Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, gənc alimləri, doktorantları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Daha sonra akademik İsa Həbibbəylinin “Azərbaycançılıq məfkurəsinin formalaşması mərhələləri və müasir dövr” mövzusunda məruzəsi dinlənilib.
Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycançılıq anlayışının ilkin rüşeymləri xalqımızın milli təşəkkülünün formalaşmağa başladığı qədim dövrlərə gedib çıxır. Onun sözlərinə görə, hələ e.ə. Atropatena dövründən etibarən Azərbaycan adının formalaşması prosesi başlanmış, eramızın VII-VIII əsrlərindən etibarən isə bu anlayış daha da yetkinləşmişdir. Şərqşünas alimlərin araşdırmalarında “Azərbaycan” kəlməsinin ərəb mənbələrində VIII əsrdən işlədildiyini, ölkəmizə aid ilk mənbələrdə isə XI əsrdə rast gəlindiyini deyən akademik İsa Həbibbəyli görkəmli Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarın “Azərbaycani” təxəllüsü ilə fəaliyyət göstərməsinin bu baxımdan xüsusi əhəmiyyət daşıdığını söyləyib.
Məruzədə Azərbaycançılıq məfkurəsinin formalaşmasında orta əsrlər ədəbiyyatının müstəsna roluna da diqqət yetirilib. Bildirilib ki, XII əsrdən etibarən Azərbaycan anlayışı, əsasən, ədəbiyyat vasitəsilə inkişaf edərək milli-mənəvi məzmun qazanıb. Qədim və orta əsrlər Azərbaycan poeziyasında geniş yayılmış “Səbki-Azərbaycan” üslubu xalqımıza məxsus ədəbi ənənələri ümumtürk və Şərq-müsəlman poeziyası məkanında fərqləndirərək yüksək sənət səviyyəsinə çatdırıb. Bu ədəbi ənənənin inkişafında Nizami Gəncəvi, Əfzələddin Xaqani Şirvani, Mücərəddin Beyləqani, Qətran Təbrizi, Fələki Şirvani, Seyid Yəhya Bakui, Şeyx Səfiəddin Ərdəbili, Şəms Təbrizi və Əşrəf Marağalı kimi görkəmli sənətkarların mühüm xidmətləri olub. Akademik qeyd edib ki, “Səbki-Azərbaycan” üslubu milli ədəbi ənənənin və Azərbaycançılıq düşüncəsinin ilkin əsaslarının yaranmasında mühüm rol oynayıb.
AMEA prezidentinin sözlərinə görə, XIII-XVI əsrlərdə Azərbaycan dilində yaradılan poeziya nümunələri isə Türk dünyasında milli şeirin mükəmməl örnəkləri kimi qəbul olunub. Bu dövr Azərbaycan ədəbiyyatına İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və Şah İsmayıl Xətai kimi qüdrətli sənətkarlar bəxş edib. Eyni zamanda, Nəsirəddin Tusi kimi böyük elm xadimlərinin yetişməsi xalqımızın elmi və intellektual potensialının tarixi dərinliyini nümayiş etdirir.
Məruzədə Azərbaycan ədəbi dilinin XIII əsrdə formalaşması, XVII-XVIII əsrlərdə isə poeziyada xalq şeiri ilə yazılı ədəbiyyat arasındakı fərqin tədricən aradan qalxması xüsusi vurğulanıb. Bu mərhələdə ədəbiyyatda xəlqiləşmə prosesləri güclənib, Molla Pənah Vaqifin yaradıcılığında Azərbaycan təbiətinin, coğrafiyasının və insanlarının dolğun şəkildə əks olunması həmin prosesin parlaq nümunəsi kimi səciyyələndirilib.
Akademik İsa Həbibbəyli Azərbaycançılığın tarixi inkişafında Səfəvilər dövlətinin və Azərbaycan xanlıqları dövrünün də əhəmiyyətini qeyd edib. Bildirilib ki, XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə rəsmi yazışmalarda Azərbaycan dilindən istifadə olunması, Azərbaycan mədəniyyətinin, miniatür sənətinin və aşıq şeirinin inkişafına göstərilən diqqət Azərbaycan anlayışının dövlət tədbirləri miqyasına yüksəlməsinə mühüm zəmin yaradıb. XVIII əsrdə Azərbaycan xanlıqları dövründə isə siyasi parçalanmaya baxmayaraq, ana dilinin mövqeyi genişlənib, xalq ədəbiyyatına və aşıq sənətinə maraq güclənib.
Azərbaycançılıq məfkurəsinin inkişafında XIX əsr və XX əsrin əvvəllərinin xüsusi mərhələ təşkil etdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bu dövrdə realist ədəbiyyatın inkişafı, milli mətbuatın meydana gəlməsi və maarifçilik hərəkatının genişlənməsinin Azərbaycan xalqının milli kimliyinin dərk olunmasına, Azərbaycan dili və Azərbaycan xalqı anlayışlarının ictimai fikirdə möhkəmlənməsinə şərait yaratdığını söyləyib. Bu baxımdan Mirzə Fətəli Axundzadənin ədəbi-ictimai və fəlsəfi fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını deyən akademik İsa Həbibbəyli onun dram əsərlərinin, “Kəmalüddövlə məktubları”nın Azərbaycan idealının fəlsəfi və ideoloji əsaslarını ifadə edən mühüm nümunə olduğunu vurğulayıb.
Eyni zamanda diqqətə çatdırılıb ki, 1873-cü ildə milli teatrın, 1875-ci ildə isə Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzetinin fəaliyyətə başlaması milli ideyanın ictimaiyyətə çatdırılması üçün yeni imkanlar yaradıb.
Məruzədə qeyd olunub ki, görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlı 1882-ci ildə “Qafqaz” qəzetində dərc etdirdiyi “Müsəlmanlarda məktəb həyatı” adlı məqaləsində xalqımızın necə adlandırılması məsələsini gündəmə gətirərək “azərbaycanlı” kəlməsinin elmi-publisistik dövriyyəyə daxil edilməsində mühüm addım atıb. 1891-ci ildə “Kaspi” qəzetində çap olunan “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı” məqaləsində isə xalqın adı ilə yanaşı, dilimizin adının müəyyənləşdirilməsi məsələsinə də toxunub.
AMEA rəhbəri “Kəşkül” qəzetində “Azərbaycanlı” imzalı müəllifin “Avam gəzmək yuxu yatmaqmı dedin?” məqaləsində “Azərbaycan milləti” ifadəsinin işlədilməsinin milli özünüdərk prosesinin həmin dövrdə yeni mərhələyə yüksəlməsinin əyani göstəricisi olduğunu deyib: “Bu, dövri mətbuatda Azərbaycan milləti ifadəsinin işlədildiyi ilk məqalə kimi də mühüm əhəmiyyətə malikdir. Araşdırmalar göstərir ki, “Azərbaycanlı” gizli imzasından istifadə edən “Kəşkül”ün baş redaktoru Cəlal Ünsizadədir”.
Akademik İsa Həbibbəyli Azərbaycan ideyasının XX əsrin əvvəllərində ədəbi cəhətdən milli ədəbiyyat konsepsiyası səviyyəsinə çatdırıldığını söyləyib. Bildirib ki, Cəlil Məmmədquluzadənin 1917-ci ildə qələmə aldığı “Azərbaycan” məqaləsi milli ideyanın inkişafında müstəsna rol oynayıb: “Bu əsərdə ilk dəfə olaraq Azərbaycan dili və Azərbaycan xalqı məsələləri ilə yanaşı, “Haradır Azərbaycan?” sualına da aydın cavab verilib. Məqalənin Azərbaycan mətbuatı tarixində “Azərbaycan” sözünün sərlövhəyə çıxarıldığı ilk yazı olması onun tarixi əhəmiyyətini daha da artırır. Cəlil Məmmədquluzadə bu məqaləsi ilə Azərbaycan ideyasını yeni mərhələyə yüksəldərək milli kimliyin coğrafi, ictimai və mənəvi sərhədlərini müəyyənləşdirib. Cəlil Məmmədquluzadənin məşhur “Anamın kitabı” dramı isə Azərbaycan idealının manifesti kimi meydana çıxmışdır. “Anamın kitabı” - Azərbaycanın milli istiqlal kitabıdır.
Həmçinin XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi “Molla Nəsrəddin” hərəkatının milli istiqlal düşüncəsinin formalaşması və xalqa çatdırılması istiqamətində böyük xidmətlər göstərdiyi bildirilib. Bu dövrdə milli kimlik, ana dili, milli dövlətçilik və istiqlal məsələləri ədəbi-ictimai mühitin başlıca ideya istiqamətlərinə çevrilib.
Məruzədə sovet dövründə Azərbaycançılıq ideyasının vətənpərvərlik düşüncəsi vasitəsilə yaşadılması və inkişaf etdirilməsi məsələsinə də toxunulub. Səməd Vurğunun “Azərbaycan”, Süleyman Rüstəmin “Azərbaycana gəlsin”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirləri Azərbaycan vətənpərvərliyinin parlaq poetik nümunələri kimi qeyd olunub.
Akademik İsa Həbibbəyli bildirib ki, XX əsrin 70-ci illəri Azərbaycançılığın ədəbiyyat müstəvisindən dövlət ideologiyası səviyyəsinə doğru inkişafında həlledici mərhələ təşkil edir. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi və milli özünüdərkin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər bu prosesə mühüm təsir göstərib. Xüsusilə 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit olunması həmin tarixi mərhələnin ən mühüm hadisələrindən biri kimi səciyyələndirilib.
Məruzədə vurğulanıb ki, Azərbaycançılığın müstəqillik dövründə dövlət ideologiyası səviyyəsinə yüksəldilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindəndir. Dahi lider Heydər Əliyev Azərbaycançılıq məfkurəsini vahid milli ideya kimi formalaşdıraraq ölkəmizdə yaşayan müxtəlif xalqları, dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıları ümumi amal ətrafında birləşdirib: “Hamımızın bir vətəni var – bu, Azərbaycandır” prinsipi əsasında həyata keçirilən siyasət dünya azərbaycanlılarının milli həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi və Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi ideyasının reallaşdırılması bu siyasətin mühüm nəticələrindəndir”.
Akademik İsa Həbibbəyli Azərbaycançılıq məfkurəsinin müasir mərhələdə inkişafında Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Vurğulanıb ki, dövlət başçısı Azərbaycançılıq məfkurəsini dövlətimizin ideologiyası və xalqın birliyini təmin edən ümummilli dəyər kimi qiymətləndirir, bu prinsiplərin ardıcıl şəkildə həyata keçirilməsini təmin edir.
Məruzədə Prezident İlham Əliyevin 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Xankəndidə Zəfər abidəsi önündə səsləndirdiyi fikirlərə də toxunulub. Dövlət başçısının Azərbaycançılıq məfkurəsini ölkəmizin bütün uğurlarının təməlində dayanan fəlsəfə, xalqı irəli aparan milli ideya kimi səciyyələndirdiyi diqqətə çatdırılıb. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin bir ailə kimi yaşamasını təmin edən əsas amillər vətəndaşlıq, həmrəylik və Azərbaycançılıq məfkurəsidir.
Bu yanaşmanı müstəqil Azərbaycan dövlətinin ümummilli ideologiyasının İlham Əliyev modeli kimi xarakterizə edən akademik İsa Həbibbəyli bildirib ki, Vətən müharibəsində xalqımızın vahid amal ətrafında birləşməsi və tarixi Zəfərin qazanılması Azərbaycançılıq ideyasının cəmiyyətdə birləşdirici gücünü bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin dövlət siyasəti səviyyəsində həyata keçirilməsi də bu məfkurənin müasir dövrdəki əhəmiyyətini artırır.
Məruzənin yekununda akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycançılıq müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası olmaqla yanaşı, ölkədə yaşayan xalqları vahid vətəndaşlıq və həmrəylik prinsipləri əsasında birləşdirən, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək inkişafın təmin olunmasına xidmət edən fundamental məfkurədir. Beləliklə, Azərbaycançılıq məfkurəsi xalqımızın çoxəsrlik tarixi təcrübəsini, milli kimliyini, ədəbi-mədəni irsini və dövlətçilik ənənələrini özündə birləşdirən, müasir Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirən ümummilli ideya kimi daim yaşayır, zənginləşir və gələcəyə doğru inkişaf edir.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.
Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.
Akademik İsa Həbibbəyli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” 20 noyabr 2026-cı il tarixli Qərarının icrası haqqında məlumat verib. Qeyd edib ki, son illərdə AMEA-da Azərbaycan dövlətinin prioritetlərini və müasir dünya elminin çağırışlarını əsas götürərək struktur islahatları aparılıb, mövcud ştat vahidləri və daxili imkanlar hesabına Tarix və Etnologiya, Arxeologiya və Antropologiya institutları, eləcə də 40-dan çox yeni şöbə yaradılıb. Akademik İsa Həbibbəyli struktur islahatlarının AMEA-nın regional müəssisələrində də aparıldığını, Rəyasət Heyətinin qərarı ilə Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutu və Diyarşünaslıq İnstitutunun birləşdirilərək Humanitar Tədqiqatlar və Diyarşünaslıq İnstitutunun yaradıldığını, Nazirlər Kabinetinin qərarı ilə isə bunun təsdiqləndiyini söyləyib.
Rəyasət Heyəti tərəfindən Nazirlər Kabinetinin qərarından irəli gələn məsələlərin həlli tapşırılıb.
İclasda, həmçinin Azərbaycan dövlətinin beynəlxalq imicinə, tarixinə və mədəniyyətinə qarşı aparılan mənfi təbliğatın qarşısının alınması və neytrallaşdırılmasına dair Fəaliyyət Planının icrası üzrə AMEA-nın Tədbirlər planı, o cümlədən Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının icrası üzrə AMEA-nın Tədbirlər planı təsdiq edilib.
Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ Azərbaycanda Türk müsəlman epiqrafikasına dair abidələrin müəyyən edilməsi, öyrənilməsi və mühafizəsi üzrə təkliflərin hazırlanmasına dair komissiya və işçi qrupunun yaradılması haqqında olub.
Akademik İsa Həbibbəyli epiqrafika üzrə ölkəmizdə kadr hazırlığı istiqamətində ciddi problemlərin olduğunu deyib, bu sahəyə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov məsələ ilə bağlı məlumat verib. Qeyd edib ki, 2025-ci ilin dekabr ayında Kazan şəhərinin tarixçi alimləri və azərbaycanlı həmkarlarının birgə müəllifliyi ilə “Rusiya imperiyasında türk-müsəlman epiqrafikası. 1910- cu il tədqiqat materialları. II cild. Zaqafqaziya” adlı kitab nəşr olunub. Nəşr Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin, xüsusilə epiqrafik abidələrinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət kəsb edir. Kitabda 1910-cu ildə qeydə alınmış qəbirüstü daşların, məscid kitabələrinin və digər memarlıq abidələrinin epiqrafik materialları sistemləşdirilərək elmi ictimaiyyətin istifadəsinə təqdim olunur.
Onun sözlərinə görə, Bakı quberniyasının Quba və Göyçay, Yelizavetpol quberniyasının Qazax və Cəbrayıl, Tiflis quberniyasının isə müxtəlif qəzalarının yaşayış məntəqələrindəki qəbiristanlıqlara, məscidlərə və digər tarixi abidələrə aid kitabələrin qeydə alınması nəşrin elmi əhəmiyyətini artırır. Materiallarda, həmçinin Şamaxı şəhər qəbiristanlığında yerləşən Şirvan xanlarının ailə sərdabələrinin kitabələri də təqdim edilir.
K.Şükürov bildirib ki, qeyd olunan tarixi mənbələr Azərbaycan xalqının maddi-mədəni irsinin mühüm tərkib hissəsi olan türk-müsəlman epiqrafik abidələrinin müəyyənləşdirilməsi, elmi əsaslarla tədqiqi, mövcud vəziyyətinin araşdırılması, qorunması və zərurət yarandığı təqdirdə tarixi mənbələr əsasında bərpası baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti tərəfindən Azərbaycanda Türk müsəlman epiqrafikasına dair abidələrin müəyyən edilməsi, öyrənilməsi və mühafizəsi üzrə təkliflər hazırlanmasına dair komissiya və işçi qrup yaradılıb.
İclasda müzakirə edilən növbəti məsələ Azərbaycan Milli Elmlər Akademiyasının müəssisə və təşkilatlarının elmi əməkdaşlarının və müəssisələrin illik elmi-təşkilati fəaliyyətinin bal sistemi əsasında rəqəmsal qiymətləndirilməsi modeli haqqında olub.
AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri yeni sistemin konseptual mahiyyəti, strukturu və tətbiq mexanizmləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, AMEA-da rəqəmsal epoxanın çağırışlarına və müasir elmi idarəetmənin tələblərinə uyğun olaraq, akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə elmi və elmi-təşkilati fəaliyyətin vahid bal sistemi əsasında qiymətləndirilməsi modeli hazırlanıb.
S.Xavəri bildirib ki, “Elm haqqında” Qanuna, AMEA Nizamnaməsinə və 2022-ci ildən etibarən Akademiyada həyata keçirilən struktur-idarəetmə islahatlarına əsaslanan bu model ənənəvi statistik kəmiyyət uçotundan keyfiyyət əsaslı və rəqəmsal-analitik idarəetməyə keçidi hədəfləyir. Diqqətə çatdırılıb ki, sənəddə yer alan bal və limit göstəriciləri müzakirə və təsdiq üçün təklif olunan elmi-metodoloji parametrlər kimi işlənilib.
Sərxan Xavərinin sözlərinə görə, elmin qiymətləndirilməsində kəmiyyət (“neçədir?”) və keyfiyyət (“necədir?”) sualları bir-birini tamamlamalıdır. Yeni yanaşmada kəmiyyət göstəriciləri rəqəmsal bazalar və sənədli sübutlarla təsdiqlənir, elmi keyfiyyət isə iki müstəqil ekspertin rəyi əsasında 100 ballıq şkala üzrə beş əsas meyar - elmi problemin qoyuluşu, nəzəri-metodoloji əsas, mənbə və sübutların etibarlılığı, elmi yenilik və müəllif töhfəsinin aydınlığı üzrə dəyərləndirilir. Ekspertlər arasında fikir ayrılığı və ya 20 baldan çox fərq yarandıqda üçüncü müstəqil ekspert cəlb edilir. Bununla yanaşı, humanitar və ictimai elmlərin spesifikası nəzərə alınaraq, yeni ilkin mənbələrin elmi dövriyyəyə daxil edilməsi, elmi-tənqidi mətnlərin hazırlanması və nəzəri-metodoloji izahlar da ayrıca elmi nəticə kimi qiymətləndirilir.
Sərxan Xavəri vurğulayıb ki, akademik dürüstlük və şəffaflıq modelin təməl prinsiplərindəndir. Belə ki, sübutsuz fəaliyyətə bal yazılmır, eyni iş iki dəfə ballandırılmır, antiplagiat yoxlaması sitatlar və arxiv mətnləri nəzərə alınmaqla kontekstual ekspert rəyi ilə tamamlanır. Süni intellekt alətlərindən istifadə isə müəllifin xüsusi bəyannaməsi ilə rəsmiləşdirilir və heç bir halda müəllif məsuliyyətini əvəz etmir. Həmçinin qiymətləndirmə prosesində əməkdaşların etiraz və müstəqil apellyasiya hüququ, eləcə də yarımillik plan icrası monitorinqi mexanizmləri nəzərdə tutulub.
Şöbə müdiri yekunda qeyd edib ki, hazırda müzakirə mərhələsində olan modelin elmi ictimaiyyətin irad və təklifləri əsasında təkmilləşdirilərək təsdiqlənməsi, pilot qaydada tətbiqi və AMEA-nın Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi tərəfindən vahid elektron qiymətləndirmə platformasına inteqrasiyası planlaşdırılır.
Rəyasət Heyəti tərəfindən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.
Həmçinin 2026-cı il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilmiş doktorantların dissertasiya mövzusu və elmi rəhbərləri təsdiq olunub. Bundan əlavə, AMEA-nın gənc alimlərinin 2026-cı ildə keçirilən yay məktəbləri və düşərgələrində iştirakına dair videoçarx nümayiş etdirilib.
Daha sonra AMEA-nın Gənclər Akademiyasının strukturunun təkmilləşdirilməsi və tərkibində dəyişikliklərin edilməsi məsələsinə baxılıb. Akademik İsa Həbibbəyli bildirib ki, Gənclər Akademiyası yeni yaradılmasına baxmayaraq, qısa müddətdə bir sıra mühüm uğurlara imza atıb və Gənclər Akademiyasının üzvləri AMEA-nın ictimai həyatında yaxından və aktiv iştirak edirlər. Gənclər Akademiyasının fəaliyyət istiqamətlərinin genişləndirilməsi, həyata keçirilən elmi-təşkilati layihələrin miqyasının artırılması, struktur bölmələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və idarəetmədə funksional bölgünün daha səmərəli təşkilinin onun mövcud strukturunun və tərkibinin təkmilləşdirilməsini zəruri etdiyini deyib.
Məsələ ilə əlaqədar AMEA-nın Gənclər Akademiyasının sədri dosent Elmir Babayev çıxış edərək Gənclər Akademiyasının strukturunda, İdarə Heyətinin və struktur bölmələrinin tərkibindəki müvafiq dəyişiklikləri diqqətə çatdırıb.
Daha sonra Gənclər Akademiyasının yeni tərkibi Rəyasət Heyətinə təqdim olunub və yekdilliklə qəbul edilib.
AMEA-nın Rəyasət Heyətinin iclasında “Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramında Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı haqqında məsələ də müzakirə olunub.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud qeyd edib ki, Təlim Proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dövlət qulluqçuları və dövlət qurumlarının əməkdaşları üçün təşkil olunub. Onun sözlərinə görə, proqram dövlət sektorunda rəqəmsal bacarıqların vahid və beynəlxalq standartlar əsasında inkişaf etdirilməsi istiqamətində həyata keçirilən təşəbbüsdür.
Aynur Mahmud AMEA-nın elmi müəssisə və təşkilatlarının 2060 əməkdaşının təməl modul üzrə Təlim proqramında iştirak etdiyini, 1500-dən çox əməkdaşın qızıl, gümüş, bürünc və iştirakçı sertifikatları aldığını söyləyib.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli Akademiya əməkdaşlarının Təlim proqramında aktiv iştirakını yüksək qiymətləndirib.
Sonra AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev Niderland Krallığının Amsterdam şəhərində keçirilmiş GEANT Assosiasiyasının Baş Assambleyasının 40-cı iclasında və “GEANT CTO Workshop 2026” seminarında iştirakının yekunları haqqında məlumat verib.
Akademik Rasim Əliquliyev bildirib ki, 16-21 noyabr 2026-ci il tarixlərində Niderlandın Amsterdam şəhərində GÉANT Baş Assambleyasının 40-cı iclası və GÉANT Assosiasiyası tərəfindən təşkil olunan təlim seminarında (CTO workshop 2026) keçirilib.
Onun sözlərinə görə, 17-18 noyabr tarixlərində keçirilmiş GÉANT Assosiasiyası Baş Assambleyasının 40-cı iclasında Assosiasiyanın idarəetmə strukturu, üzvlük məsələləri, maliyyə fəaliyyəti, strateji inkişaf prioritetləri, beynəlxalq şəbəkə infrastrukturu və davam edən layihələr ilə bağlı məsələlər müzakirə edilib. İclas çərçivəsində GÉANT Assosiasiyasının 2026-2030-cu illər üzrə Strategiyasının icrası, təşkilatın strateji inkişaf istiqamətləri və milli elm və təhsil şəbəkələri arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Akademik Rasim Əliquliyev 19-20 noyabr tarixlərində Avropanın milli elm və təhsil şəbəkələrinin məsul nümayəndələrini və təcrübəli şəbəkə mütəxəssislərinin iştirak etdiyi GÉANT Assosiasiyası tərəfindən təşkil olunan təlim seminarında isə qurumun 2026-2030-cu illər üzrə strategiyasının dəstəklənməsi məqsədilə hazırlanmış yol xəritələrinin müzakirə edildiyini deyib. Vurğulayıb ki, müzakirələr əsasən şəbəkə infrastrukturu, süni intellekt texnologiyaları, informasiya təhlükəsizliyi, məlumatların idarə edilməsi, identifikasiya və girişin idarə olunması xidmətləri və texnologiyalarını əhatə edib.
Akademik Rasim Əliquliyev bu tədbirlərdə iştirakın Azərbaycanın Avropa elm və təhsil şəbəkələri ilə inteqrasiyasının dərinləşdirilməsinə, regional və qlobal layihələrdə iştirak imkanlarının genişləndirilməsinə və milli şəbəkə infrastrukturu üzrə strateji planlaşdırılmanın təkmilləşdirilməsinə müsbət təsir göstərəcəyini söyləyib.
Daha sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov 27 oktyabr 2026-cı il tarixində Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilmiş Beynəlxalq Elmi Şuranın (ISC) Mərkəzi Asiya və Zaqafqaziya üzrə Regional Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimində iştirakı haqqında məlumat verib.
Qeyd edib ki, tədbirin əsas məqsədi region ölkələri arasında elmi əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə etmək, qarşılıqlı maraq doğuran elmi istiqamətləri müəyyənləşdirmək, həmçinin regional elmi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanları və mexanizmləri nəzərdən keçirmək olub.
Akademik Arif Həşimov Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edərək, Akademiyanın elmi potensialı, fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıq siyasəti və regional elmi əlaqələrin inkişafına dair təklifləri əks etdirən təqdimatla çıxış edib. Həmçinin, Akademiyanın elmi fəaliyyətinin əsas istiqamətləri, elmi strukturu, fundamental və tətbiqi tədqiqatların inkişafı, elmi potensialın qorunması və gücləndirilməsi, innovasiyaların təşviqi, milli tarixi-mədəni irsin öyrənilməsi, eləcə də beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi məsələləri diqqətə çatdırılıb. Təqdimatda AMEA-nın əsas elmi üstünlükləri sırasında ictimai və humanitar elmlər, milli tarixi-mədəni irsin tədqiqi, seysmologiya və geodinamik proseslərin öyrənilməsi, regional və beynəlxalq araşdırmalar xüsusi qeyd edilib. Eyni zamanda, Akademiyanın 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyasının həyata keçirilməsi, rəqəmsal tədqiqatların inkişafı, gənc tədqiqatçıların elmi layihələrə cəlb olunması, elmi məktəblərin və akademik ənənələrin qorunması, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Bununla yanaşı, regional elmi-tədqiqat şəbəkəsinin yaradılması, elmi materiallara və sənədli irsə çıxışı təmin edən rəqəmsal məlumat bazalarının hazırlanması, beynəlxalq elmi-tədqiqat və qrant proqramlarında iştirak üçün çoxtərəfli layihə təkliflərinin işlənib hazırlanması, fundamental elmlər sahəsində AMEA-nın ekspert potensialından istifadə olunması imkanları diqqətə çatdırılıb.
Rəyasət Heyəti tərəfindən Akademiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Azərbaycan elminin regional səviyyədə təmsil olunması, eləcə də ortaq elmi layihələrin və uzunmüddətli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması istiqamətində işlərin davam etdirilməsi qərar alınıb.
İclasda, o cümlədən Dirili Qurbaninin 550, akademik Həsən Əhmədovun 120, akademik Qərib Məmmədovun isə 80 illik yubileylərinin qeyd olunması haqqında qərarlar qəbul edilib.
AMEA-nın Rəyasət Heyətinin iclasında qeyd olunan məsələlər ətrafında akademik İbrahim Quliyev, akademik Arif Həşimov, tarix elmləri doktoru Zemfira Hacıyeva, filologiya elmləri doktoru Hikmət Quliyev, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.