Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
24.11.2026 10:58
  • A-
  • A
  • A+

Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Qarabağ və Qərbi Azərbaycanın tarixi irsi sistemli şəkildə araşdırılır və beynəlxalq miqyasda təbliğ olunur.

İnstitutda Qarabağ və Qərbi Azərbaycanın tarixinə, həmçinin zəngin ədəbi-mədəni irsinə dair yazılı mənbələrin tədqiqi, mühafizəsi və elmi ictimaiyyətə təqdim olunması istiqamətində mühüm işlər həyata keçirilir. AMEA Rəyasət Heyətinin 11 iyun 2024-cü il tarixli qərarı ilə institutun strukturunda yaradılmış Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi bu sahədə sistemli elmi araşdırmalara start verib. Şöbədə Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının vahid elmi kataloqunun tərtibinə başlanılıb. Eyni zamanda, dövri mətbuatda Qərbi Azərbaycan mövzusunda dərc edilmiş məqalələr toplanılaraq sistemləşdirilir.

Şöbə müdiri filologiya elmləri doktoru Raqub Kərimov tərəfindən Qərbi Azərbaycanın görkəmli şairləri – Məşhədi İsmayıl Hacı Kazımzadə Bəzmi, Mirzə Kazım Qazı Əsgərzadə, “Müttəli” təxəllüslü Axund Əhmədov və “Sabir” təxəllüslü Hacı Seyid Rza Əmirzadənin həyat və yaradıcılığı dərindən araşdırılıb. Şöbə əməkdaşları institutun fondlarında qorunan Qarabağ və Qərbi Azərbaycan mütəfəkkirlərinə məxsus əlyazma nüsxələrinin transfoneliterasiyasını davam etdirirlər. Qərbi Azərbaycanın tarixi yaddaşının qorunması və tarixi həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılması məqsədilə şöbə əməkdaşlarının nəşr və təqdimat fəaliyyəti genişləndirilir. Bundan əlavə, Əlyazmalar İnstitutu milli yazılı irsimizin beynəlxalq miqyasda tanıdılması və qabaqcıl xarici təcrübənin (birgə kataloqların hazırlanması, elmi şəbəkələşmə, qarşılıqlı sərgi mübadiləsi) öyrənilməsi istiqamətində addımlar atır. Bu çərçivədə görkəmli Azərbaycan maarifçisi İsmayıl bəy Qutqaşınlının fransız dilində qələmə aldığı, yeganə qədim çap nüsxəsi institutda qorunan və Nigar Babaxanova tərəfindən Azərbaycan dilinə tərcümə edilən “Rəşid bəy və Səadət xanım” əsərinin yeni nəşri hazırlanıb. Bu nəşr milli-mədəni dəyərlərimizin qlobal təbliğinə, eləcə də Azərbaycan–Fransa elmi və mədəni əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verir.

AzərTac

  • Paylaş: