AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) rəhbərliyi hazırda elmi ictimaiyyətə daha səmərəli innovativ xidmət üsulları tətbiq etməklə, kitabxana-informasiya fəaliyyətində əsaslı islahatlar aparmaqdadır. Eyni zamanda, kitabxananın fondlarının strukturunda da yenidənqurma işləri görülür, yeni fondların təşkili nəzərdə tutulur.
"Elm haqqında Azərbaycan Respublikasının Qanunu"nda (2016, maddə 1.0.13) “elmi innovasiya – elmi fəaliyyətin məzmun və vasitələrinin, elmi nəticə və məhsulların, həmçinin onların tətbiqi texnologiyalarının və istifadə üsullarının yenilik xarakterinə malik olması” kimi göstərilir. Azərbaycan elminə innovativ xidmət istiqamətində “elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetlərini” (maddə 3.) əldə rəhbər tutaraq “elmin davamlı və sistemli inkişafının təmin edilməsi” (3.2.1.) məqsədilə Akademik fondların təşkili məqsədəuyğun sayılır.
Akademik fondlara AMEA-nın Rəyasət Heyətində, elmi müəssisə və təşkilatlarında çalışan və ya çalışmış, eyni zamanda ölkəmizin digər elmi qurumlarında müxtəlif sahələri təmsil edən akademiklərin MEK-ə hədiyyə etdiyi sənədlər, nəşrlər (ənənəvi çap və elektron) və s. ibarət kolleksiyalar daxildir. Hazırda kitabxanada bu qəbildən Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır. MEK Akademik fondların yaradılması üçün AMEA-nın rəhbərliyinə və akademiklərimizə müraciət edir. Akademik fondların təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş innovativ bir prosesdir və MEK-də aparılan islahatların əsas tərkib hissələrindən birini təşkil edir.
Akademik kolleksiyaların tərkibinə:
- Elmi əsərlər, elmi yaradıcılıq məhsulları, kitablar, elmi toplular, konfrans materialları, e-nəşrlər, digər yaradıcılıq məhsulları;
- Hədiyyə olunmuş avtoqraflı nəşrlər;
- Şəxsi kitab kolleksiyası;
- Fotosurətlər, reprint nəşrlər, albomlar və s.;
- Dövri mətbuat nümunələri və s. daxil ola bilər.
Akademik kolleksiyalar:
- Beynəlxalq aləmdə qəbul edimiş biblioqrafik standartlara görə kataloqlaşdırılacaq;
- Kolleksiyaya daxil olan hər bir sənəd şəxsi möhürlə imzalanacaq, xüsusi inventar ştrix-kodu ilə (abbreviatura) qeydiyyata alınacaq;
- Biobiblioqrafik Elektron Məlumat Bazaları yaradılaraq Mərkəzi Elmi Kitabxananın saytında istifadəçilərə təqdim olunacaq;
- Biblioqrafik göstəricisi hazırlanacaq;
- Kolleksiyaların vaxtaşırı, əlamətdar və tarixi günlərdə müvafiq qaydada sərgiləri, təqdimat-mərasimləri keçiriləcək;
- Xüsusi Akademik zalda kolleksiyalara daxil olan sənədlərin istifadəsi açıq rəf üsulunda təşkil ediləcək;
- Kolleksiyaların mühafizəsi, fiziki və bioloji təsirlərdən qorunması üçün zəruri şərait təmin olunacaq;
- Beynəlxalq elmi əlaqələrdə kolleksiyaların biblioqrafik təsvirlərinin informativ mübadiləsi aparılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.