Özbəkistan Respublikasının Buxara şəhərində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında elmi, mədəni və humanitar əlaqələrin inkişafına həsr olunmuş beynəlxalq elmi seminar keçirilib.
Buxara Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Özbəkistanın elm, təhsil, dövlət və ictimai qurumlarının nümayəndələri, alim və tədqiqatçılar iştirak ediblər.
Beynəlxalq elmi seminarda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq Münasibətlər və Geosiyasət şöbəsinin böyük elmi işçisi Fərahilə Babayeva-Şükürova da iştirak edərək “Yusif Məhəmmədcan oğlu Qarabaği’nin Bilimsel ve Felsefi Mirası: Azerbaycan ile Özbekistan Arasında Ortak Entelektüel Miras” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Qarabaği irsinin Azərbaycan fəlsəfi və elmi fikir tarixində yeri, onun Şərq fəlsəfi düşüncəsinin inkişafında rolu, elmi və intellektual ənənələrin qarşılıqlı təsiri məsələləri geniş şəkildə təhlil olunub. Eyni zamanda, Azərbaycan və Özbəkistan xalqları arasında tarixən mövcud olmuş elmi-mədəni əlaqələrin müasir mərhələdə daha da inkişaf etdirilməsi və ortaq intellektual irsin sistemli şəkildə araşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Çıxışda xüsusi olaraq vurğulanıb ki, Azərbaycan və Özbəkistan arasında ortaq tarixi, mədəni və intellektual irsin mövcudluğu iki ölkənin elm və təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi üçün mühüm elmi-nəzəri əsas yaradır. Bu baxımdan, Qarabaği irsinin yalnız Azərbaycan fəlsəfi fikir tarixinin mühüm tərkib hissəsi kimi deyil, bütövlükdə Şərq intellektual ənənəsinin öyrənilməsi kontekstində tədqiq edilməsi xüsusi əhəmiyyət daşıyır.
Məruzədə Azərbaycan–Özbəkistan münasibətlərinin müasir inkişaf dinamikasına da toxunulub. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Özbəkistan Respublikasının Buxara şəhərinə səfəri iki qardaş ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər fonunda keçirilən elmi tədbirlər isə ölkələr arasında akademik və intellektual dialoqun inkişafına əlavə imkanlar yaradır.
Tədbirdə bildirilib ki, müasir dövrdə elmi diplomatiya Azərbaycan və Özbəkistan arasında qarşılıqlı əlaqələrin mühüm istiqamətlərindən biri kimi çıxış edir. Ali təhsil müəssisələri və elmi-tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi, alim və tədqiqatçıların qarşılıqlı səfərlərinin təşkili, elmi nəşrlərin hazırlanması və ortaq tarixi-mədəni irsin tədqiqi iki ölkənin akademik münasibətlərinin yeni mərhələyə yüksəlməsinə xidmət edir.
Beynəlxalq seminarda Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrini təmsil edən alim və mütəxəssislər də iştirak ediblər. Tədbirə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Bakı Dövlət Universitetinin professoru Qabil Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Azərbaycan Tibb Universitetinin tibb üzrə fəlsəfə doktoru Ülviyyə Cəfərova, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin dekanı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Yusif Əliyev də dəvət olunublar.
Seminar çərçivəsində Azərbaycan və Özbəkistan arasında elm və təhsil əlaqələrinin perspektivləri, ortaq tarixi-mədəni irsin tədqiqi, Türk dünyasının intellektual potensialının inkişaf etdirilməsi və elmi əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən alim və tədqiqatçılar Azərbaycan və Özbəkistan arasında elmi əlaqələrin yalnız ayrı-ayrı sahələrlə məhdudlaşmadığını, fəlsəfə, tarix, ədəbiyyat, iqtisadiyyat, tibb, pedaqogika və digər elm istiqamətlərini də əhatə etdiyini qeyd ediblər. Bu istiqamətdə birgə konfransların, elmi seminarların, dəyirmi masaların və beynəlxalq layihələrin keçirilməsinin qarşılıqlı elmi əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Xüsusilə qeyd olunub ki, Azərbaycan və Özbəkistan arasında ortaq intellektual irsin öyrənilməsi iki ölkənin alimləri arasında elmi dialoqun genişləndirilməsi baxımından mühüm perspektivlər açır. Qarabaği kimi görkəmli mütəfəkkirlərin elmi və fəlsəfi irsinin müxtəlif aspektlərdən araşdırılması, onların əsərlərinin müasir elmi metodologiyalar əsasında tədqiqi və beynəlxalq elmi dövriyyəyə daxil edilməsi bu istiqamətdə aparılan araşdırmaların əsas prioritetlərindən biri ola bilər.
Beynəlxalq elmi seminarın keçirilməsi Azərbaycan–Özbəkistan elmi və humanitar əlaqələrinin inkişafı baxımından mühüm addım kimi qiymətləndirilib. Tədbir, eyni zamanda, iki ölkənin alimləri arasında yeni elmi əlaqələrin qurulmasına, mövcud əməkdaşlıqların genişləndirilməsinə və ortaq elmi-mədəni dəyərlərin beynəlxalq səviyyədə təbliğinə xidmət edib.
Seminarın yekununda Azərbaycan və Özbəkistan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın bundan sonra da ardıcıl şəkildə inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, ortaq tarixi və intellektual irsin elmi əsaslarla araşdırılması və gələcək nəsillərə çatdırılması Azərbaycan–Özbəkistan münasibətlərinin mənəvi və elmi əsaslarının daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.