Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.12.2020 11:45
  • A-
  • A
  • A+

Türkoloq alim Elçin İbrahimov Türk Ədəbiyyatı Fondunun fəxri üzvü seçilib

Türkoloq alim Elçin İbrahimov Türk Ədəbiyyatı Fondunun fəxri üzvü seçilib

AMEA-nın Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov Türk Ədəbiyyatı Fondunun fəxri üzvü seçilib. Bununla bağlı qərar Fondun İdarə Heyətinin iclasında qəbul edilib.

Fondun rəhbəri Serhat Kabaklının imzaladığı fəxri üzvlük diplomu Elçin İbrahimova “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru Bəxtiyar Aslan tərəfindən təqdim olunub. O qeyd edib ki, Türk Ədəbiyyatı Fondunun fəxri üzvləri arasında türkdilli ölkələrdən bir çox gənclər var: “Bu gün bizim fəxri üzvlərimiz sırasında gənc türkoloq Elçin İbrahimovun olması əlamətdar hadisədir. Onunla uzun müddətdir ki, əməkdaşlıq edirdik, bu gün isə rəsmi şəkildə fəxri üzvlərimiz sırasına daxil oldu. Bunun gələcək əməkdaşlığımız üçün də faydalı olacağını düşünürük. Fəxri üzvlüyü və əməkdaşlığımız türk dünyası üçün xeyirli olsun!”

Türkoloq alim Elçin İbrahimov isə deyib ki, Türk Ədəbiyyatı Fondu görkəmli türk yazıçısı Əhməd Kabaklı tərəfindən 1978-ci ildə təsis edilib, Türkiyənin nüfuzlu və türkdilli arealın tanınmış qurumlarındandır: “Fondun “Türk ədəbiyyatı” dərgisi kimi ciddi nəşri 50 ildir ki, hər ay nəşr edir. Mən Fondun rəhbəri Sərhəd Kabaklı, tanınmış tərcüməçi, yazar İmdat Avşar və Bəxtiyar Aslan başda olmaqla, namizədliyimi irəli sürmüş və dəstəkləmiş hər kəsə göstərdikləri etimada görə təşəkkür edirəm. Ümidvaram ki, əməkdaşlığımız və birgə fəaliyyətimiz daha da sıx olacaq, Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin yüksək səviyyədə inkişafına töhfə verəcək”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: