasına imkan verir.
– Florensiyanın Mediçi Laurensiana Kitabxanasında apardığınız araşdırmalar zamanı hansı mühüm mənbələri müəyyənləşdirdiniz?
-Mediçi Laurensiana Kitabxanası Azərbaycanın orta əsrlər ədəbiyyatının, ərəb, fars və türk dillərində yazılmış mənbələrinin araşdırılması baxımından çox maraqlı mərkəzdir. Burada rəsmi məlumata görə, 902 nüsxə əlyazma qorunur. 1584-cü ildə kardinal Ferdinando de Mediçi Romada Şərq mətbəəsi – Stamperia Orientale Medicea-nı yaradıb. Bu məqsədlə ərəb, fars, türk, siryani, ivrit və digər dillərdə çoxsaylı əlyazmalar əldə olunub. 1684-cü ildə isə Şərq əlyazmaları kolleksiyası Florensiyaya gətirilib. Bu tarixlər Azərbaycan ədəbi irsinin Avropaya yayılması tarixinin araşdırılması baxımından maraq doğurur. Araşdırmalarımız zamanı kitabxananın İtala Pizzi, Angelo Michele Piemontece və Orientali kataloqlarında Nizami Gəncəvinin “Xəmsə” əlyazmalarını, XV-XVI əsrlər Azərbaycan tarixinə, xüsusilə Şah İsmayıl Xətainin hakimiyyətinə dair mühüm mənbə sayılan tarixçi Qiyasəddin Xandəmirin “Həbib əs-Siyər” əsərinin əlyazma nüsxəsini, həmçinin Nizami ədəbi məktəbinin davamçısı Hamdinin “Tuhfatul-uşşaq” əsərinin əlyazmasını aşkarladıq.
– Xüsusilə Nizami Gəncəvinin “Xəmsə”si və onun ədəbi məktəbinin davamçılarına aid əsərlərin Avropa kitabxanalarında qorunması nəyi göstərir?
-Bu əsərlərin kitabxanaların əlyazma kolleksiyalarında qorunması Azərbaycan elminin və ədəbi irsinin beynəlxalq miqyasda yayılmasının tarixi göstəricisidir. Nizami Gəncəvinin “Xəmsə” əlyazmalarının, eləcə də onun ədəbi məktəbinin davamçısı Hamdinin əsərinin müəyyənləşdirilməsi Azərbaycan ədəbiyyatının orta əsrlərdəki inkişafının, ədəbi ənənələrin davamlılığının və müxtəlif coğrafiyalarda yayılmasının öyrənilməsi üçün əhəmiyyətlidir.
– Qiyasəddin Xandəmirin “Həbib əs-Siyər” əsərinin əlyazma nüsxəsinin aşkarlanması da səfərin mühüm nəticələrindəndir. Bu mənbənin tarixi əhəmiyyətini necə qiymətləndirirsiniz?
-Qiyasəddin Xandəmirin “Həbib əs-Siyər” əsəri XV-XVI əsrlər Azərbaycan tarixi, xüsusilə Şah İsmayıl Xətainin hakimiyyəti dövrünün öyrənilməsi baxımından ən mötəbər mənbələrdən biri hesab olunur. Bu əsərin əlyazma nüsxəsinin Florensiyanın Mediçi Laurensiana Kitabxanasında qorunması Azərbaycan tarixinin Avropa kitabxanalarında saxlanılan yazılı mənbələr əsasında araşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Bu kitabxanalarda apardığımız araşdırmalar yalnız Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Avropa kitabxanalarındakı izlərinin öyrənilməsi baxımından deyil, həm də İtaliya-Azərbaycan mədəni əlaqələrinin tarixi aspektlərinin tədqiqi baxımından əhəmiyyətlidir. Bu əlaqələrin kökündə əsrlər boyu formalaşmış Şərq-Qərb münasibətləri, ticarət yolları, səyyahların qeydləri, diplomatik təmaslar və mədəni mübadilə dayanır. Hesab edirəm ki, əldə olunan nəticələr İtaliya və Azərbaycan arasında elmi əməkdaşlığın genişləndirilməsi, əlyazmaların kataloqlaşdırılması və rəqəmsallaşdırılması baxımından yeni imkanlar yaradır. Aşkarlanan əlyazmalar Azərbaycanın zəngin ədəbi-mədəni irsinin müxtəlif ölkələrin kitabxanalarında qorunduğunu göstərir. Bu mənbələrin sistemli şəkildə öyrənilməsi, elmi dövriyyəyə daxil edilməsi və rəqəmsallaşdırılması həm milli irsimizin beynəlxalq miqyasda tanıdılması, həm də Şərq-Qərb mədəni əlaqələrinin daha dərindən tədqiqi baxımından mühüm əhəmiyyət daşıyır.