Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.11.2026 15:02
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib. Seminarda Qazaxıstanın Fesenkov adına Astrofizika İnstitutunun əməkdaşı Nadejda Vaydman və Əl-Fərabi adına Qazax Milli Universitetinin əməkdaşı Şahida Nurmaxametova “Qalaktikanın B və A spektral sinifli ifratnəhəng ulduzlarının tədqiqi” mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzədə ifratnəhəng ulduzların təkamülünün mühüm mərhələlərindən biri olan ifratnəhənglər mərhələsi, bu ulduzların fundamental parametrlərinin təyini və effektiv temperaturun müəyyən edilməsi üçün yeni empirik kalibrləmə üsullarının işlənib hazırlanmasından bəhs olunub.

Bildirilib ki, isti ifratnəhəng ulduzların effektiv temperaturunun təyinində lokal termodinamik tarazlıqdan kənar (qeyri-LTT) atmosfer modellərinin tətbiqi mürəkkəb və əziyyətli prosesdir. Bu baxımdan, ifratnəhənglərin seçmələrinin tədqiqində spektral xətlərin ekvivalent enləri, mərkəzi dərinlikləri və onların nisbətləri əsasında qurulan empirik kalibrləmələr daha operativ ilkin qiymətləndirmə aparmağa imkan verir. Təklif olunan üsul qeyri-LTT analizini tamamilə əvəz etməsə də, ulduzların effektiv temperaturlarının ilkin təyini üçün əlverişlidir.

2011-ci ildən həyata keçirilən tədqiqat proqramı çərçivəsində B0–A5 spektral və I–II işıqlıq siniflərinə aid 130-dan çox ulduzun 1100-dən artıq spektri əldə edilib. Spektrlər vahid metodika əsasında işlənib, spektral xətlərin parametrlərinin avtomatlaşdırılmış ölçülməsi üçün MERLIS proqram təminatı hazırlanıb. Alınmış nəticələr əsasında 8400–14700 K temperatur intervalını əhatə edən empirik kalibrləmələr qurulub.

Tədqiqat zamanı Gaia DR3 kataloqunun astrometrik məlumatları əsasında 132 ulduza qədər məsafə müəyyən edilib, onlardan 119-nun məsafəsi etibarlı hesab olunub. 84 ulduz üçün Hersşprunq–Rassel diaqramı qurulub. Müşahidə nəticələrinin Cenevrə təkamül modelləri ilə müqayisəsi əsasında ulduzların başlanğıc kütlələrinin 7–25 Günəş kütləsi, yaşlarının isə 8–57 milyon il intervalında olduğu müəyyən edilib. Həmçinin işıqlığı nisbətən aşağı olan və ifratnəhənglər sinfinə aid edilməsi şübhə doğuran 8 obyekt müəyyənləşdirilib.

Seminarda, həmçinin O, B və A spektral siniflərinə aid 140-a yaxın parlaq ifratnəhəng ulduzu əhatə edən elektron kataloq təqdim olunub. Tədqiqat çərçivəsində əldə olunan spektrlər Qazaxıstan Milli Virtual Rəsədxanasında (KazVO) hazırlanmış proqram təminatı və kalibrləmələr isə “Zenodo”da yerləşdirilib.

Seminarın sonunda mövzu ətrafında elmi müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: