Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Vatikandan Britaniyaya uzanan izlər: Azərbaycanın əlyazma xəzinəsi dünya arxivlərində
23.11.2026 16:58
  • A-
  • A
  • A+

Vatikandan Britaniyaya uzanan izlər: Azərbaycanın əlyazma xəzinəsi dünya arxivlərində

Azərbaycanın zəngin yazılı və əlyazma irsinin üzə çıxarılması, xarici ölkələrin kitabxana və arxivlərində qorunan tarixi mənbələrin aşkar edilməsi və elmi tədqiqata cəlb olunması istiqamətində araşdırmalar davam etdirilir.

Bu barədə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan bildirilib.

Qeyd olunub ki, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, Azərbaycan müəlliflərinin əsərlərinin xarici ölkələrdə qorunan nüsxələrinin müəyyənləşdirilməsi və onların surətlərinin ölkəmizə gətirilməsi istiqamətində mühüm işlər görülür. Azərbaycan əlyazma irsinin xarici ölkələrdə araşdırılmasının mühüm nümunələrindən biri Vatikan Apostol Kitabxanası və Vatikan Məxfi Arxivlərində aparılan tədqiqatlardır. İnstitutun sabiq əməkdaşı, tarix elmləri doktoru Fərid Ələkbərli bu müəssisələrdə uzunmüddətli araşdırmalar aparan ilk azərbaycanlı olub. Onun tədqiqatları zamanı Vatikan Məxfi Arxivlərində 700-dən çox sənəd araşdırılıb, Azərbaycan tarixinə aid 85 sənəd aşkarlanıb. Həmin sənədlərin surətləri Bakıya gətirilib. Vatikan Apostol Kitabxanasında isə 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb edilib, orta əsr Azərbaycan müəlliflərinə məxsus 80 əlyazma müəyyənləşdirilib.

Azərbaycan əlyazmalarının Balkan ölkələrində araşdırılması istiqamətində də mühüm nəticələr əldə olunub. Qazi Xosrov bəy Kitabxanası, Milli və Universitet Kitabxanası, Sarayevo Tarix Arxivi, Sarayevo Universitetinin Şərqşünaslıq İnstitutu, Boşnak İnstitutu, həmçinin Mostar və Visoko şəhərlərindəki müvafiq elmi və arxiv müəssisələrində araşdırmalar aparılıb.

Azərbaycanlı müəlliflərin əsərlərinin qorunduğu əlyazmalar, onların kataloqlaşdırılması prosesi öyrənilib. Üç elmi müəssisə – Qazi Xosrov bəy Kitabxanası, Milli və Universitet Kitabxanası və Sarayevo Tarix Arxivi ilə anlaşma memorandumlarının imzalanmasına nail olunub. Nəticədə həmin müəssisələrdə qorunan azərbaycanlı müəlliflərə məxsus 150-yə yaxın əlyazma nüsxəsi üzə çıxarılıb. Onların bir qisminin elektron versiyaları, eləcə də əlyazma kataloqlarının elektron nüsxələri əldə edilib.

Azərbaycan əlyazma irsinin tədqiqi Böyük Britaniyada da davam etdirilib. Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov Birləşmiş Krallıqda elmi ezamiyyətdə olub. Alim Britaniya Kitabxanası və Britaniya Muzeyi də daxil olmaqla bir sıra əlyazma xəzinələri, kitabxana, arxiv və muzeylərdə araşdırmalar aparıb.

Ezamiyyət zamanı qədim Şərq və Azərbaycan əlyazmalarının, eləcə də əski çap kitablarının fiziki xüsusiyyətləri, saxlanma, bərpa, kataloqlaşdırma və rəqəmsallaşdırma şəraiti öyrənilib. Xüsusilə Nizami Gəncəvinin Britaniya Kitabxanasında mühafizə olunan “Xəmsə” əsərinin iki əlyazma nüsxəsinin – Or. 2265 və Or. 12208 şifrəli əlyazmaların kağızı, cildi, yazı materialları və rəqəmsallaşdırma metodları texniki baxımdan araşdırılıb. Or. 2265 şifrəli nüsxə I Şah Təhmasibin “Xəmsə” əlyazmasıdır və 1539–1543-cü illərdə köçürülüb. Digər nüsxə isə XVI–XVII əsrlərə aiddir.

Bu araşdırmalar Azərbaycan əlyazma irsinin beynəlxalq miqyasda tanıdılması, ölkə tarixinin yeni yazılı mənbələr əsasında öyrənilməsi, eləcə də xarici elmi müəssisələrlə əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyır.

AzərTac

  • Paylaş: