Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Böyük Azərbaycan şairi Xaqani Şirvaniyə həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb
23.11.2026 16:34
  • A-
  • A
  • A+

Böyük Azərbaycan şairi Xaqani Şirvaniyə həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən görkəmli Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş biblioqrafik göstərici nəşr olunub.

Vəsaitə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamı, eləcə də AMEA Rəyasət Heyətinin müvafiq qərarı daxil edilib.

Biblioqrafik göstəricidə şairin həyatı, yaradıcılığı və ictimai fəaliyyətinin əsas tarixləri, əsərlərindən nümunələr, görkəmli şəxsiyyətlərin Xaqani Şirvani haqqında fikirləri, əsərlərinin əlyazma nüsxələri və çap nəşrləri, dövri mətbuatda, dərslik və məcmuələrdə dərc olunmuş əsərləri, eləcə də həyat və yaradıcılığına həsr edilmiş elmi-tədqiqat işləri və dissertasiyalar sistemli şəkildə öz əksini tapıb.

Kitabda vəsaitin elmi məsləhətçisi, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin  “Böyük Azərbaycan şairi Əfzələddin  Xaqani” və filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Zeynalovanın “Xaqani Şirvani yaradıcılığının əsas xüsusiyyətləri” adlı məqalələri də yer alıb.

Vəsaitin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktoru Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, tərtibçiləri isə Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova və Hökümə Ələkbərovadır.

“Elm” nəşriyyatında çap olunan biblioqrafik göstərici filologiya sahəsində çalışan alim və mütəəxssislər, doktorantlar, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrin elektron versiyası ilə MEK-in rəsmi saytının "Elektron kitabxana" bölməsində tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: