Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.02.2021 16:22
  • A-
  • A
  • A+

YT Parkın rezidentləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

YT Parkın rezidentləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) sözügedən müəssisənin rezidentləri olan “İNKOR” MMC, “Aşqar” Elmi İstehsalat Birliyi, “Dadaş-N” MMC və “Bakı Polimer İstehsalat” MMC-nin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə YT Parkın baş direktoru, professor Əbülfəz Babayev, icraçı direktor Vasif Abbasov, direktor müavinləri Zahir Nəsibov və Zaur Nəhmətov, eləcə də Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov, “İNKOR” MMC-nin direktoru Vüqar Fərəcov və digər məsul şəxslər iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün birgə fəaliyyətin təşkili, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və onların gələcəkdə reallaşması üçün zəruri addımlar atmaqdan ibarət olub.

Tədbiri giriş sözü ilə açan professor Əbülfəz Babayev AMEA Yüksək Texnologiyalar Parkında innovativ texnologiyaların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi və tətbiqinin iqtisadiyyatda qeyri-neft sektorunun həcminin yüksəldilməsinə, yaradılan texnoparkların vahid sənaye eləcə də istehsal prosesinin tərkib hissəsinə çevrilməsinə və nəticədə onların daha da dayanıqlığının, səmərəliliyinin artırılmasına geniş imkanlar açacağını bildirib. Qeyd edib ki, bunun üçün ilk növbədə beynəlxalq tələblərə cavab verən tədqiqat laboratoriyası, təcrübə sınaq qurğuları, təcrübəli ixtisaslaşdırılmış kadrlardan ibarət layihə konstruktor bürosu yaradılmalı və bu istiqamətdə institutların mövcud potensialından istifadə imkanları araşdırılmalıdır.

Professor Ə.Babayev bildirib ki, müasir tələblərə cavab verən elmi nəticələr - təcrübə sınaq mərhələsi, texniki iqtisadi təhlil - layihələndirmə və istehsalata tətbiq mərhələlərinin səmərəliliyinin təmin edilməsi üçün AMEA-nın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturlarında fəaliyyət göstərən institutlarda aparılan elmi-təqdqiqat işlərinin müvafiq istiqamətlər üzrə məlumat bazalarının yaradılması, onların əsasında respublika iqtisadiyyatının inkişafı, mövcud və perspektiv fəaliyyət istiqamətlərini əhatə edən, müasir tələblərə cavab verən texnologiyaların hazırlanması və tətbiqi istiqamətində əsaslı işlərin aparılması YT Parkın fəaliyyətinin prioritetlərini təşkil edəcəkdir.

Daha sonra çıxış edən akademik Vaqif Abbasov “İNKOR” MMC-nin Parkda həyata keçirilən layihələrdə yaxından iştirak etdiyini vurğulayıb. O, neft-kimya, neft emalı, aqrokimya, dərman vasitələri istiqamətlərində aparılan birgə əməkdaşlıq əlaqələrini gələcəkdə daha da inkişaf etdirməklə yüksək nəticələr əldə olunacağına əminliyini bildirib.

Görüşdə “İNKOR” MMC ilə qeyd olunan istiqamətlərdə birgə fəaliyyəti təmin etmək üçün ikitərəfli İşçi qrupunun yaradılması qərara alınıb.

“Aşqar” Elmi İstehsalat Birliyinin direktor müavini Fəxrəddin Kərimov çıxış edərək elmi-tədqiqat işlərinin sənayeyə tətbiqi ilə işlənib hazırlanmış və xüsusilə neft sənayesində istifadə olunan strateji əhəmiyyətli məhsullar olan inhibitorların istehsalı ilə bağlı məlumat verib. F.Kərimov, həmçinin müəssisənin gələcək fəaliyyət  istiqamətlərindən danışıb, ona ünvanlanan sualları cavablandırıb.

Azərbaycanda sənaye üsulu ilə xalça istehsalını həyata keçirən yeganə şirkət olan “Dadaş-N” MMC-nin direktoru Nəsimi Dadaşov müəssisədə Azərbaycanın qədim xalçaları və müasir üslubda toxunan xalçaların istehsalı üçün innovativ texnologiyaların tətbiq olunduğunu bildirib. O, ən son avadanlıqlardan hesab olunan Belçika istehsalı olan kompüter proqramlı oxucu dəzgahından istifadə ediləcəyini və müxtəlif ölçülü xalçaların istehsalının həyata keçiriləcəyini vurğulayıb.

Sonra “Bakı Polimer İstehsalat” MMC-nin direktoru Cavid Hüseynov çıxış edərək təmsil etdiyi müəssisənin 5 ildən çoxdur ki, Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olduğunu bildirib. Qeyd edib ki, indi isə həmin məhsulların YT Parkda istehsalının həyata keçirilməsi planlaşdırılır.

Tədbirdə iştirak edən rezidentlərin fəaliyyətləri zamanı qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb, hər bir rezident üzrə perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, istehsal həcminin artırılmasına dair təklif və tövsiyələr səsləndirilib.

Sonda “Dadaş-N” MMC-nin direktoru Nəsimi Dadaşova rezidentlik şəhadətnaməsi təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: