Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.08.2026 12:46
  • A-
  • A
  • A+

Azərbaycan-Özbəkistan əbədi dostluğu tarixi köklərimizdən və folklor ənənələrimizdən güc alır

Azərbaycan-Özbəkistan əbədi dostluğu tarixi köklərimizdən və folklor ənənələrimizdən güc alır

Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında keçirilən görüşlər və aparılan genişmiqyaslı müzakirələr Azərbaycan–Özbəkistan əlaqələrinin siyasi, iqtisadi, humanitar və strateji istiqamətlər üzrə ardıcıl şəkildə dərinləşdiyini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində imzalanmış “Əbədi dostluq haqqında Müqavilə” iki dövlət və xalq arasında münasibətlərin mahiyyətini ifadə edən mühüm siyasi sənəd olmaqla, qarşılıqlı etimadın və qardaşlığın uzunmüddətli perspektiv üçün möhkəm hüquqi-siyasi əsasını formalaşdırır.

Bu fikirləri açıqlamasında AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev deyib.

Direktor qeyd edib ki, Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin bəyanatlarında xüsusi vurğulanan məqamlardan biri Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız müasir siyasi və iqtisadi maraqlardan qaynaqlanmadığı, bu əlaqələrin dərin tarixi, mədəni və mənəvi köklərə söykəndiyidir. Ortaq tarixi yaddaş, ümumi mənəvi dəyərlər, dil və mədəni yaxınlıq, ədəbiyyat, folklor və ənənəvi mədəniyyət xalqlarımız arasında əsrlər boyu formalaşmış doğmalığın əsas daşıyıcılarıdır. Dövlətlərimiz arasında siyasi və iqtisadi əməkdaşlığın hazırkı yüksək səviyyəsi ilə tarixi-mədəni irsimiz arasında üzvi bağlılıq mövcuddur.

O vurğulayıb ki, Azərbaycan Milli Elmlər Akademiyasında son illərdə həyata keçirilən islahat və yeniləşmə kursunun mühüm istiqamətlərindən biri türk xalqları ilə tarixi-mədəni köklərə əsaslanan münasibətlərin elmi müstəvidə daha da gücləndirilməsidir. Bu istiqamətdə mühüm körpülərdən biri, şübhəsiz ki, folklordur. Azərbaycan və Özbəkistan xalqlarının ortaq folklor ənənələri, etnik qohumluğa əsaslanan ümumi mədəni xəzinəsi dövlətlərimiz və xalqlarımız arasında mövcud olan sıx münasibətlərin tarixi-mədəni əsaslarını təşkil edən mühüm amillərdəndir. Folklor bu baxımdan yalnız keçmişin yaddaşı deyil, xalqlarımızın bir-birini daha dərindən tanımasına, ortaq mənəvi dəyərlərin elmi şəkildə öyrənilməsinə və müasir əməkdaşlıq müstəvisində yenidən aktuallaşdırılmasına xidmət edən canlı mədəni körpüdür. AMEA Folklor İnstitutunun Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə son illərdə qurduğu sistemli əlaqələri həmin böyük siyasi xəttin elmi-humanitar müstəvidəki mühüm təzahürlərindən biri kimi qiymətləndiririk.

Azərbaycan və özbək folklorunun müqayisəli tədqiqi göstərir ki, dastanlarımızda, nağıllarımızda, mərasim folklorunda, musiqi ənənələrimizdə, atalar sözləri və məsəllərimizdə, aşıq və baxşı sənətində, mifoloji təsəvvürlərdə və digər folklor nümunələrində həm ortaq türk mədəni kodunun, həm də hər iki xalqın tarixi inkişaf prosesində qazandığı özünəməxsus xüsusiyyətlərin zəngin və çoxqatlı sistemi mövcuddur. Məhz bu elmi və mədəni zəmin üzərində AMEA Folklor İnstitutu ilə Özbəkistanın elmi və ali təhsil müəssisələri arasında son illərdə sistemli əməkdaşlıq münasibətləri formalaşıb. Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun Fərqanə filialı ilə əməkdaşlıq memorandumunun imzalanması ilə başlayan bu proses sonrakı illərdə Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu, Əbu Reyhan Biruni adına Urgənc Dövlət Universiteti, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi və Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu ilə əməkdaşlıq sənədlərinin imzalanması ilə daha da genişlənib. AMEA Folklor İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumunu yeni mərhələnin mühüm başlanğıcı kimi qiymətləndirmək olar. Bu sənəd iki qardaş ölkənin folklorşünaslıq məktəbləri arasında sistemli və uzunmüddətli elmi əməkdaşlığın inkişafı üçün mühüm institusional əsas yaradır.

Azərbaycan və Özbəkistan alimlərinin iştirakı ilə keçirilmiş beynəlxalq simpozium və konfranslar elmi əlaqələrimizin praktiki nəticələrini nümayiş etdirir. “Türk dünyasında milli kimlik və mədəni miras”, “Türk xalqları folklorunun müqayisəli tədqiqat məsələləri”, “Filologiya və sənətşünaslığın aktual məsələləri”, “Etnofolkloristikanın nəzəri məsələləri” kimi mövzular ətrafında keçirilən elmi tədbirlər Azərbaycan və özbək folklorşünaslarının ortaq problemlər ətrafında fikir mübadiləsi aparmasına, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə və gənc tədqiqatçılar arasında akademik əlaqələrin möhkəmləndirilməsinə imkan verir. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri folklorun yalnız mətn səviyyəsində deyil, onun yarandığı və yaşadığı sosial-mədəni mühitlə birlikdə öyrənilməsidir. Azərbaycan və Özbəkistan folklorşünaslığının qarşısında duran əsas vəzifələrdən biri ortaq folklor hadisələrini müqayisəli şəkildə araşdırmaqla yanaşı, onların müasir sosial-mədəni mühitdə necə yaşadığını, yenidən istehsal olunduğunu və yeni kommunikasiya məkanlarında necə transformasiya etdiyini müəyyənləşdirməkdir. Bu baxımdan ortaq sahə tədqiqatlarının aparılması, folklor materiallarının rəqəmsal arxivləşdirilməsi və müasir metodologiyalar əsasında müqayisəli folklorşünaslıq tədqiqatlarının həyata keçirilməsi xüsusi perspektiv vəd edir.

AzərTac

  • Paylaş: