Noyabrın 25-də AMEA-nın Əsas binasında görkəmli filosof alim, Əməkdar elm xadimi, akademik Aslan Aslanovun 100 illik yubileyinə həsr olunan “Akademik Aslan Aslanov: görkəmli filosof, estetik-antikşünas və şair” mövzusunda elmi sessiya keçirilib.
Tədbir AMEA Rəyasət Heyəti, İctimai Elmlər Bölməsi və Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə akademik Aslan Aslanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi sessiyanı giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycanda müasir estetika elminin formalaşması və inkişafında mühüm rol oynamış Aslan Aslanovun həyatı və zəngin elmi irsi barədə məlumat verib.
Akademik Aslan Aslanovun ölkəmizdə fəlsəfə elminin inkişafına böyük töhfələr vermiş görkəmli elm xadimi olduğunu vurğulayan AMEA rəhbəri qeyd edib ki, filosof alimin xüsusən estetika elminin inkişafı sahəsindəki fəaliyyəti bu elmi istiqamətin Azərbaycanda təbliğinə, tədrisinə, eləcə də yeni elmi nəslin hazırlanmasına xidmətin nümunəsi olmuşdur. Aslan Aslanovun estetika üzrə əsərləri dövründə aktual olduğu kimi, bu gün üçün də müasir və əhəmiyyətlidir.
AMEA rəhbəri akademik Aslan Aslanovun həm də dünya fəlsəfi-estetik irsinin milli mühitdə araşdırılması və təbliğində mühüm rol oynamış görkəmli filosof olduğunu deyərək, onun antik yunan filosofu Aristotelin məşhur “Poetika” əsərini Azərbaycan dilinə tərcümə etməsini, ona geniş “Ön söz” və elmi şərhlər yazaraq nəşr etdirməsini Azərbaycan elmi-fəlsəfi mühiti üçün əlamətdar hadisə kimi səciyyələndirib. Bildirib ki, Aslan Aslanovun həm Aristotel, həm də “Poetika” kitabı haqqında yazdığı müqəddimə və elmi şərhlər onun dünya fəlsəfi fikrinə, Aristotel təliminə nə qədər dərindən bələd olduğunu aydın şəkildə nümayiş etdirir.
“Akademik Aslan Aslanov ədəbiyyatşünaslığın təməl kitabı və şah əsəri sayılan “Poetika” kitabını Azərbaycan dilində nəşr etdirməklə təkcə fəlsəfə və estetika elminin deyil, ədəbiyyatşünaslıq elminin də inkişafına xidmət göstərmişdir”, - deyə AMEA prezidenti bildirib.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, filosof-şair Aslan Aslanovun yaradıcılığı Azərbaycan ədəbiyyatı və musiqi mədəniyyəti ilə də sıx bağlıdır. Alimin elmi-fəlsəfi fəaliyyəti ilə yanaşı, onun zəngin poetik irsi və sözlərinə bəstələnən mahnılar bu gün də aktuallığını qoruyur.
Onun sözlərinə görə, akademik Aslan Aslanovun yaradıcılığı Azərbaycan elmi-fəlsəfi fikri ilə bədii-estetik düşüncəsinin vəhdətini əks etdirən nadir nümunələrdəndir. Peşəkar filosof, estetik alim və incəsənət nəzəriyyəçisi kimi Aslan Aslanovun poeziyası sadəcə hiss və duyğuların ifadəsi deyil, həm də dərin fəlsəfi ümumiləşdirmələrin bədii təcəssümüdür. Görkəmli alim nəzəri biliklərini bədii sözün qüdrəti ilə birləşdirə bilmişdir. Onun şeirlərində fəlsəfi məntiq ilə poetik intuisiya bir-birini tamamlayır.
Filosof alimin AMEA-nın inkişafındakı xidmətlərindən də bəhs edən akademik İsa Həbibbəyli onun uzun illər Fəlsəfə və Hüquq İnstitutuna uğurla rəhbərlik etdiyini, həmçinin Akademiyanın Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq Bölməsinin akademik-katibi olduğunu xatırladıb. Vurğulayıb ki, akademik Aslan Aslanov AMEA-da humanitar və ictimai elmlər sahəsinin inkişafında, elmi-təşkilati fəaliyyətin gücləndirilməsində və beynəlxalq elmi əlaqələrin genişləndirilməsində mühüm rol oynayıb. O, bacarıqlı elm və təhsil təşkilatçısı kimi tanınıb, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru olub.
Aslan Aslanovun yüksək insani keyfiyyətlərindən danışan akademik İsa Həbibbəyli onun müasirlərinin, tələbələrinin və həmkarlarının xatirəsində parlaq zəkası ilə yanaşı, yüksək mənəviyyatı, təvazökarlığı və insanpərvərliyi ilə dərin iz buraxmış ziyalılardan olduğunu vurğulayıb. AMEA rəhbəri akademik Aslan Aslanovun şəxsiyyətinin, şeirləri və elmi fəaliyyətinin bir-birini üzvi surətdə tamamladığını bildirib.
Sonra Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək filosof-alimin mənalı həyat yolu və çoxşaxəli fəaliyyətindən danışıb.
Akademik Rafael Hüseynov Aslan Aslanovu yalnız elmi fəaliyyətindən tanımadığını, onunla yaxın ailə münasibətləri vasitəsilə də bağlı olduğunu bildirərək mərhum alim haqqında xatirələrini bölüşüb. O, Aslan Aslanovun Azərbaycanın ilk peşəkar fəlsəfə təhsili almış ziyalılar nəslinin nümayəndələrindən biri kimi formalaşdığını diqqətə çatdırıb.
Aslan Aslanovun elmi fəaliyyətinin mühüm istiqamətlərindən birinin fəlsəfə və estetika elminin geniş auditoriyaya çatdırılması olduğunu söyləyən akademik Rafael Hüseynov alimin maarifçilik missiyasına xüsusi diqqət çəkib. Bildirib ki, Aslan Aslanov fəlsəfi bilikləri insanların gündəlik düşüncə və mənəvi dünyasına yaxınlaşdırmağa çalışıb, bu istiqamətdə yazdığı əsərlərlə Azərbaycan elmi fikrinin zənginləşməsinə töhfələr verib.
Alim, həmçinin akademik Aslan Aslanovun Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru olduğu dövrdəki fəaliyyəti, tələbələrə və müəllimlərə göstərdiyi qayğı, elm və təhsil təşkilatçısı kimi xidmətlərinə toxunub, görkəmli alimin insanlara həssas münasibəti ilə seçilən şəxsiyyət olduğunu vurğulayıb.
Aslan Aslanovun poeziyasının xüsusiyyətlərindən bəhs edən akademik Rafael Hüseynov onun yaradıcılığında gözəllik anlayışının xüsusi yer tutduğunu bildirib. O, alimin şeirlərindəki estetik düşüncənin onun fəlsəfi baxışları ilə vəhdət təşkil etdiyini qeyd edib. Bu baxımdan Aslan Aslanovun həm elmi, həm də ədəbi irsinin vahid mənəvi dünyadan qaynaqlandığını diqqətə çatdırıb.
Sonda akademik Rafael Hüseynov Aslan Aslanovun şəxsiyyətini səciyyələndirən əsas cəhətin onun yüksək insani keyfiyyətləri olduğunu qeyd edib. Görkəmli filosofun alim, müəllim və elm təşkilatçısı kimi fəaliyyətinin, insanlara qayğıkeş münasibətinin yaddaşlarda daim yaşayacağını vurğulayıb.
Tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə “Akademik Aslan Aslanov – filosof, şair, elm təşkilatçısı”, həmin institutun Estetika şöbəsinin müdiri, professor Adil Əsədov “Azərbaycanda estetika elminin ilk himayəçisi və görkəmli nümayəndəsi”, İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyeva “Milli estetik fikrin Aslan Aslanov dəyəri” və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, kulturoloq, sənətşünas-tənqidçi Əbülfəz Babazadə “Akademik Aslan Aslanovun estetik irsinin XXI əsrdə aktuallığı” mövzusunda məruzələrlə çıxış ediblər.
Elmi sessiyada Azərbaycan Texniki Universitetinin Təhsil və metodologiyalar üzrə müşaviri, professor İlham Pirməmmədov və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov çıxış edərək Azərbaycan elm və təhsilinin görkəmli simalarından olan Aslan Aslanovun çoxşaxəli yaradılığından, yüksəkixtisaslı kadrların hazırlanmasındakı rolundan bəhs ediblər.
Sonda Aslan Aslanovun nəvəsi Lenay Seidəli-Zadə çıxış edərək babasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tədbir çərçivəsində akademik Aslan Aslanovun əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.