Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.08.2026 15:52
  • A-
  • A
  • A+

Nizami və Nəvai irsi: Azərbaycan-Özbəkistan qardaşlığının mənəvi körpüsü

Nizami və Nəvai irsi: Azərbaycan-Özbəkistan qardaşlığının mənəvi körpüsü

Azərbaycan–Özbəkistan münasibətləri ortaq tarixi köklərə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan möhkəm qardaşlıq ənənələri ilə səciyyələnir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimada əsaslanan siyasi dialoq bu əlaqələri yeni, strateji mərhələyə yüksəldib. Elm, təhsil, ədəbiyyat və mədəniyyət sahələrində əməkdaşlıq isə bu strateji tərəfdaşlığın mühüm istiqamətlərindən birini təşkil edir.

Bu fikirləri açıqlamasında AMEA Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini dosent Əlimuxtar Muxtarov bildirib.

O qeyd edib ki, Azərbaycan poeziyasının dühası Nizami Gəncəvi ilə özbək klassik ədəbiyyatının böyük nümayəndəsi Əlişir Nəvai irsi iki qardaş xalqı birləşdirən mühüm mənəvi amillərdəndir. Türk dünyasının böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin Özbəkistanda böyük ehtiramla yad edilməsinin dərin tarixi əsasları vardır. Əlişir Nəvainin Nizami Gəncəvini özünün böyük ustadı hesab etməsi və onun yaradıcılığına yüksək qiymət verməsi Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin qədimliyini və ardıcıllığını nümayiş etdirir. Özbək ədəbiyyatında Nizami Gəncəvi ənənələrinin davam etdirilməsi, onun “Xəmsə”sinin tərcümə və tədqiq olunması bu mənəvi bağlılığın sonrakı əsrlərdə də yaşadığını göstərir. Bu baxımdan Nizami ilə Nəvai yaradıcılığı yalnız iki böyük sənətkarın ədəbi irsinin qarşılaşdırılması deyil, Azərbaycan və Özbəkistan xalqlarının ortaq mənəvi yaddaşının mühüm tərkib hissəsidir. Azərbaycan–Özbəkistan münasibətlərinin müasir mərhələsində Nizami Gəncəvi amili dövlət siyasətinin mədəni-humanitar istiqaməti ilə üzvi şəkildə əlaqələnib.

Alim vurğulayıb ki, Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti, Mərkəzin təşəbbüsü və dəstəyi ilə Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən Nizaminin “Xəmsə”sinin özbək dilinə tərcümə edilməsi, Azərbaycan və Özbəkistan alimlərinin birgə elmi layihələri, Əlişir Nəvai və Nizami Gəncəvi irsinin qarşılıqlı tədqiqi mühüm nəticələr doğurub. Eyni zamanda, Nizami Gəncəvi irsinin tədqiqi və təbliği istiqamətində Azərbaycan və Özbəkistanın elmi-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi bu əlaqələrin artıq fundamental elmi xarakter aldığını göstərir.

Bu prosesdə Azərbaycan Milli Elmlər Akademiyasının da xüsusi elmi-mədəni missiyası vardır. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı İnstitutunun qarşılıqlı elmi-ədəbi əlaqələri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan -Türkmənistan - Özbəkistan ədəbi əlaqələri istiqamətində fəaliyyət göstərən alimlərinin araşdırmaları Nizami Gəncəvi və Əlişir Nəvai irsinin qarşılıqlı əlaqələr kontekstində öyrənilməsinə, Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin elmi əsaslarla tədqiqinə mühüm töhfələr verir.

Onun fikrincə, böyük özbək mütəfəkkirinin öz ustadı hesab etdiyi Nizami Gəncəviyə münasibəti bu əlaqələrin əsas mənəvi dayaqlarından birini təşkil edir. Bu elmi yanaşma Nizami və Nəvai irsinin yalnız milli ədəbiyyatlar çərçivəsində deyil, bütövlükdə Türk dünyasının ortaq ədəbi-mədəni irsi kontekstində araşdırılmasına imkan yaradır. Nizami Gəncəvinin adı və irsi Azərbaycan–Özbəkistan münasibətlərinin müasir elm və təhsil məkanında da yeni məzmun qazanıb. Xüsusilə diqqətəlayiq məqamlardan biri yeni kampusda Nizami Gəncəvi Muzeyinin yaradılmasının nəzərdə tutulmasıdır. Beləliklə, Nizaminin adı yalnız abidə üzərində deyil, elm, təhsil, tədqiqat və mədəniyyət məkanında da yaşadılacaq. Bu təşəbbüs Nizami irsinin gələcək nəsillərə çatdırılması, onun yaradıcılığının Azərbaycan və Özbəkistan alimləri tərəfindən birgə araşdırılması baxımından mühüm elmi və mədəni imkanlar açır.

“Abidədən universitetə, xatirədən elmi tədqiqata, klassik irsdən müasir təhsil məkanına uzanan bu yol Nizami Gəncəvinin Azərbaycan–Özbəkistan qardaşlığının mənəvi simvollarından birinə çevrildiyini göstərir. Nizami Gəncəvi ilə Əlişir Nəvaini birləşdirən ədəbi-mənəvi ənənə bu gün iki dövlətin strateji tərəfdaşlığının humanitar məzmununu daha da zənginləşdirir. Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi, AMEA-nın və digər elmi-mədəni qurumların ardıcıl fəaliyyəti ilə bu ənənənin müasir institutlar vasitəsilə davam etdirilməsi Nizami Gəncəvinin əsrlər əvvəl yaratdığı mənəvi körpünün XXI əsrdə də Azərbaycan və Özbəkistan xalqlarını birləşdirməyə davam etdiyini təsdiqləyir”, - deyə o əlavə edib.

AzərTac

  • Paylaş: