Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.11.2026 20:35
  • A-
  • A
  • A+

Folklor İnstitutunda təqvim ənənələri və ritual yeməklərinin semantikası araşdırılıb

Folklor İnstitutunda təqvim ənənələri və ritual yeməklərinin semantikası araşdırılıb

AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində elmi seminar keçirilib. Seminarda Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa İbrahim “Azərbaycan və Böyük Britaniyada təqvimlərin formalaşma mərhələləri” mövzusunda məruzə ilə çıxış edib.

Seminarda təqvimlərin meydana gəlməsi və tarixi inkişaf mərhələləri, onların astronomik müşahidələr, təsərrüfat həyatı, dini dünyagörüşü və xalq inancları ilə qarşılıqlı əlaqəsi müqayisəli aspektdə təhlil olunub. Qeyd edilib ki, təqvimlər yalnız zamanın hesablanması və mövsümlərin müəyyənləşdirilməsi vasitəsi deyil, həm də xalqların tarixi yaddaşını, mədəni kimliyini, dünyagörüşünü və ənənəvi həyat tərzini özündə əks etdirən mühüm mədəni-mənəvi sistemlərdir.

Mövzunun aktuallığı Azərbaycan və Böyük Britaniya xalqlarının təqvim mədəniyyətinin müqayisəli şəkildə öyrənilməsinin hər iki xalqın tarixi-mədəni inkişaf xüsusiyyətlərinin, zaman anlayışının formalaşmasının, mövsümi mərasimlərin və xalq ənənələrinin ortaq və fərqli cəhətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti ilə şərtlənir. Xüsusilə qədim türk təqvim sistemi, on ikiillik heyvan təqvimi, Novruz ənənələri, eləcə də Böyük Britaniyada mövcud olmuş qədim Kelt təqvim ənənələri və mövsüm mərasimləri müqayisəli folklorşünaslıq baxımından diqqətəlayiq tədqiqat istiqamətləri kimi dəyərləndirilib.

Seminarda vurğulanıb ki, təqvimlərin tarixi və folklorik xüsusiyyətlərinin araşdırılması xalqların təbiət, zaman və kosmik nizam haqqında təsəvvürlərinin öyrənilməsinə, həmçinin ənənəvi mədəniyyətin qorunması və müqayisəli folklorşünaslıq tədqiqatlarının genişləndirilməsinə mühüm töhfə verir.

Daha sonra şöbənin böyük elmi işçisi Mətanət Xəlilova “Məişət mərasimlərində ritual yeməklərinin semantikası” mövzusunda məruzə edib. Seminarda ənənəvi Azərbaycan məişət mərasimlərində yeməklərin yeri və funksiyası, onların simvolik məzmunu, ritual-mərasim sistemində daşıdığı semantik yük və xalqın etnokulturoloji yaddaşında qorunan mənaları müzakirə olunub. Qeyd edilib ki, ritual yeməkləri yalnız qidalanma vasitəsi deyil, həm də insanların dünyagörüşünü, sosial münasibətlərini, inanc və təsəvvürlərini ifadə edən mühüm folklorik-mədəni göstəricilərdir.

Mətanət Xəlilova öz məruzəsində qeyd edib ki, mərasim yeməklərinin hazırlanması, təqdim edilməsi və paylaşılması müəyyən ənənəvi davranış modelləri, inanclar və simvolik kodlarla bağlıdır. Xonça, çörək, plov, halva və digər ritual qidalar məişət mərasimlərində yalnız kulinariya nümunələri kimi deyil, həm də bərəkət, xeyir-dua, qonaqpərvərlik, kollektiv yaddaş və mənəvi bağlılıq rəmzləri kimi çıxış edir.

Seminar mövzu ətrafında müzakirələr, iştirakçıların suallarının cavablandırılması və qaldırılan məsələlərə elmi aydınlıq gətirilməsi ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: